Məktub – monoloq

521

(Nurəddin Mehdixanlıya məktub)
Ay Nurəddin müəllim, yenə nə haray salmısınız, yenə nə olub axı? Xəbəriniz yoxdursa, qoy deyim, səsiniz aləmi başına götürüb e… Amma nədənsə siz bunun fərqində belə deyilsiniz. Olmaya istəyirsiniz ki, səsiniz daha yuxarılara gedib çıxsın? Vallah, xətrinizə dəysə də, dəyməsə də sizə bir məsləhət verim: belə haraylar sizin kimi Xalq artistinə əsla yaraşmır. Digər tərəfdən, ay Nurəddin müəllim, adam elə şeylər üçün haray salar ki, heç olmasa, bir babat çəkisi olsun da… Siz isə elə şeydən yapışmısınız ki… Nə var, nə var, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil müəllim İsrafilov son üç qastroldan ümumilikdə 5 min manata yaxın pul mənimsəyib. Amma qastrolda olan yaradıcı heyətə bir manat da verməyib. Ay mənim əzizim, axı 5 min manat nə olan şeydir ki? Buna görə belə haray salmağa, aləmi başına yığmağa dəyərmi? Vallah-billah, dəyməz, ay Nurəddin müəllim. A kişi, sizə elə idarə, müəssisə rəhbərini nişan verə bilərəm ki, milyonları xımır-xımır yeyir, di gəl heç bir işçisinin səsi belə çıxmır. Olmaya, siz elə bilirsiniz ki, həmin idarə, müəssisə işçilərinin səsi yoxdur, hə? Vallah-billah var, höcətə qalsa, səsləri, bəlkə də, sizinkindən bərk çıxar. Amma onlardan heç biri səsini belə çıxarmır. Çünki yaxşı bilirlər ki, buna görə sabah onlara qapını göstərərlər. Görünür, siz İsrafil müəllimin humanistliyindən sui-istifadə etmək və bu yolla gündəmdə qalmaq fikrinə düşmüsünüz. Nə deyirik, Allah işinizi avand etsin. Üstəlik, o kişinin humanist olmamasından gileylənirsiniz. Mən İsrafil müəllimin humanistliyindən uzun-uzadı danışıb, vaxtınızı almaq istəmirəm. Amma bir məqamı vurğulamaq istəyirəm. Siz bildirirsiniz ki, dəfələrlə demişik ki, ay İsrafil müəllim, niyə halal haqqımız olan pulumuzu vermirsən? O kişi də deyib ki, əcəb edirəm. Siz bildirirsiniz ki, ay İsrafil müəllim, niyə yaradıcı heyətin iclasını keçirmirsən? Yenə cavab belə olur: “Əcəb edirəm”.

Məgər onun sizə “cavab verməsi” əsl humanistlik deyilmi? İlin-günun bu çağında bir rəhbərin öz işçilərinə bu şəkildə cavab verməsi heç bilirsiniz nə deməkdir? Nə yazıq ki, siz bunu dəyərləndirməkdə xəsislik edirsiniz. Ay Nurəddin müəllim, sizə elə idarə, müəssisə rəhbəri nişan verə bilərəm ki, onlar heç işçi ilə bir kəlmə belə kəsmək istəmirlər. Özlərini elə aparırlar ki… Vallah-billah, Allahın salamını belə işçilərinə çox görürlər. Siz isə yaradıcı heyətə qarşı həssas olan bir direkoru biabır etməyə, onu 5 min manatı mənimsəməkdə suçlandırmağa çalışırsınız. Nədir axı sizin niyyətiniz? Niyə qoymursunuz İsrafil müəllim kimi adlı-sanlı bir adamı rahatca oturub öz işini görməyə, bir-birindən maraqlı belə tamaşalar göstərməyə? Olmaya, aranızda hansısa münaqişə var? Varsa, onu daha sivil yollarla həll etmək olmazmı? Vallah, olar. Elə isə niyə siz həmin sivil yollara əl atmırsınız? Teatr yaradıcılıq yeridir, ay Nurəddin müəllim, kolxoz, sovxoz deyil ki, hər şeyi müzakirəyə çıxarasan. Bu mənada da İsrafil müəllim çox haqlıdır. Bir də, ay Nurəddin müəllim, niyə bu məsələ ilə bağlı yalnız və yalnız siz etiraz səsinizi ucaltmısınız, niyə bəs həmkarlarınızın səsi çıxmır? Yoxsa onlar göydən düşəcək üç almanı gözləyirlər? Vallah, bunu anlayan kimi sizə ikinci məktubumu da yazacağam.

Sivil yol demişkən, eşitdiyimə görə, siz İsrafil İsrafilovu televiziya kanalında debata dəvət etmək fikrinə düşmüsünüz. Amma öz aramızdır, əla fikirdir. Məncə, dediyiniz baş tutsa, bu, son illər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ən baxımlı tamaşası olar. Üstəlik, həmin tamaşa hadisəyə də çevrilər. Mən buna öz varlığım kimi inanıram.

Hə, lap az qala unutmuşdum. Ay Nurəddin müəllim, bax “Muzkomediya” dediyimiz Dövlət Musiqili Teatrı bu mövsümü “Məşədi İbad”la, Gənc Tamaşaçılar Teatrı “Romeo və Cülyetta” ilə bağladı. Sizin teatr isə “Nağıllar aləmi” ilə… Axı niyə nağıllar aləmində çalışmaq istəmirsiniz? Kişi sizin üçün nağıllar aləmi təşkil edib, siz isə… Vallah, belə olmaz, ay Nurəddin müəllim…

Ay Nurəddin müəllim, yenə nə haray salmısınız, yenə nə olub axı? Xəbəriniz yoxdursa, qoy deyim, səsiniz aləmi başına götürüb e… Amma nədənsə siz bunun fərqində belə deyisiniz. Olmaya istəyirsiniz ki, səsiniz daha yuxarılara gedib çıxsın?

Qvami Məhəbbətoğlu