Məmməd Rüstəmbəyli olduğu kimi

90

Bu dəfə sizə kəndimizin tanınmış ziyalısı, tarix elmləri namizədi, dosent Məmməd Gülbala oğlu Rüstəmbəyli haqqında söz açmaq istəyirəm. Bəri başdan deyim ki, Məmməd Rüstəmbəyli zəhmli, qaraqabaq bir şəxs kimi yaddaşımda qalıb. Elə bu səbəbdən mən də ondan çəkinər, onunla həmsöhbət olmağa cəsarət etməzdim.  Bu yazını isə Məmməd müəllimin qızlarının – Afaq xanım və Nəcibə xanımın söylədiklərinə istinadən yazıram.

Məmməd müəllimin soyadı əslində Rüstəmbəyli deyil, Mirzəxanov olub. Amma bir təsadüf nəticəsində o, Rüstəmbəyli soyadını qəbul edib.  Belə ki, ilk dəfə məktəbə gedən Məmməddən müəllimi soyadını soruşub. O da qeyri-ixtiyari  belə cavab verib: “Müəllim, mən Rüstəm bəyin nəvəsiyəm”. Müəllim də kiçik Məmmədin dediklərinə əsasən onun soyadını Rüstəmbəyli kimi qeyd edib.

Yeri gəlmişkən, qeyd edək ki, Məmməd müəllimin babası Rüstəm kişi bir zamanlar Qusarın Urva kəndinin bəylərindən olub. Sovet hakimiyyəti illərində onun da mülkiyyəti müsadirə olunduğundan ailəsi çətin günlər yaşayıb, hətta kəndi tərk edib. Elə o zamandan onun övladlarından biri, yəni Məmmədin atası Gülbala Alpanda məskunlaşıb və kəndimizin sakini Mina xanımla ailə həyatı qurub.

Tərcümeyi-halından bəzi məqamlar

Məmmməd Rüstəmbəyli 1921-ci ilin martında Quba rayonunun Alpan kəndində anadan olub. O, kəndimizdə 8 illik təhsilini başa vurduqdan sonra Bakı İqtisad-Statistika texnikumunda oxuyub və bir müddət orada işləyib. 1944-49-cu illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1950-ci ildə isə ekstren (hər hansı bir təhsil müəssisəsində oxumadan kənarda hazırlaşaraq orada imtahanlarını verməklə) yolu ilə tarix fakültəsini bitirib. 1950-ci ildə İmişli rayonunda məktəb direktoru işləyib. 1954-cü ildə doğma kəndində müəllim və məktəb direktoru  kimi fəaliyyətini davam etdirib. Daha sonra isə, yəni 1960-cı ildə Bakıdakı 65 saylı məktəbdə müəllim və direktor çalışıb. Təhsil Nazirliyində inspektor vəzifəsində də fəaliyyət göstərən Məmməd müəllim sonrakı illərdə Bədən Tərbiyəsi İnstitutunda və Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunda (bir zamanlar Azərbaycan Müəllimləri İnstitutu belə adlanırdı) ictimai elmlər kafedrasının baş müəllimi olub. 25 iyun 1970-ci ildə ona tarix elmləri namizədi elmi dərəcəsi, 1989-cu ildə dosent elmi adı  verilib. O, 1992-ci ilin 21 dekabrında xərçəng xəstəliyindən vəfat edib və Bakıdakı Əhmədli kənd qəbirstanlığında dəfn olunub.

