Şuşa kömürü

766

Bu yaxınlarda ziyalılarımızdan birinə Şuşa kömürü hədiyyə etdim. Dedim ki, Şuşadan gəlib, samovar çayı içərsiniz. Əvvəlcə inana bilmədi. Axı, Şuşamız 25 ildir ki, işğal altındadır. Şuşadan necə gələ bilər? Lakin bu kömürün Şuşalı günlərimizin xatirəsi kimi saxlamağımızın tarixçəsini danışdıqdan sonra, telefon dəstəyini qaldırıb evlərinə zəng çaldı. Həyat yoldaşından evdə samovar olub, olmadığını soruşdu. Və dedi ki, mənə Şuşadan kömür gətiriblər. Şuşa kömürü ilə samovar çayı dəmləyərsən içərik, dərdlərimizə dava, ağrılarımıza şəfa taparıq.

Şuşadan gələn kömür… Nə qədər məhrəm səslənir. Bu üç kəlmənin içində nə böyük bir aləm, əvəzolunmaz bir nisgil var. Və bu məni çox kövrəltdi, gözlərim doldu. Ağlamaqdan özümü güclə saxladım. Dəstəyin o ucunda da təəccüb dolu sükut yarandı. İlin, günün bu çağında, Şuşamızın murdar erməni tapdağı altında olduğu halda Şuşa kömürü necə gəlib çıxıb Bakıya?!

Əvəzedilməz Şuşa gedəndən evimizdə əzizləyə-əzizləyə saxladığımız Şuşa kömüründən samovar çayı içərkən bu füsunkar diyarın bizdə olduğunu xəyal etmişik. Şuşa kömürü ilə dəmlənmiş samovar çayından Bakıda da, Qubada da, hətta İstanbulda da içmişik. Şuşa ab-havasını o yerlərə də aparmışıq. Hər dəfə Şuşa kömürünün ləzzətli ətrindən həzz alıb samovar çayı içərkən, babam Məşədi Zeynal Haqverdiyevə min rəhmət, anam Ulduza Haqverdiyevaya uzun, sağlam ömür diləyirəm. Məhz mənə əziz olan bu iki insanın sayəsində gözəlim Şuşadan ayrı düşdüyümüz bu günlərdə belə, Şuşalı günlərimizi yaşayırıq.

Şuşanın nəyi varsa gözəldir. Havası da, suyu da, təbiəti də, dumanı da, çiskini də, qarı da, qışı da, yazı da, yayı da, payızı da, hətta kömürü də gözəldir. Deyəsən, sizi çox intizarda saxladım. Yəqin ki, Şuşanın əntiq kömürünün tarixçəsini siz də bilmək istəyirsiniz. Elə isə bu sirri sizə də açım…

Biz Şuşaya adətən yay aylarında gedərdik. Bir il yay istirahətimizi Şuşada, digər bir yayı isə Azərbaycandan kənarda keçirərdik. Bu, ailəmizin istirahət qanunu idi. Şuşaya getmədiyimiz yaylarda da əzəmətli, qürurlu vətən üçün burnumuzun ucu göynəyərdi. Getdiyimiz şəhərlərin heç biri Şuşa ilə müqayisəyə gəlməzdi. Növbəti yayın gəlməsini səbirsizliklə gözləyərdik.

Bəli, 1970-ci ildə də Şuşada istirahətdə idik. Şuşalı günlərimizin firavanlığını yaşayırdıq. Heç ağlımıza da gəlməzdi ki, bir gün Şuşasız qalıb, Şuşa xatirələrimizi yazacağıq. Qarı fələk bunu da bizə göstərdi. Nə isə… Ulu babam Mirzə Haqverdinin Təbrizli məhəlləsindəki imarəti dövlətə keçdiyindən, biz yay aylarında ya nənəm Tovuz xanımın əmisi qızı Xırda xalagildə (biz onu belə çağırardıq), ya kirayə tutduğumuz evlərdə, ya da mehmanxanada qalardıq.

