Məmurlara Sadıq müəllim örnəyi

499
Bizim bir müəllim vardı. Cəbr və həndəsə fənlərini sevə-sevə öyrədən bu müəllimin adı Sadıq idi. Artıq neçə ildir ki, o, haqq dünyasındadır. Allah rəhmət eləsin. Bizim Sadıq müəllim digər müəllimlərə bənzəməzdi. Onun özünəməxsus tədris, tərbiyə metodları var idi…
Sadıq müəllimin Nəsib adlı oğlu bizim sinifdə oxuyurdu. O, digər fənlərlə müqayisədə atasının tədris etdiyi fənləri daha yaxşı bilirdi. Yeri gələndə sinif yoldaşlarına bu fənlərdə kömək edərdi. O vaxtlar həmin fənlərdən yoxlama yazı işlərində uşaqların əksəriyyəti ondan bəhrələnməyə, daha doğrusu, köçürməyə çalışardı. Nəsib də onlara hər cür şərait yaradırdı ki, yoldaşları aşağı qiymət almasınlar. Bəzən bu kimi səbəblərdən Nəsib səhvlərə yol verər, sonradan yazı dəftərində çoxlu düzəlişlər edərdi. Odur ki, Sadıq müəllim bu pintiliyə görə onu həmişə elə sinifdəcə o ki var tənbeh edərdi. Hətta bütün pedaqoji sədləri keçərək hərdən ona əl də qaldırardı. Təbii ki, belə məqamlarda pərt olan Nəsib göz yaşları tökməklə sakitlik tapardı. Məni isə elə o zamanlar bir sual maraqlandırırdı: axı niyə Sadıq müəllim oğlunu evində deyil, məhz sinifdə, özü də uşaqların gözü qarşısında tənbeh edir? Lakin nə gizlədim, Sadıq müəllimdən çəkindiyimdən ona bu sualla müraciət edə bilmirdim.

Orta məktəbi qurtarandan sonra günlərin bir günü illərdən bəri məni narahat edən bu sualla çox hörmət bəslədiyim Sadıq müəllimə müraciət etdim. O dedi: “Doğrudur, oğlum Nəsibi evdə də tənbeh edə bilərdim. Lakin mən onu sinifdə – onunla birgə təhsil alan uşaqların yanında tənbeh etməyə üstünlük verirdim. Çünki təcrübəmə əsasən onu deyə bilərəm ki, sinifdə, əgər belə demək mümkünsə, ictimaiyyət arasında edilən tənbeh daha təsirli, daha effektli olur. Bununla mən həm də digər uşaqları tənbeh etmiş olurdum”.

Bu yazımda onu xatırlamağın heç də təsadüfi deyil.

Bəli, bu gün, neçə-neçə məmurun övladı öz cızığından çıxıb. Onlardan kimi qiymətli qızıl-zinət əşyaları ilə öyünür, kimi bahalı villalarını, minik avtomobillərini sosial şəbəkələrdə açıq-aşkar reklam edir. Onların arasında “avtoşluq” edərək faciələrə yol açanlar da var,  narkomaniya qurbanına çevrilənlər də… Yeri gəlmişkən, qeyd etdiyim son iki faktla bağlı kifayət qədər fakt da var. Bu barədə ətraflı söz açıb sizi yormaq fikrində deyiləm. Lakin bəzi mətləbləri vurğulamaq niyyətindəyəm.  Nə qədər qərib olsa da, sanki paytaxt küçələrindəki kameralar “avtoş”ları görmür. Belə çıxır ki, onlar, loru dildə desək, kameraları da görürlər. Bu məsələdə yol polisi əməkdaşlarını da hədəfə götürmək istəmirəm. Çünki bəzi məmurların uşaqları o qədər azğınlaşıb ki, hətta polis əməkdaşlarına qarşı etikadan kənar rəftar etməklə onları “sındırırlar”. Bəli, bu gün bu həqiqətdir ki, məmurlardan çoxunun övladı dəyəri 250-300 min manata olan avtomobillərdə gəzirlər. Odur ki onların təşəxxüsü yerə-göyə sığmır. Yeri gəlmişkən, mənə elə gəlir ki, bu günlərdə belələri açıq-aydın deyəcəklər ki, belə də dərd olar, yolda sovetdən qalmış “Jiquli”lər də 60-la getsinlər, “Cip”i, “Prado”su olanlar da, axı bu haqsızlıqdır.

Bəli, bu gün məmur adamların balaları narkomaniya məngənəsində sıxılmaqdadırlar. Necə, yalan deyirəm? Vallah, bu fakt rəsmi səviyyədə də hallanıb. Deyəsən, mövzudan uzaqlaşdım axı, amma o qədər də yox.

Mən indiyədək məmurların bu kimi əməllərə qurşanan övladlarını tənbeh edən görməmişəm. Hərdən mətbuat səhifələrində gördüyüm isə onların öz övladlarının hər cür hərəkətlərini malalamağa çalışmalarıdır. Onu da demirəm ki, bu kimi hərəkətlərə görə imkanlı adamlar evlərində öz gül balalarını qınamırlar, onlara güldən ağır söz demirlər, onların “xod”unu almağa cəhd göstərmirlər. Demirəm ki, imkanlı adamlar özlərindən betər harınlamış balalarından qorxurlar, çəkinirlər… Vallah, ay  imkanlılar, mən sizin haqqınızda əsla belə düşünmürəm. İnanıram ki, öz evinizdə onlara dişinizin dibindən çıxanı deyirsiniz. Görünür, belə tənbehlər onlara kar etmir. Necə deyirlər, dəyirman öz işindədir, çax-çax baş ağrıdır.

Bəli, mənə elə gəlir ki, məmurlar öz övladlarını yalnız evlərində tənbeh etməklə kifayətlənməməlidirlər. Onlar yuxarıda ərz etdiyim kimi, hərdən bizim Sadıq müəllimin də təcrübəsindən yararlanıb öz övladlarını ictimaiyyət qarşısında tənbeh etməyə özlərində cəsarət tapmalıdırlar. Əks halda, onların “xod”unu almaq mümkün olmayacaq.  q.mehebbetoglu@zaman.az