“Mənəviyyatın insanın uzunömürlü olmasında çox böyük rolu var”

Lerik Uzunömürlülər Muzeyi 1992-ci ildən fəaliyyət göstərir. Müsahibimiz, Lerik Uzunömürlülər Muzeyinin direktoru Dilarə Fətullayeva deyir ki, təşəbbüs buradan, yəni rayon təşkilatlarından olub: “Nazirlər Kabinetinin qərarı ilə muzeyimiz açıldı. Çünki bizim rayonda kifayət qədər yaşlı insanlar var. Onlardan, xüsusən, Şirəli Müslümovu qeyd etmək olar. Bəzən bu məlumatlar, yəni onların yaşının dəqiqliyinə şübhə edənlər də olur. Ancaq araşdırmaçı Souna Benetti qeyd edir ki, müsəlman dünyasında uşaq dünyaya gələndə onun doğum ili hicri təqvimi ilə Quranın bir tərəfində yazılardı. Və burada dəqiqliklə sübut olunanlar var. Eyni zamanda Şirəli babanın sovet dönəmində verilmiş yaşkağızı da vardır. Yəni bütün bunlar şübhəyə əsas vermir”.

Dilarə Fətullayeva deyir ki, Lerik uzunömürlülər diyarı olduğundan burada belə bir muzeyin açılması və fəaliyyət göstərməsi labüd olub: “Rayonumuzda uzunömürlü insanların sayı digər rayonlarla müqayisədə çoxdur. Muzeyimizin yeni binası isə 2010-cu ildə rayonumuzun yerli rəhbərliyinin təşəbbüsü ilə tikilib istifadəyə verildi. 2010-cu il iyunun 25-də Prezident İlham Əliyev muzeyin yeni binasının açılışında iştirak etdi. Muzeydəki bir çox avadanlıqlar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən hədiyyə edilib. Fürsətdən istifadə edib, minnətdarlığımı çatdırmaq istərdim”.

 

Dünyanın ən məşhur muzeylərindən biri…

“Bizim muzeyimizin qonaqları təkcə respublikamızdan deyil, dünyanın bir sıra ölkələrindən də olur. Bizə İordaniya, Türkiyə, Rusiya, Baltikyanı respublikalardan, Fransa və digər ölkələrdən qonaqlar gəlirlər. Bizim muzeyimiz dünyada ən məşhur muzeylərdən biridir. Son vaxtlar müxtəlif ölkələrin Azərbaycandakı səlahiyyətli səfirlərinin də ölkəmizə gəlişi çoxalıb. Belçika səfiri, İordaniya səfiri, İsrail səfiri bir müddət öncə muzeyimizdə oldular. İnsanların bu muzeylə maraqlanmalarının bir əsas səbəbi də çox yaşamağın sirlərini bilməkdir. Hər halda bizə verilən suallar, aparılan söhbətlər bu qənaətə gəlməyə əsas verir. Biz isə bu suallara, bu fikirlərə elə həmin yaşlı insanlarla söhbətlərdən əldə etdiyimiz məlumatlar, fikirlər əsasında cavab veririk.

Rayonumuzda insanların çox yaşamalarının əsas səbəblərindən biri təmiz havadır. Tibb elmi də sübut edir ki, dağ havası insanların ömrünü uzadır. Həm də bizdə təmiz bulaq suyu da çox yaşamağın səbəblərindəndir. Alimlərin araşdırmalarına görə, bulaq suyunun tərkibində 60-65% mineral olur. Dağlarımızın başı qarla örtülüdür. Qar suyu da sularımızın tərkibində həmişə olur ki, bu da insan ömrünü uzadır. Məlum olduğu kimi, insan ömrünü uzadan bir səbəb də onun qəbul etdiyi təmiz qidalardır. Dədə-babalarımızdan görmüşük ki, süd və süd məhsulları çox yeyilir ki, bunların da hamısı təbii qidalardır.

