“Mən elə sizi tərk etməklə sualınıza cavab verdim”

517

Görkəmli aktyor, Xalq artisti Həsənağa Turabovun vəfatından (1938-2003) 14 il ötür. O, bir çox filmlərdə (“Yeddi oğul istərəm”, “Babək”, “Dantenin yubileyi”, “Nizami”, “Bəyin oğurlanması”, “Qəm pəncərəsi” və s.) unudulmaz obrazlar yaratdı (100-dən çox kinofilmə çəkilib), rejissor kimi Ə.Mahmudovla birgə “Qaçaq Nəbi” (“Atları yəhərləyin”) filmini çəkdi və bu ekran əsərinin baş qəhrəmanını canlandırdı. Bədii qiraət ustası kimi tanındı, filmlərin səsləndirilməsində iştirak etdi, bir pedaqoq kimi sözünü dedi.

Onu da deyim ki, Həsənağa Turabov 1960-cı ildən Akademik Dram Teatrında çalışıb, 1987-2001-ci illərdə teatra rəhbərlik edib. H.Turabov “Şeyx Xiyabani”də Xiyabani, “Bizim qəribə taleyimiz”də Kamran, “Mənsiz dünya”da Kərbəlayi, “Hamlet”də Hamleti,”Sizi deyib gəlmişəm”də Cəlil Məmmədquluzadə rollarını oynayıb. Mən bu kiçik yazımda onun xidmətlərindən daha ətraflı söz açmaq istəmirəm. Çünki atalar demişkən, görünən dağa nə bələdçi… Bəli, o, həqiqətən də, sənət aləmimizin dağı idi.

Mənim Həsənağa müəllimlə qiyabi tanışlığım onun 1970-ci ildə çəkilmiş “Yeddi oğul istərəm” filmindəki (rejissor Tofiq Tağızadə) Gəray bəyi ilə olub. Nə gizlədim, Cəlalı öldürtdüyünə görə ona o qədər qızmışdım ki… Lakin sonradan tale elə gətirdi ki, mən onunla Akademik Dram Teatrında görüşməli və müsahibə almalı oldum. O məni çox səmimi qarşıladı. Buna rəğmən, çox qayğılı görünürdü. Həsənağa müəllimə ilk sualım elə uşaqlıq illərimdə onunla bağlı məndə yaranmış təəssürat oldu. O sakitcə: “Burada qeyri-adi nə var ki? – dedi və əlavə etdi: “Gəray bəyə görə mənə o qədər hiddətlənən olub ki… Bir də axı mən yalnız rejissorun dediklərini etmişəm”. Daha sonra Həsənağa müəllim yaradıcılığı ilə bağlı ünvanladığım suallarıma təmkinlə cavab verməyə başladı. Müsahibənin sonuna yaxın Həsənağa müəllimə dünyasını dəyişmiş oğlu ilə bağlı sual verəndə o birdən yerindən qalxdı və məni tərk etdi… Güman etdim ki, bir azdan qayıdar. Lakin o qayıtmadı… Axşamüstü onu telefonla aradım və sualıma aydınlıq gətirməsini xatırlatdım. O: “Mən elə sizi tərk etməklə sualınıza cavab verdim”, – dedi…

Bəli, o, özü ilə birgə “Mənim ailəm, mənim uşaqlarım” filminə çəkilmiş, gənc yaşlarında ikən vəzifə borcunu yerinə yetirərkən öldürülmüş (1997-ci ilin mart ayınada) oğlunu – Daşqını çox sevirdi. Elə oğul həsrəti də ona dağ çəkdi. Deyilənlərə görə, oğlunun faciəli ölümünə dözə bilməyən böyük sənətkar ömrünün son anında da “Daşqın!” deyə keçinib.

Qvami