Məmmədovlar doğma ocaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər

0
107

 

Hazırda Mingəçevirdə yaşayan ailənin sevinci sözlə ifadə olunmayacaq qədərdir. Söhbət Füzuli şəhər sakinləri olan Məmmədovlar ailəsindən gedir. Ailə başçısı Xudafir Məmmədov  doğma elində kənd təsərrüfatı sahəsində çalışıb. Həyat yoldaşı İradə xanım isə müəllim kimi fəaliyyət göstərib. İndi onlar doğma Füzuliyə qayıdacaqları günü səbirsiliklə gözləyirlər.

Ailənin böyük övladı Erland  Məmmədovun Füzulidən çıxanda 6 yaşı olub. Sevincindən həycanlanan, kövrələn Erland öz elində, doğma Füzulidə dəcəlliklərini və digər xatirələrini yaddan çıxarmayıb. Artıq Erland 4 uşaq atasıdır.

Xudafir Məmmədovun xanımı, qaynanasından yadigar saxladığı  şüşə meyvə qabını 27 ildir boş saxlayıb. İradə xanım bizimlə söhbətində həyətinə döndüyü gün onu meyvə ilə doldurub masaya gətirəcyini deyir.

Söhbətimizin sonunda ailə başçısı həmçinin bildirdi ki, sentyabrın 27-dən başlayaraq erməni silahlı birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusunun tutarlı cavab verməsi, düşmənin canlı qüvvəsi və hərbi texnikalarının darmadağın edilməsi, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələrinin işğaldan azad olunması xalqımızda, ordumuzda böyük ruh yüksəkliyi yaradıb: “Bu uğurlar hamı  kimi,  bizi də hazırda işğal altında olan digər ərazilərimizin azad ediləcəyinə inamımızı artırıb. İnanırıq ki, Ali Baş Komandanımız bu çətin işin öhdəsindən gələcək. Və bu zəfəri ilə yeni bir tarix yazacaq!”

Esmira Hidayətova, Mingəçevir