 

Onun vəfatından bir il sonra nəvəsi Leyla (babası Məmməd müəllim onu Rəbiyyə çağırardı) xanım yazırdı: “Ən sevimli anları kağız-qələm arasında keçirdi. Çətin günlərində dost, öyüd-nəsihət idi əlyazmaları. Dünyanın gərdişindən, zamanın at çaparlığından, gəldi-gedərlərdən çox yazdı, çox danışdı. Çətin günlərin xəyalı tərk etmirdi onu. Doğulub, boya-başa çatdığı Quba torapağında çox şey görüb-götürmüşdü”. (“Bizim əsr” qəzeti, №191 (415)25 dekabr 2001)

Belə deyirlər

Deyilənlərə görə, hüquqşunas diplomu alan Məmməd müəllim 1 il Quba rayonunda müstəntiq vəzifəsində işləyib. Amma bir müstəntiq kimi çalışması anası Mina xanımın ürəyincə olmayıb. Odur ki, o, anasının təkidi ilə bu işindən uzaqlaşaraq tarix fakültəsini seçib və ömrünün sonuna kimi bu ixtisası üzrə çalışıb. Hə, bir də… Gülbala Mina cütlüyündən  5 övlad (2 qız – Xonça və Badam, 3 oğul) dünyaya gəlib. Bu ailənin övladlarından biri erkən yaşlarında dünyasını dəyişib, biri isə (Arif) Böyük Vətən müharibəsində (1941-1945) həlak olub. Məmməd müəllim isə gözlərində yaşanan problemlə bağlı ordu sıralarına cəlb edilməyib.

 

 

 

Sovetin təbliğatçısı və…əks-təbliğatçısı

Leninin, demək olar ki, bütün əsərlərini əzbərdən bilən, zəngin kitabxanası olan Məmməd Rüstəmbəyli sovet ideologiyasının  təbliğatçılarından olub. Bu onun sovet dönəmində qələmə aldığı “Xalqın səadəti uğrunda” (Azərnəşr – 1971),Çarpışan qüvvələr” (Bakı: Maarif, 1991) kitablarında və digər yazılarında, o cümlədən metodik tövsiyyələrində də özünü aydın büruzə verir.  Belə ki, o bu kitablarında Quba qəzası zəhmətkeşlərinin 1917-1922-ci illərdə Azərbaycanda burjua-mülkədar quruluşuna qarşı, torpaq, azadlıq uğrunda, sovet hakimiyyəti və onun möhkəmləndirilməsi uğrunda apardıqları mübarizəni qələmə alıb. Bununla da bolşeviklərin Azərbaycanı işğal etməsinə  haqq qazandırıb. Amma 1920-ci il aprelin və avqustun sonunda baş vermiş silahlı Quba üsyanlarının detallarını izah etməklə, Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsində Rusiyanın rolunu açıq şəkildə ortaya qoyub. Amma etiraf edək ki, o illərdə dolayısı ilə də olsa Cumhuriyyət tarixinə diqqət yönəltməklə onu maraq dairəsinə çevirməyi bacarıb. Elə bu mövzuda, yəni “Quba qəzasında Sovet hakimiyyətinin qələbəsi və möhkəmləndirilməsi uğrunda qəza zəhmətkeşlərinin mübarizəsi” adlı namizədlik dissertasiyasını müdafiə edib və tarix elmləri namizədi alimlik dərəcəsi adı alıb.

Amma sovet hakimiyyətinin iflasa uğramağa başladığı illərdə isə o, əgər belə demək mümkünsə, bu quruluşu əməlli-başlı yıxıb sürüyüb. Məsələn, “İstiqal” qəzetində (18 fevral 1992) dərc olunmuş “Əxlaqda böhran” adlı müsahibəsində o deyirdi: “Bu elə cəmiyyət idi ki, orada insana mənfi xüsusiyyətlərinə görə qiymət verilirdi. 3 manat oğurlayan həbsxanaya salınır, 3 milyon oğurlayan Ali Sovetə seçilirdi. Yüksək vəzifəlinin özündən aşağı vəzifəlinin anasını söyməsi təbii hal sayılırdı. Hakimiyyət piramidasının yüksək qatlarında cinayətkarların sayı həndəsi silsilə ilə artırdı. Cəmiyyətin isə əxlaqı elə pozuldu ki, pullu rüşvətxorun hörməti pulsuz namuslunun hörmətindən qat-qat yüksək oldu. Reyqan bizə “şər imperiyası” deməklə ən sərrast tərifi verdi”.

