“Mən bu etimadı doğrultdum”

Sevindirici haldır ki, həm “İlin ən yaxşı məktəbi”, həm də “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibləri içərisində Mingəçevir təmsilçiləri də var. Bu münasibətlə biz də həmin məktəblərin direktorlarını və müəllimlərini təbrik edirik. “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi isə şəhid Noel Ahəngəri adına 13 saylı Tam Orta Məktəbinin ingilis dili müəlliməsi Gülnaz xanım Hacıyevadır. Gülnaz müəllimə və məktəbin direktoru Tünzalə Əfəndiyeva ilə görüşüb, onların sevinclərini bölüşdük. 42 illik pedaqoji fəaliyyəti olan bu məktəbin uğurları barədə, əvvəlcə, direktor Tünzalə Əfəndiyeva qısa məlumat verdi: “Yola saldığımız 2014-cü ildə məktəbin 40 illik məzunları ilə ilk görüşümüzü keçirdik və onların arasında çox yüksək səviyyədə cəmiyyətdə özünə layiqli yer tutan insanları gördüm. Belə qənaətə gəldim ki, məktəbimizin ötən illəri, doğrudan da, səmərəli olub. Kollektivimizin amalı, məqsədi ondan ibarətdir ki, yetişdirdiyimiz hər bir şagird cəmiyyətdə öz layiqli yerini tuta bilsin, vətəninə, dövlətinə faydalı bir insan olsun və s. Fərəhli haldır ki, məktəbimiz beynəlxalq olimpiadalarda da uğurla çıxış edib və gümüş, bürünc medallar qazanıb. O cümlədən məktəbimizin çalışqan, şagirdlərlə işini yaxşı qura bilən müəllimləri də çoxdur. Onlardan biri də Gülnaz müəllimədir ki, bu gün mən çox böyük bir fərəh hissi ilə onun qələbəsi haqqında danışıram. Onu da deyim ki, müəllimin savadlı olması hələ tam şərt deyil. Müəllimin savadı ilə yanaşı, şagirdə yanaşma bacarığı da olmalıdır. Şagirddə əgər istedad varsa, müəllim onu üzə çıxarmaq bacarığına malik olmalıdır. Əgər şagird müəllimi sevirsə və o öz gözündə müəllimi ideallaşdırırsa, həmin müəllimin şagirdə nə isə verməsi haqqında danışmaq olar. Bax bizim Gülnaz müəllimə belə müəllimələrdəndir. Bir faktı açıqlayım, bizim bir sinfimiz var idi ki, bu sinfin enerjisi o qədər çox idi ki, bütün müəllimlər o sinifdən narazılıq edirdilər. Amma həmin sinfi Gülnaz müəlliməyə tapşırandan sonra şagirdlər həmin enerjilərini həm dərsə, həm də məktəbin ictimai işlərinə sərf etdilər. Bu sinfin yetirmələri indi də Gülnaz müəllimə ilə əlaqə saxlayır, məktəbimizin müxtəlif tədbirlərinə də qatılırlar”.

Məlumat üçün bildirək ki, Gülnaz Hacıyeva ingilis dili fənnindən dərs deyir, müasir təlim texnologiyaları və üsulları üzrə kompleks tədbirlər keçir, keyfiyyət göstəriciləri ilə fərqlənən müəllimlərdən biridir. Eyni zamanda “sülh könüllüləri”nin məktəbə cəlb olunmasında bu müəllimənin rolu danılmazdır. Bu könüllülər sayəsində məktəbdə şagirdlər təmənnasız ingilis dilini öyrənirlər. Xüsusilə də imkansız ailələrin uşaqları bu fürsətdən faydalanırlar. Həmçinin şagirdlərin bir neçəsi Amerikada təhsil almaq fürsəti də qazanıb. Onu da qeyd edək ki, Gülnaz müəllimə 2000-ci ildən 13 saylı tam orta məktəbində çalışır. Eyni zamanda Mingəçevirdə Azərbaycan-İngilis Dili Müəllimləri Birliyinin rəhbəridir.

Öncə onlara hər cür şərait yaradan ölkə Prezidentinə minnətdarlıq bildirən müəllimə məktəb direktoruna da öz təşəkkürlərini bildirdi: “Son illər ölkəmizdə təhsilimizə göstərilən böyük dövlət qayğısı hər kəs kimi məni də sevindirir. Bütün müəllimlərə belə bir günü yaşamağı arzulayıram”. “İlin ən yaxşı müəllimi” adını aldığım gün mənim həyatımda unudulmaz, sevinc dolu bir gün idi. Mən övladlarımıza bilik verən sadə və sıravi müəllimlərdən biriyəm. Müəllim adı, ulu öndərimizin qeyd etdiyi kimi, yer üzündə ən şərəfli addır. Hər bir uğurlarımıza görə direktorumuza minnətdarlıq bildirirəm. Bu gün mənim öz ayaqlarım üstündə durmağımda onun əməyi böyükdür. O, mənə inandı, məni bu müsabiqəyə həvəsləndirdi və nəticədə mən bu etimadı doğrultdum. Təbii ki, hər bir məktəb direktoru müəlliməyə dəstək olarsa, o inkişaf edə, irəliləyə bilər. Bu ümidlərlə mən də sənədlərimi “İlin müəllimi müsabiqəsi”nə təqdim etdim. Birinci mərhələdən yüksək bal topladım. İkinci mərhələdə Bakı şəhərinin 44 saylı məktəbində bir gün dərs keçdim və dərsim çox uğurlu alındı. Onu da əlavə edim ki, mənə orada çıxışımdan əlavə, çoxlu suallar ünvanladılar, layihələrim haqqında maraqlandılar. Onu da bildirim ki, mən “British Council” təlimçisiyəm, eyni zamanda Amerika Səfirliyinin də müəllimiyəm, regionlarda ingilis dili dərsləri keçirəm. Xaçmaz və Gəncə müəllimlərinin ingilis dili dərslərini izləməyə gedəcəyəm. Təhsil Nazirliyinin və “Mədət” təşkilatının xətti ilə hal-hazırda layihəyə qoşulmuşam və bu layihə çərçivəsində Almaniya, Fransa və Azərbaycan təmsillərinin tarixi haqqında araşdırma aparıram. May ayının 25-26-da Mingəçevirdə böyük təqdimatım olacaq. Təhsil Nazirliyindən və “Mədət” təşkilatından da qonaqlarımız olacaq”. Qeyd edək ki, Gülnaz müəllimənin yetirmələri içərisində məktəbi qızıl medalla bitirənlər də var. Bu il 9 şagirdi yüksək bal toplayaraq ali məktəbə qəbul olub. Sonda Gülnaz müəllimə öz arzularını da dilə gətirdi: “Bu il yanvar ayının 17-də Amerikadan yay müddətində təhsil aldığım universitetin professor heyəti Azərbaycana gələcək. Onlar çalışdığım Mingəçevir şəhər 13 saylı məktəbə gələcəklər. Açığını deyim, məktəbimizin təmirsiz, şəraitsiz olması məni narahat edir. Çünki biz Amerikada olarkən onların məktəbləri ilə yaxından tanış olduq və çox məmnun qaldıq. Təbii ki, biz qonaqlara başa salacağıq ki, məlum səbəblərdən məcburi köçkünlərimiz məktəblərdə yerləşdiyi üçün orta məktəblərdə tam təmir-bərpa işləri aparılmayıb.  Ümid edək ki, onlar bizi başa düşəcəklər”.

Esmira Hidayətova, Fuad Bayramov, Mingəçevir