Məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib

485

Artıq bir neçə ildir ki, ümumtəhsil məktəblərində vahid məktəbli formasına keçilib. Bu geyimlərin hazırlanması ilə Bakı Tikiş Evi (BTE) məşğul olur. Bakı Tikiş Evi bu il də şagirdləri məktəbli forması ilə təmin etmək üçün hazırdır. Bu sözləri Bakı Tikiş Evi ASC-nin satış şöbəsinin rəisi Etibar Əzimov AzərTAc-a müsahibəsində bildirib.
Qeyd edib ki, BTE bu il məktəbli formalarının satışı zamanı sıxlığın aradan qaldırılması və vətəndaşların rahat alış-veriş etməsi üçün filiallarının sayını artırıb. Bu ildən Qaradağ rayonunun Lökbatan qəsəbəsində və Binə ticarət mərkəzində BTE-nın satış mağazaları fəaliyyətə başlayıb.
Hazırda Bakının bütün rayon və qəsəbələrində, ümumilikdə, 19 “BTE məktəbli dünyası” satış mağazası fəaliyyət göstərir.
Şöbə rəisi vurğulayıb ki, bu il məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib. Qiymətlər formaların ölçülərinə görə dəyişir. Belə ki, I-IV sinif şagirdləri üçün məktəbli dəstlərinin qiyməti 40, VII-XI sinif şagirdləri üçün isə 52 manat təşkil edir. Bu dəstə köynək, jilet, pencək, şalvar və ya yubka daxildir. Məktəbli geyimlərini və onun aksessuarlarını dəst və fərdi şəklidə almaq olar. Eyni zamanda, il boyu BTE-nin bütün satış mərkəzlərində məktəbli forması və aksessuarları satılır.
Məktəbli dəstlərinin keyfiyyətindən və orijinallığından söhbət açan E. Əzimov bildirib ki, bütün şərtlər toplusu altında formaların gigiyenik və uyğunluq sertifikatı vardır. Məktəbli forması alarkən onun düyməsində, astarında və qolundakı BTE-nin loqosuna diqqət yetirmək lazımdır.