“Mən dünyanı öz dünyamda yaşadım”

650

Baharın gəlişi, təbiətin oyanışı insanda istər-istəməz kövrək duyğular oyadır. Biz də elə ona görə şeirlərində bahar təravəti, sədaqət, vətənpərvərlik hissi duyulan tanınmış gənc şair Elvin Mütaliboğlu ilə  şəhərin ən gözəl məkanlarından biri olan “Sahil” parkında görüşdük. Elə söhbətimizi də bu güllü-çiçəkli məkanda davam etdirdik. Elvinin bütün yaradıcılığı əxlaqın və mənəvi təmizliyin üzərində qurulub. Günümüzün ağrılarının, faciələrinin, qəhrəmanlıqlarının nümunəsini qələmə alan şair Azərbaycan poeziyasının, həqiqətən, qiymətli incisini yaradır. Onun sözlərinə çoxlu sayda musiqi bəstələnib.

Elvinin hələ məktəbli olarkən şeirə, ədəbiyyata çox böyük marağı olub. Özünün dediyi kimi, məktəbli olarkən yazdığı şeirlərini ədəbiyyat müəlliməsi Fatma müəllimə çox yüksək dəyərləndirib: “Özüm ixtisasca iqtisadçı olsam da, şeirə, ədəbiyyata uşaqlıqdan marağım olub. Zaman-zaman yazdığım şeirləri qəzetlərə, jurnallara verməyə başladım. İlk şeirimi 5-ci sinifdə oxuyarkən yazmışam. Amma qafiyə problemim olurdu. Sonralar şeirin dərinliklərinə getdikcə anladım ki, şeir belə yazılmır. 20 yaşımda “Həmin o röyalar yaşadır məni” ilk şeir kitabım işıq üzü gördü. 2009-cu ildə iki kitabım – “Mən dünyanı öz dünyamda yaşadım”, “Mənim də səmada bir ulduzum var”  çapdan çıxıb. 2010-cu ildə yarımçıq qalmış “Con Perlinin ruhları” romanını  tamamladım. Onu da deyim ki, bu əsəri bir neçə il öncə yazmağa başlamışdım. Bu kitab işıq üzü gördükdən sonra bəzi media qurumları mənim haqqımda müxtəlif fikirlər səsləndirdi. Mən bu romanda öz yazıçılıq qabiliyyətimi sınaqdan keçirirdim, həm də bu, ilk romanım idi. Daha sonra sayca 5-ci kitabım olan dahi ustadımız Nizami Gəncəvinin ruhuna ehtiram əlaməti olaraq “Xəmsə”ni qələmə aldım”.

Onu da qeyd etməyə dəyər ki, kitabdakı mövzular maraqlı olduğu qədər də ibrətamizdir. Sərbəst vəzndə yazılan kitaba “Söz xəzinəsi”, “Qanadlanmış duyğular”, “İnci”, “Üç qardaş”, “Səfərnamə” əsərləri daxildir. Gənc şair  bundan sonra da yazdıqları ilə kifayətlənmir və hal-hazırda iki roman üzərində işləyir. “Xəyalpərəst dedektiv”, “Əlvida, həyat” romanlarıdır. Bu ilin sonlarına kitabları tamamlamaq fikrindədir. Gənc yazar mədəniyyət və incəsənət sahəsində göstərdiyi xidmətlərinə görə “Ustad sənətkar” ali media mükafatına da layiq görülüb. Bütün bu nailiyyətlərə arxayın olmayan gənc şair gənclərin bilik və bacarıqlarını daha da artırılması məqsədi ilə 2011-ci ilin 2 fevralında “Gənclik” elektron kitabxanasını qurub: “Kitabxananı qurmaqda başlıca məqsəd ondan ibarətdir ki, gənclərimizin kitaba olan maraq dairəsini, bilik səviyyəsini daha da zənginləşdirək. Elektron kitabxana dörd il özünü doğrultdu. Qısa zaman ərzində kitabxana geniş oxucu auditoriyası qazandı. Biz bu elektron kitabxananı yaratdıqdan sonra onu öyrənə bildik ki, kitaba maraq az deyilmiş. Sadəcə olaraq, kitabların bir müddət az oxunmasının səbəbi gənclərin kağız kitaba marağının az olması idi. Lakin elektron kitabxana yaradıldıqdan sonra gördük ki, gənclər arasında bir fəallıq hiss edilir. Kitabxananı bir neçə dəfə dağıldıqdan sonra bərpa edə bildim, sonralar isə müəyyən səbəblərdən kitabxanamızı qoruyub saxlaya bilmədik, kitabxana cəmi 4 il fəaliyyət göstərə bildi. Sahə adına başqaları tərəfindən əl qoyuldu və bizim külli miqdarda ödənişlərimiz də batdı. Sadəcə, arxasında duran olmadığına görə kitabxana məhv oldu”.

Gənc şair maraqlı ideyalar müəllifi kimi ictimaiyyətin sevimlisinə çevrilib. O davamlı olaraq yeniyetmə və gənclərin intellektual bacarıqlarının artırılması üçün bir sıra sahələr üzrə müsabiqələrin keçirilməsində təşəbbüs göstərib, təşkilatçılıq edib. O hətta balaca uşaqları da yaddan çıxarmır – “Banu və onun dostları” adlı cizgi filmi də çəkib. Hələlik, 15 seriyası hazır olan cizgi filmi xüsusi kompyuter proqramı əsasında yığılır. Cizgi filminin baş qəhrəmanı Banu bir arı balasıdır. Banu dostları ilə yaşadığı meşəni mühafizə edir və onu şər qüvvələrdən qoruyur. Filmdə əsas süjet xəttini dostluq və təbiətin qorunması təşkil edir. Elvin deyir ki, bu işi həyata keçirməkdə əsas məqsəd gənclərə müasir texnologiyalardan düzgün istifadə etməyi və yaşadığımız ərazidə ekologiyanı qorumağı aşılamaqdır: “Həm də ki əksər cizgi filmlərimiz var ki, Azərbaycanın istehsalı olduğu bilinmir. Düzdür, yerli cizgi filmlərimiz var, ancaq onların zamanı müəyyən mənada keçib. Cizgi filmlərimizin sayı az olduğundan təkrar-təkrar verilən cizgi filmini artıq  uşaq əzbərləyir. Bu da ondan irəli gəlir ki, bizim cizgi filmlərimiz yox dərəcəsindədir. Bu cizgi filmi yenilik gətirəcək və uşaqlarımız öz boş vaxtlarını dəyərləndirə biləcək. Cizgi filminin nümayişi bu ilin sentyabr ayında gözlənilir”.

Sonda onu da qeyd edək ki, gənclik istedadını reallaşdırmaq dövrünün başlanğıcıdır. Əgər insan gənclikdəki gücündən istifadə edib, öz istedadını ortaya qoya bilsə və onu doğru yola istiqamətləndirsə, istədiyinə çatmaqda ona heç nə mane ola bilməz. Biz də Elvinə yeni-yeni uğurlar arzulayırıq.

Esmira Hidayətova, Mingəçevir