Mənə qalmış “miras”

604

Yenə qonşular başladılar oyuna. Düşdüm aşağı, görüm bu gün kim udub, kim uduzacaq. Məndən iki qat yuxarıda yaşayan Salamat kişi qonşu məhəllənin sakini Əyyarla oynayırdı. Qalanlar dövrə vurub him-cimlə oyunu qızışdırır, növbə gözləyirdilər.

– Zər, mən ölüm, bir dü bir..

– Ya zər, mənə yeklər ver, Əyyarın adının üstündən bir xətt çəkim.

Bu zaman Kəramət dilləndi:

– Salamat kişi, əbəs yerə cəhd eləmə. Artıq Nazirlər Kabineti yanındakı Terminologiya Komissiyası onun adının üstündən elə xətt çəkib ki…

– Vallah, deyəsən, o komissiyanın başqa işi-gücü yoxdur. O komissiya getsin, əvvəlcə, ölkəmizdəki firma, mağaza, restoran adlarına əl gəzdirsin… Vallah, indi şəhərdə gəzəndə elə bilirsən ki, Bombeydəsən, yaxud da hansısa digər xarici bir məmləkətdəsən… Dil üçün təhlükə buradadır e, daha mənim adımda yox.

Əyyar kişi bu sözləri deyib bayaqdan bəri ovcunun içində çalxaladığı zərləri atdı:

– Yenə caharlar… bu mənə lazım idi? – O bayaqdan bəri tutduğu və olduqca önəmli hesab etdiyi “ayaqları” deyinə-deyinə boşaltdı…

Onun bu ah-vayına Kəramət belə reaksiya verdi:

– Kişi, ürəyini sıxma, tam təhlükəsizlikdir…

Salamat kişi ona tərs-tərs baxaraq dilləndi:

– A kişi, xahiş edirəm, o “təhlükəsizlik” sözünü işlətmə… O söz elə gözümdən düşüb ki…

– Niyə?

– Elə bir niyəsini də soruşursan? Olmaya, sənin milli təhlükəsizlik naziri Eldar Mahmudovun əməllərindən xəbərin yoxdur?

Qonşulardan Adil kişi dilləndi:

– Artıq o, milli təhlükəli nazir kimi yaddaşımızda qalıb… Eh, axtarsan, indi belələri o qədərdir ki… Elə harınlayıblar, elə şişiblər ki…

Adil kişinin bu “düzəlişindən” sonra kimsə dinmədi, hamının diqqəti nərdtaxtaya yönəldi. Salamat kişinin şeş ayağında dörd daşı qalmışdı. Zərlər beş qoşa verdi. O, yenə deyinə-deyinə daşların dördünü də yek ayağına qatladı. Daha Əyyarın zər atmağına ehtiyac qalmadı.

Salamat kişidən sonra nərdtaxta arxasına mən keçmək istəyirdim ki, birdən-birə təzyiqim qalxdı… Cibimdən çıxardığım dərmanı atmaqla bir qədər sakitləşdim və əlimlə qonşu binanın sakini Həsrət müəllimin nərdtaxta arxasına keçməsini bildirdim. O, mənim vəziyyətimdən nigaran olduğu üçün yanımdan ayrılmaq istəmədi. Mən ona ürək-dirək vermək məqsədilə dedim:

– A kişi, mənə fikir vermə, işində ol, onsuz da mənim “raboçi” təzyiqim yüz səksəndir.

– Bilmirəm kim uydurub bu sözü də… Bir həkim dostum var. Vallah-billah, o deyir ki, tibdə “raboçi” təzyiq termini yoxdur. Get, özünü müalicə elətdir…

Mən:

– Rəhmətlik atamda da belə idi…- deyəndə yenə Kəramətin səsi eşidildi:

– Müəllim, oğul var, miras kimi atasından ona mülk qalıb, oğul var ki, atasından ona maşın qalıb, oğul var ki…

Bu sözlərdən sonra o mənim üzümə diqqətlə baxaraq dedi:

– Görünür, sənə də dədəndən miras kimi elə bu təzyiq qalıb…

Bayaqdan bəri mənim vəziyyətimə görə dilxor görünən qonşuların üzündə bir təbəssüm göründü.

Yenə qonşular başladılar oyuna. Mən sakitcə onlardan ayrılıb evə üz tutdum.

– Zər, mən ölüm, yığanlar.

– Ya zər, mənə…

Əyyarla rəqib olan Kəramətin zərdən daha nə umduğunu eşitmədim. Çünki mən oyun yerindən xeyli aralanmışdım, evə tələsirdim.