1970-ci ildə də Ağadədəli məhəlləsində, Şükür bəyin evində kirayədə qalırdıq. Babamın dediyinə görə qaldığımız bu ev tacir Məhəmmədəlinin evi olmuşdur. Şükür bəy (Şükür bəy Ağdamda yol idarəsinin müdiri vəzifəsində işləmişdir) sonradan o evi almışdır. Xülasə, həmin yay həyatımızın Şuşa səhifəsini yaşayırdıq. Şuşanın da çox gözəl, çal-çağırlı vaxtları idi. Orada keçirdiyimiz hər andan ləzzət duyurduq. Babam uzun illər idi ki, Şuşaya getmirdi. Onlar rus işğalından bir neçə il əvvəl Şuşadan köçərək, əvvəlcə Ağcabədiyə , sonra isə Ağdama getmişdilər. Həm Ağcabədidə, həm də Ağdamda evləri, bir neçə dükanları olmuşdur. Şuşaya getmək üçün övladları babamı nə qədər dilə tutsalar da, onu yola gətirə bilmirdilər. Sanki gəncliyinə dönməkdən ehtiyatlanırdı. Nəhayət, 1970-ci ilin yayında onu Şuşaya apara bildik. Uzun ayrılıqdan sonra bu, babamın Şuşaya ilk və son səfəri oldu. Ondan üç il sonra 1973-cü ildə o, dünyasını dəyişdi, Allah rəhmət eləsin!

Babamın Şuşa günlərinin sevincini sözlə ifadə etmək mümkün deyildi, onu yalnız görmək lazım idi. Elə bil əlçatmaz gəncliyinə qayıtmışdı… Şuşanı qarış-qarış gəzirdi, bazar başına gedirdi. Hətta orada gənclik dostlarını tapmışdı. Bir gün gəlib evdə danışdı ki, bazar başında oturmuşdum, bir də gördüm ki, bir nəfər mənə yaxınlaşıb, “Məşədi Zeynal, sən sağsan?” deyərək boynumu qucaqladı. Gördüm ki, gənclik dostlarımdandır. Hər ikimiz çox sevindik. Oturub xeyli söhbət etdik.

Doğrudan da, babam xoşbəxt günlərini yaşayırdı. Uçmağa qanadı yox idi. Fərəh içində hər gün səhər yeməyindən sonra şəhərə çıxar, nahar vaxtı evə gələrdi. Nahar yeməyini yeyər, samovar çayı içib yenidən şəhərə, gəzməyə gedərdi.

Günlərin bir günündə qapımız döyüldü. Erməni bir hambal kürəyində bizə bir kisə kömür gətirdi və dedi ki, bunu Məşədi Zeynal bəy göndərdi. Bir kisə kömürü görüb təəccübləndik. Dedik ki, baba bu qədər kömürü neynir görəsən? (Bir haşiyə çıxaraq onu deyim ki, babam heç nəyi kilo ilə almazdı. Nə alsaydı kisə ilə, qutu ilə alardı)..

Bir azdan babam özü də gəldi. Dedi ki, bazarda çox yaxşı kömür gördüm, aldım. İşlədərsiniz. Çay qoyarsınız, kabab bişirərsiniz. Kömürdür də… sizdən yemək istəmir, içmək istəmir. Qoy qalsın. Rəhmətlik babam özü də samovar çayını çox sevərdi. Beləcə həmin kömür bizdə qaldı. Artıq neçə ildir ki, babamın aldığı kömür bizdədir. Qənaətlə işlədib bu günə qədər gətirib çıxarmışıq. İndi tütiyə olub, əntiq olub bu kömür… Həm babam Məşədi Zeynaldan yadigardır, həm də əlimiz çatmayan, ünümüz yetməyən şahanə, gözəlim Şuşadan!

Amma bir niyyətimiz var. Bu kömürdən bir samovarlıq çay üçün saxlayıb yenidən Şuşaya aparacağıq. Əfsanəyə dönmüş əntiq kömürdən Şuşada çay gəstgahı düzəldib, Şuşanı sevənləri ətrafımıza toplayacağıq. İnanırıq ki, o gün uzaqda deyil… O gün gələcək!

Səadət Qarabağlı, üzeyirbəyşünas