Akademik Milli Dram Teatrı Təhsil Nazirliyi ilə birgə “Məktəb və teatr” adlı layihə həyata keçirir. Yetişməkdə olan gənc nəslin arasında milli mədəniyyət və incəsənətimizin təbliği, məktəblilərdə teatr sənətinə marağın artırılması məqsədi ilə həyata keçirilən tədbirlər silsilə xarakter daşıyır. Layihə çərçivəsində teatrın yaradıcı heyətinin məktəblilərlə görüşlərinin təşkili, məktəblilərin tamaşalarda iştirakı, tamaşalardan sonra yaradıcı heyətlə birgə müzakirənin təşkil olunması və bu qəbildən olan bir sıra tədbirlər nəzərdə tutulur.
Həmçinin “Məktəb və teatr” layihəsi çərçivəsində hər bir məktəbdə məktəblinin teatr guşəsinin açılması planlaşdırılır. Bu guşədə Akademik Milli Dram Teatrının aylıq repertuarı ilə yanaşı, ölkənin teatr həyatında baş verən önəmli yeniliklər, görkəmli teatr xadimləri – dramaturqlar, rejissorlar, aktyorlar haqqında mütəmadi şəkildə məlumatlar yerləşdiriləcək.
Layihədə məktəblərdə fəaliyyət göstərən dram, bədii qiraət, rəqs, pantomim dərnəklərinin işində iştirak edən şagirdlərə teatrda çalışan mütəxəssislər tərəfindən peşəkar yardımın göstərilməsi də nəzərdə tutulur. Belə ki, layihəyə əsasən, təcrübəli sənətkarlar incəsənətə həvəsi və istedadı olan yeniyetmə və gənclərə istiqamət verəcək, öz məsləhətləri ilə onlara dəstək olacaq. Həmçinin Akademik Milli Dram Teatrı məktəblərdə keçirilən sənət müsabiqələrinin təşkilində də köməklik göstərəcək.
Bu gün Akademik Milli Dram Teatrının Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi “Məktəb və teatr” layihəsi çərçivəsində daha bir tədbir həyata keçirilib. Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və yaxından köməkliyi ilə Akademik Milli Dram Tatrının kollektivi Binəqədi Rayonu 284 saylı orta ümumtəhsil məktəbində olub. Teatrımız 284 saylı məktəbdə Azərbaycan dramaturgiyasının böyük simalarından olan Cəlil Məmmədquluzadənin eyniadlı pyesi əsasında hazırlanan “Anamın kitabı” tamaşası ilə çıxış edib. Mirzə Cəlilin pyesi əsasında böyük ustalıqla hazırlanmış, Vətənə, xalqa, ana dilinə məhəbbət hissləri aşılayan, böyük tərbiyəvi əhəmiyyət daşıyan “Anamın kitabı” tamaşasının aktual mahiyyəti və bədii keyfiyyəti məktəblilər və teatrın müəllim heyəti tərəfindən böyük maraqla qarşılanmışdır. Sabah teatr həmin tamaşa ilə Suraxanı Mədəniyyət Evində çıxış edəcək.