“Mən bu səhnəni çəkməyə bilməzdim”

Rəssam Çingiz Mehbalıyev tarixi mövzuda daha bir rəsm əsəri çəkib. AzərTAc-ın məlumatında bildirilir ki, bBu əsər “Xurşidbanu Natəvan və Aleksandr Dümanın şahmat oyunu” adlanır.
Rəssamın sözlərinə görə, əsərin mövzusu real tarixi hadisədən götürülüb. Tarixdən məlumdur ki, “Üç muşketyor” və “Qraf Monte Kristo” kimi klassik əsərlərin müəllifi olan yazıçı Aleksandr Düma 1858-1859-cü illərdə Qafqaza səfəri zamanı müəyyən müddət Azərbaycan ərazisinə səyahət edib. 1859-cu ilin aprel ayında isə A.Dümanın 3 cilddən ibarət Qafqaz səyahətinin təəssüratları (“İmpression de Voyage Le Caucase”) Parisdə fransız dilində nəşr olunub.
Bakı məhəllələrinin birinin polismeysteri Piquliyevskinin evində qonaq olan Aleksandr Düma orada Xurşidbanu Natəvan və onun həyat yoldaşı, knyaz Xasay Usmiyev ilə tanış olur. Onların arasında səmimi dostluq münasibətləri yaranır. Fransız yazıçısı Düma Azərbaycan şairəsi Natəvan ilə şahmat oynayır. Oyunun nəticəsi isə çox yaddaqalan olur. Natəvan Dümanı mat edir. Natəvan Dümaya qalib gələrkən ondan yaşca xeyli kiçik idi. Natəvanın cəmi 26, Dümanın isə 56 yaşı vardı.
“Bu tarixi hadisə məni ilhamlandırıb və yenidən malbert arxasına keçməyə həvəsləndirib. Natəvanın Dümaya qalib gəlməsi Azərbaycan qadınının simasında xalqımızın müdrikliyini, iti ağlını göstərir və mən bu səhnəni çəkməyə bilməzdim”, -deyə rəssam bildirir.
Rəsmdə Natəvan və Dümanın üz-üzə oturub şahmat oynaması təsvir edilib. Oyunda Xurşidbanu Natəvanın Aleksandr Dümanı necə sıxışdırdığını açıq-aşkar görmək olar. Dümanın bütün daşları vurulub, Natəvan isə sonuncu həlledici gedişini etməyə hazırlaşır. Düma bu gedişin necə yekunlaşacağını yaxşı bilir və bu səbəbdən də əlini oyundan üzərək məyus halda şahmat taxtasına baxır. Bunun əksinə olaraq Natəvan uğurlu gediş edir və Dümanın gözlərinin içinə cəsarətlə baxmaqdan çəkinmir.
“Real tarixi faktları əhatə edərək Natəvan və Dümanın şahmat oynaması səhnəsini çəkmək üçün bir müddət araşdırma apardım. İstədim ki, çəkdiyim bu rəsm öz dövrünün tarixi mənzərəsini, geyimlərini və ənənəsini əks etdirsin”, – deyə Çingiz Mehbalıyev bu rəsmi çəkməyə başlayarkən qarşısına qoyduğu hədəfi açıqlayır.
“Düma və Natəvanın görüşü Bakıda baş tutduğundan rəsmdəki otağın pəncərəsindən İçərişəhər və Qız qalası görünür. Natəvanın sol tərəfində olan taxçadakı güldanın içində isə Xarı bülbül gülünü görmək olar. Bu da Xan qızının əslən Şuşadan olmasına işarə edir. Natəvan azad qadın simvolu olaraq bu rəsmdə başı açıq-örpəksiz təsvir edilib. Dümadan sağdakı dolabın üstündə isə İmperator Napoleonun büstü qoyulub”, – deyə rəssam əlavə edir.
Tarixdən məlumdur ki, Aleksandr Dümanın atası Napoleon ordusunun generalı olub. Bu səbəbdən də Dümanın Napoleona olan rəğbəti başadüşüləndir. Düma şahmat oyununda məğlub olandan sonra Natəvanın ağlına heyranlıq əlaməti olaraq Parisdən gətirdiyi Napoleonun büstünü və fil sümüyündən düzəldilmiş zərif şahmat fiqurunu ona hədiyyə edib.
“Natəvanın üz cizgilərini çəkmək üçün tarixi fotolardan faydalansam da, onun barmaqlarındakı zəriflik və incəliyi real həyatda tanıdığım xanımın barmaqlarından götürmüşəm”, – deyə rəssam təbəssümlə bildirir.
İndiyədək Aleksandr Dümanın Qafqaza səyahətindən və Xurşidbanu Natəvan ilə görüşündən bəhs edən bir çox bədii əsərlər (şair Məmməd Rahimin “Natəvan” poeması, yazıçı İlyas Əfəndiyevin “Xurşudbanu Natəvan” pyesi və bəstəkar Vasif Adıgözəlovun “Natəvan” operası) meydana gəlsə də, bu mövzuda heç bir yaddaqalan rəsm əsəri çəkilməyib. “Mənim çəkdiyim “Xurşudbanu Natəvan və Aleksandr Dümanın şahmat oyunu” rəsmi bu mövzuda çəkilən ilk rəsm əsəridir”, – deyə rəssam Çingiz Mehbalıyev öz fikrini tamamlayır.

AzərTac