“Mən “Ə”dən əsər-əlamət yoxdur”

1085

(“Ə” hərfinin monoqu)
– Yəqin, bilənlər bilir, qoy bilməyənlər də bilsinlər: mən Azərbaycan əlifbasının yeddinci hərfiyəm. Hərdən məndən nida kimi də istifadə olunur. Bu qısa tanışlıqdan sonra keçirəm dərdimin izharına. Bilmirəm dərdimə şərik olan olacaq, ya yox? Yenə deyirəm, bilənlər bilir, qoy bilməyənlər də bilsinlər ki, həmkarlarımla müqayisədə mənim başım çox müsibətlər çəkib və çəkməkdədir. Bu mənada həm elmi, həm də siyasi arenalarda çox olmuşam və olmaqdayam.
Adını çəkib ruhunu narahat etmək istəmədiyim bir akademik hətta bir müddət əvvəl məni uğursuz adlandıraraq əlifbamızdan çıxarılmağımı, yaxud da üstündə iki nöqtə olan “a” kimi verilməyimi təklif etmişdi (Məlumat üçün bildirək ki, “ə” hərfi 1992-93-cü illərdə üstündə iki nöqtə olan “a” kimi yazılıb. Lakin sonradan bunun süni yazılış forması olduğu qənaətinə gəlinərək “ə” hərfinin əvvəlki formada yazılışına başlanılıb-red). Nə var, nə var, mən kompyuterə münasib deyiləm. (Halbuki yaşı yüzü haqlamış bir hərf kimi deyə bilərəm ki, heç rus dönəmində mənim kefimə belə soğan doğramamışdılar). Sözün düzü, o zaman bu məsələ qalxanda demək istədim ki, bəs deyilmi əlifba ilə, mənimlə oynadığınız? Ay akademik, necə olur ki, kompyuterdə çin heroqliflərini, ərəb işarələrini, hind hərflərini yazmağın yolu tapılır, amma adi bir “ə” hərfini yazmaq mümkün olmur? Amma abır-həya etdim, dinmədim. Nə yaxşı ki, həmin akademikin təklifi keçmədi.
(Hə, bu yerdə bir neçə gün öncə əlimə keçmiş bir beşlik yadıma düşdü. Bilmirəm, fikir vermisiniz, ya yox 5 manatlıq əskinasımızın üzərində çox aydın şəkildə görünən yan-yana “Ə-Ə” hərfləri yazılıb. Mən bu haqda çox düşünəndən, çox araşdırmalar aparandan sonra bu qərara gəldim ki, sən demə, bu, milli valyuta dəyişən ərəfədə maliyyə naziri olmuş Əvəz Ələkbərovun təxəyyülünün məhsulu imiş. (Yəni Ə-Ə onun ad və soyadının baş hərfləri imiş). Yenə sağ olsun, o kişi məni milli valyutamızın üzərində beləcə əbədiləşdirib. Bu mənada mən öz həmkarlarımdan daha çox bəxtəvərəm).
Nə qədər qəribə olsa da, mənə qarşı biganəlik hələ də davam edir. Məni yandıran odur ki, özü də bu biganəlik minlərlə insanın gözü qarşısında baş verir. Necə? Tələsməyin, izah edəcəyəm. İndi bu və ya digər supermarketə baş çəkməyən, bu ticarət obyektlərindən məhsul almayan adam, demək olar ki, təsəvvür etmək çətindir. İndi sizdən soruşuram: məhsul aldıqdan və qiymətləri hesablanandan sonra sizə təqdim olunmuş qəbzlərə diqqətlə baxmısınızmı? (Bilirəm, əksəriyyətiniz həmin qəbzləri ələ almaq belə istəmirsiniz. Amma nahaq… Bununla siz qayda-qanunu pozursunuz) Elə götürək “Səbət” marketindən sizə verilmiş qəbzləri. Qoy elə həmin marketdən verilmiş və əlimə keçmiş 0151 saylı (23.09.2015 19:28:45) çekə baxaq. Həmin çekdə adları qeyd olunmuş məhsulların adlarındakı “ə” hərflərinin hamısı “e” hərfi ilə yazılıb: yəni “çörək” əvəzinə “çörek”, “kərə” əvəzinə “kere”. Yaxud “Neptun”, super marketinin, Sumqayıtdakı “Qayalı” marketinin qəbzlərini gözdən keçirək. Elə həmin çeklərdə də mən “ə”dən əsər-əlamət yoxdur. Burada da mənim əvəzimə “e” söz sahibir. Bəzi dükan və mağazalarda isə məni “a”lar əvəz edir. Belə addım atan dükan, marketlərin sayı isə məndə olan məlumata görə yüzlərlədir. Axı nə vaxta qədər mənə, daha doğrusu, gündəlik həyatımızda ən çox işlətdiyiniz hərfə qarşı belə biganəlik olacaq? Bu barədə söz düşəndə də həmkarlarım deyirlər ki, səni onlar hərf kimi yox, hərif kimi görürlər. Sən isə bu haqsızlığa qarşı səsini belə ucaltmırsan. Düz sözə nə deyəsən? Necə? Mən başdan-ayağa probleməm? Vallah-billah, belə deyil. Məni problem kimi hallandıranların özləri başdan-ayağa problemdirlər. Qoy bu son kəlmələrə görə məndən kimsə inciməsin. Əlimdə bayaq saydığım tutarlı faktlar olmasaydı, belə coşub-daşmazdım. “Azpetrol LTD” MMC-nin verdiyi çeklərə baxın. Onların təqdim etdikləri çeklərdə mən elə “ə” kimi təqdim olunuram. Deməli, kassa apartlarımız məni “ə” kimi göstərməyi bacarırlar. Sadəcə, buna cəhd edən yoxdur. Bizim bu dil məsələlərinə baxanların da nə işlə məşğul olduqlarını hələ anlamıram. Kos-qocaman “ə”nin şərəf və ləyaqəti, sözün həqiqi mənasında, gecə-gündüz tapdalanır, amma onların heç veclərinə də deyil. Bu, məncə hər şeydən əvvəl dilimizə olan laqeydlikdən irəli gəlir. Sözün düzü, heç bilmirəm, kimə üz tutum, dərdimi kimə izhar edim. Ə, bəlkə siz mənə bir yol göstərəsiniz.

Qvami Məhəbbətoglu