O, həmin müsahibəsində daha sonra bildirirdi: “Lakin hökumətin bütün siyasəti yalnız və yalnız xalqın yaradıcı və qeyrətli ünsürlərinin  məhvinə, tüfeyli və biqeyrət ünsürlərinin yetişdirilməsinə yönəlmişdi. Əxlaqsızlığın iqtisadi bünövrəsi qoyuldu o vaxt ki, hamını mülkiyyətsiz proletara çevirib ələbaxan etdilər. Ələbaxanda da qürur olar? İqtisadi cəhətdən asılı xalqı nə qədər kişiliyə çağırmaq olar? Belə bir söhbəti xatırlayıram. Qazaxda nəvə nənəsindən soruşur: Ay nənə, Kərəm kimi oğul doğmaq olar? Nənə deyir: Abbasqulu kimi kişi olsa, buna nə var ki.”

Başqa bir yazısında isə belə yazırdı: “Məzlumların bayramı kimi qələmə verilən inqilab əslində bütün bəşəri keyfiyyətləri tamamilə pozdu. Nəticədə insana xas olmayan təbəddülat yarandı. Bununla da insanların nəsibi ancaq “qırmızı taun” oldu. “Qırmızı taun” isə yaxşılıq, ədalətlilik, məhəbbət, ümumi rifah, qayğı – “Hamı hər kəs üçün, hər kəs hamı üçün” kimi qondarma, şablon ifadələr və ibarəpərdazlıqla ört-basdır edildi, halbuki puç niyyət kompassız gəmidir, gec-tez məhvə məhkumdur”.

“Azərbaycan” qəzetində (28 may, 1991-ci il) dərc olunmuş “Sosializmin bəxş etdiyi “töhfə” adlı yazısında isə o yazırdı: “Özünü doğrultmayan, aldatdığı qüvvələrin öhdəsindən gəlməyən, bir fırıldaqçıya bənzəyən, müstəbid, 70 ildə qanlar axıdan sosializm diri-diri çürüyərək, ölkəni öz meyit zəhəri ilə zəhərləmiş, vətəndaşlarının mənəviyyatını korlamışdır… Nəticədə də kəndlər boşalır, xarabazarlığa çevrilir. Bu da sosializmin bəxş etdiyi didərginlik ilə müşayiət olunan “ağ gün”.

Dram əsərləri

Məmməd müəllim dram janrında yazılan əsərlərin vurğunu olub. Hətta o, kənd məktəbimizdə çalışarkən bəzi səhnə əsərlərini, o cümlədən çox sevdiyi Səməd Vurğunun (deyilənlərə görə, onun bu dahi şairlə də əlaqələri olub) “Vaqif” pyesinin bəzi pərdələrini uşaqların iştirakı ilə səhnələşdirərmiş. Ali məktəbdə oxuduğu illərdə də o, bu marağından əl çəkməyib. Belə ki, ali məktəbin özfəaliyyət kollektivi tərəfindən hazırlanan “Vaqif”də Qacar rolunda çıxış edib. Elə səhnə əsərlərinə olan marağın nəticəsində Məmməd müəllim pyeslər də yazmağa başlayıb. Əldə etdiyimiz məlumatlara görə o, 5 pərdəli “Ata məhəbbəti” (1977), 1 pərdəli “Meşəbəyi odun satır” (1977), 7 pərdəli “Ədalət naminə” (1983), 9 pərdəli “Bitməmiş istintaq” (1986), 4 pərdəli “Aşırım” (1988), 8 pərdəli “Həyat oyuncaq deyil” (1990), 4 pərdəli “Fətəli xan” (1991), 10 pərdəli “Xaqani” pyeslərini ərsəyə gətirib. Yeri gəlmişkən qeyd edək ki, onun  “Ədalət naminə” pyesi 1985-ci ildə Ağdam Dövlət Teatrında tamaşaya qoyulub. Hətta həmin tamaşanın afişası da Məmməd müəllimin arxivində bir müddət qorunub saxlanılıb. Təəssüf ki, həmin afişa sonradan it-bata düşüb. Satirik səhnəciyi, yəni “Meşəbəyi odun satır” isə  Dövlət Televiziyası tərəfindən tamaşaçılara təqdim edilib. Dövlət Televiziyasının “Komediyalar aləminə səyahət” verilişində isə onun ssenariləri əsasında səhnəciklər çəkilib.

