Mən həmişə bir şeyə görə Rövnəq Abdullayev və Qorxmaz Hüseynovdan inciyərdim

0
339

Mən vaxtı ilə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovla bir yataqxanada qalmışam. Bu sözləri modern.az-a müsahibəsində 78 saylı Lerik seçki dairəsinin deputatı İqbal Məmmədov deyib. O xatirələrindən danışarkən təyinatla Neft Daşlarına düşdüklərini bildirib: “Çox yaxın dostlarıq. Xalq Təsərrüfatı İnstitutunu (indiki İqtisad Universiteti) bitirənlərdən imkanlılar çox idi, onları yaxşı yerlərə təyin edirdilər. Bizim kimi adamı olmayanlar isə Neft Daşlarına göndərilirdi. Bu gün hərəsi dövlətdə yüksək vəzifədədir. Mən Lerikdə olan problemləri onlara rahatlıqla danışa bilmişəm”.

Millət vəkili Rövnəq Abdullayev haqda bunları deyib: “Çox sadə adamdır. Uşaqla uşaq, böyüklə böyük kimidir. Rövnəq müəllim SOCAR-ın prezidenti təyin ediləndə Lerikə gəlmişdi. Biz gənclik zamanlarımızda da Lerikə çox gedərdik. Mən də Naxçıvana, onun yaşadığı yerə getmişdim. Rövnəq müəllim gəlib öz sözünü rəhbərliyə çatdırdı. Lerik 2006-cı ildən sonra tamamilə dəyişdi.

Rövnəq müəllimlə çox rayonlara getmişik. O, bəzi məmurlardan fərqli olaraq heç zaman tək yemək yeməz. Rövnəq müəllim, hamını stolun başına yığır”.

İqbal Məmmədov yataqxanada qaldığı illərlə bağlı da maraqlı açıqlama verib: “Çilov adasında idik. Bir dəfə güclü külək əsirdi. Rövnəq Abdullayev də estakadada idi, oradan çıxa bilmirdi. Gəmi də ora yaxınlaşa bilmirdi, vertolyot da otura bilmirdi. Onlar da ac idi. Vertolyot uçarkən çörəyi kisə ilə estakadaya atmışdılar. Çox qorxulu idi. Rövnəq Abdullayevin çox gözəl yoldaşlığı var. Yaxşı yeməklər bişirə bilirdi. Mən həmişə bir şeyə görə Rövnəq Abdullayev və Qorxmaz Hüseynovdan inciyərdim. Mənə qabları yuduzdururdular. Çünki yemək bişirməyi bacarmırdım.

Rövnəq müəllim, kartofu qazana lay-lay qoyurdu, üstünə balıq, üstünə pomidor, onun da üstünə soğan qoyub bişirirdi. O qədər dadlı olurdu ki! Hər kəsə Rövnəq Abdullayev kimi dostun qismət olmasını arzulayıram.

İndi neftçilər, onların sosial durumu üçün əla şərait yaradılıb. Rövnəq müəllim özü də neftçi işləyib deyə, fəhlələrin qeydinə qalır. Çox kövrək adamdır”.

 Rövnəq Abdullayevlə hər gün görüşdüyünü deyən millət vəkili bildirib ki, səhər tezdən 7-nin yarısında onunla fitnes salonunda idman edir.