 

“846 nəfər 80 yaşdan yuxarı insan var”

Ümumiyyətlə, dağ adamları bütün dünyada uzunömürlü olurlar. Məsələn, İtaliyanın Sardiniya vilayətində də uzunömürlülər vardır. Oradan gələn qonaqlardan mənə bu barədə çox danışıblar. Yəqin ki, dağların əzəməti, vüqarlılığı, saflığı insanlara da təsir edir. Dağ adamları nisbətən saf olurlar. Bu da onların ömrünü uzadır. Bir dəfə uzunömürlü ağsaqqallardan biri də mənimlə söhbətində bu barədə danışmışdı. Mən də bu qənaətdəyəm ki, insanın mənəviyyatının onun uzunömürlü olmasında çox böyük rolu vardır. Nənələrimiz, babalarımız oruc tutub, namaz qılan olublar.  Həm də daima hərəkətdə olublar. Bizim insanlarımız əsasən qocalıqdan dünyalarını dəyişiblər. Yəni başqa bir xəstəliyə tutulub ölən uzunömürlüyə mən hələ ki rast gəlməmişəm. Ümumdünya Səhiyyə Təşkilatının qərarına görə, 90 yaş və üstü uzunömürlü sayılır. Bizdə cari ilin əvvəlindəki məlumata görə, 846 nəfər 80 yaşdan yuxarı insan var. Hazırda rayonumuzda 90 yaşdan yuxarı 80 nəfərdən çox uzunömürlü yaşayır. Həmçinin bizim rayonumuzda yaşı 100-ü keçmiş uzunömürlülər də çox olub. Get-gedə onların sayı azalmaqdadır. 1991-ci ildəki hesabata görə, onların sayı 200-dən çox olub. İndi isə 99-100 yaşdan yuxarı olan uzunömürlülərin sayı cəmi 10 nəfərdir. Ən uzunömürlü Şiringül nənədir ki, o da 1903-cü ildə doğulub. Qadınlar kişilərə nisbətən daha çox yaşayırlar. Bunun da hər halda müəyyən səbəbləri vardır.

Sovet dönəmində, 80-cı illərdə uzunömürülülər bayramı keçirilərdi. Bizdə onların materialları da var. Həmin festivalın tərkibində plov bayramı da keçirilərdi. O tədbirdə uzunömürlü insanlar da iştirak edirdilər.

Bu yaxınlarda Lerikdə uzunömürlülər üçün bir festival keçirildi ki, bu da dünyada ilk dəfə bizdə təşkil olundu. Həmin tədbirdə folklor ansamblları da iştirak etdilər. Tədbirə nazir Əbülfəs Qarayev də qatılmışdı. Festivalda qərara alındı ki, bu tədbir hər 2 ildən bir keçirilsin. Bilirsiz, söhbət təkcə yaşamaqdan getmir. Dədə-babalarımızın adətləri, onların keçdikləri həyat yolu, gənclərin rolu çox önəmlidir. Maarifləndirmək, təbliğ etmək lazımdır”.

 

“Ağsaqqal sözü önəmlidir”

Lerikdə uzunömürlü olan nəsillərin siyahısını çıxararaq tarixçi-alim Yaqub Mahmudluya göndərmişik. Bizdə uzunömürlü insanların şəkillərini çəkən fotoqraflar arasında xaricilər, xüsusilə fransızlar da var.

Amerika alimi Souna Benettinin kitabı var: “Necə yaşayasan ki 100-ü haqlayasan”. Müəllif həmin kitabında yazır ki, insan eyni şəraitdə yaşamalıdır. Əgər o eyni şəraitdə, yerdə daimi yaşayırsa, bunun onun uzunömürlü olmasında çox böyük rolu var”.

 

“Həmçinin ailədaxili münasibətlər də önəmlidir”

Amerikalı tədqiqatçı Souna Benetti yazır ki, bizdə yaşlı nəslin nümayəndələri atılmış kimidirlər. Amma Qafqazda yaşlı nəslin nümayəndələrinə o qədər hörmət var ki, biz özümüz xəcalət çəkdik. Doğrudan da, böyüyün sözü bizdə hökm kimidir, qətidir. Ümumiyyətlə, bu qorunur. Bizim yaşlı insanların üzlərinə baxdıqda onların nurani sifəti həmişə diqqəti çəkir. Deyirlər ki, bizim nənələr yaşa dolduqca nuraniləşirlər. Biz bunu yaşlı insanlarımızda çox görürük…

Mərdan Qurbanov, Lerik