Yeri gəlmişkən, onu da qeyd edək ki, onun arxiv materialları arasında “Aşırım”, “Həyat oyuncaq deyil”, “Fətəli xan”, “Meşəbəyi odun satır”  əsərlərini  görə bilmədik. Bir də onun arxivindən kəndimizlə bağlı heç bir materiala rast gəlmədik. Halbuki Kamil Qədirlinin sözlərinə görə, Qalacıq tərəfdə Alpaut şəhərinin olmasını israr edənlərdən biri o idi.  Bu mənada onun kəndimizin tarixi ilə bağlı heç bir şey yazmaması inandırıcı görünmür.

Haşiyə

Məmməd müəllimin arxivindəki yazıların birində belə bir cümlə də var: “10 şəkildən ibarət olan “Xaqani” pyesi bu günlərdə Şəki Dövlət Teatrında oynanılacaq. Amma həmin yazıda konkret heç bir tarix göstərilməyib. Elə bu səbəbdən, həm də koronavirusla əlaqədar M.F.Axundov adına Milli Kitabxananın fəaliyyət göstərməməsi ücbatından həmin səhnə əsərinin taleyi barədə müfəssəl məlumat əldə edə bilmədik.

Həyat yoldaşı

Məmməd müəllim gələcək həyat yoldaşı Siddiqə xanım Pişnamazzadə  (1920-2000) ilə elə universitetdə tanış olub. Lakin o zaman aralarında sevgi-məhəbbət söhbətləri olmayıb. Onların bir-birinə mehr salmaları isə Məmməd müəllimin İmişlidə direktor işlədiyi illərə təsadüf edir. Belə ki, təyinatla İmişliyə gəlmiş Siddiqə xanım Məmməd müəllimin rəhbərlik etdiyi məktəbdə kimya-biologiya müəllimi kimi fəaliyyətə başlayıb. Elə o zamandan da onlar ailə qurmağa qərar veriblər. Onların bu izdivacından 3 övlad (1 oğul – Nüsrət, 2 qız – Afaq və Nəcibə. Məmməd müəllimin digər həyat yoldaşından olan və uzun müddət mühasib kimi fəaliyyət göstərən Əfrasiyab adlı oğlu da olub. Polis mayoru Nüsrət isə Daxili İşlər Nazirliyinin əməkdaşı olub. O, ötən il haqq dünyasına qovuşub) dünyaya gəlib.

Yeri gəlmişkən qeyd edək ki, Siddiqə xanım Gəncədəki  Pişnamazzadələrdən deyil. Belə ki, onun valideynləri Xoydan – Cənubi  Azərbaycandandırlar. Sonradan onlar Şimali Azərbaycana pənah gətiriblər, əvvəlcə Şəkidə, daha sonradan isə Bakıda məskunlaşıblar.

Siddiqə xanım Alpan kənd məktəbində də öz ixtisası üzrə çalışıb. Hətta Məmməd müəllim 1960-cı ildə Bakıda çalışarkən, o, bir müddət, daha doğrusu, 1966-ci ilədək kəndimizdə fəaliyyət göstərib. Onun həmçinin Məmməd müəllimin yazılarının ərsəyə gəlməsində də zəhməti çox olub. Belə ki, o, Məmməd müəllimin əlyazmalarının hamısını özünəməxsus olan yazı  makinasında (çap maşınında) yazardı.

 

Özəllikləri

Məmməd müəllim kəndimizdə Şahbaba Muradovla, Müsənnif Məmmədovla, Hacıbəy Haşımovla, Vahid Qubatovla, Məstan Söhbətovla, Qəzənfər Butayevlə, Ağadadaş Şahbazovla, Sadıq Qasımovla, Şamil Qəhdiranovla yoldaşlıq edərdi. Hərdən onlarla birgə yeyib-içməyindən də qalmazdı. Deyilənlərə görə, Məmməd müəllim evinə gələn hər kəs üçün bir qayda olaraq süfrə açarmış.

 

Onun ən çox xoşladığı oyun isə nərd idi. Bu oyunda uduzmağı əsla sevməzdi. Uduzanda da özünəməxsus formada özünü tənbeh edərdi. Qonşularında yaşayan Kamil Qədirovun sözlərinə görə, Məmməd müəllimin bu oyunda əsas rəqibi Şamil müəllim olub.

Məmməd müəllimin elə sovet dönəmində İslam dininə münasibəti çox yaxşı olub. Hətta cümə axşamları özünəməxsus avazı ilə “Yasin” də oxuyardı.

Haşiyə

Qiyasəddin kişinin oğlu Fərhad Babayevin yaddaşından: “Məmməd müəllim 1960-cı illərdə bizə tarix fənnindən dərs deyirdi. Öz müəllimlik borcunu ciddi şəkildə ifa edərdi və o qədər də bizdən hazırlıq tələb edərdi. Hazırlıqsız şagirdləri yarızarafat, yarıciddi məzəmmətləyərdi. Atam kimi o da ərəb əlifbasını bilirdi. Odur ki, məktəbdə mənimlə və qardaşlarımla bağlı problemləri əski əlifba ilə yazıb bizə verərdi ki, atamıza çatdıraq.”

… Məmməd müəllim musiqini, xüsusilə muğamı çox sevib. Hətta o zamanlar radio ilə hər bazar günü səsləndirilən muğam parçalarını dinləməsəydi, rahatlıq tapmazdı. Deyilənlərə görə, Kostroma tərəfdən yuxarı məktəbə gələn yola ilk dəfə daş döşənməsinin təşəbbüskarı da Məmməd müəllim olub.

 

 

Son

Bu yazımı Fərhad Babayevin bu sözləri ilə tamamlamaq istərdim: “… onu Əhmədli qəsəbəsində “Ukrayna” meydanı yaxınlığında gördüm. Onun ad günü imiş. Bunu eşitcək çox sevincək oldum. Ona bir dəyərli qələm (müəllim hədiyyəsi) hədiyyə edib yaxınlıqdakı bağda söhbətləşdik, çay içdik.

Çoxunun onun qaraqabaq, ciddi, özü barədə məlumat verməyən insan kimi tanıması doğrudan da həqiqətə uyğundur. Lakin o, başqalarının görə bilmədiklərini görər, hər bir hadisədə, hər bir məclisdə və münasibətlərdə mənfilikləri üzə çıxarar, demək olar ki, müxalif fikirləri, hərəkətləri ilə seçilərdi. Onun öz ixtisası üzrə mükəmməl olması heç kimdə şübhə doğurmurdu… Sovet dönəmində demək olar ki, Bakıda çıxan bütün mətbuat orqanlarında onun yazıları dərc olunardı, radioda çıxışları səslənərdi.

Onun yaşadığı dövrdəki sovet ideologiyası bəlkə də təfəkkürünün imkanlarından tam istifadə edilməməsini tamamlayırdı. Halbuki o, milli və dövlətçilik tərəfdən tariximizə öz araşdırmaları ilə daha çox töhfələr verə bilərdi. Onun xarakterindəki zəmanəyə, yəni dövlətçilik sistemindəki çatışmazlıqlara üsyankar ruhu bunu büruzə verirdi”.

Qvami Məhəbbətoğlu (Rəsulov)