“Məktəblərdə “məktəblinin dostları” adlı qruplar yaradılıb”

479

“Tədris planında konstitutsiyanın əsasları, iqtisadiyyatın əsasları fənləri var idi. İndi mənə verilən məlumata görə, bu fənlər plandan çıxıb”. Bu sözləri “Yeniavaz.com”a açıqlamasında Təhsil Şurasının sədri professor Əjdər Ağayev deyib. Pedaqoqun sözlərinə görə, həyati bacarıqlar fənninin tədrisini isə yanvardan sonra dayandırıblar: “Əgər belədirsə bu uşaqlar hardan ölkənin vəziyyətini, ideyasını, siyasətini bilsinlər? Tərbiyə məsələlərini hardan bilsinlər? Tədris planı və təhsilin təşkilindən çox şey asılıdır. İndi bazar iqtisadiyyatı dövrüdür, iqtisadiyyatın əsasları fənni ona görə lazım idi ki, uşaqlar iqtisadi təfəkkürə yiyələnsin. Həyati bacarıqlar fənnində isə uşaqlar gələcək həyatları ilə bağlı bilgilərə sahib olurdular. Bunların olmamasının nəticəsində uşaqlarda həvəssizlik yaranır. Bundan əlavə müəllimlərin dərs yükü azalır. Ona görə müəllimlərin maaşı azalır, narazılıq yaranır”.
Sinif rəhbərliyi haqda da danışan professor bildirdi ki, məktəblərdə hər bir sinifin rəhbəri olmalıdır: “Sinif rəhbəri həmin sinifə hansı fəndən dərs deyən müəllim olmalıdır. Sinif rəhbəri hər bir uşaqla fərdi məşğul olur, hər uşağın ailəsini də tanıyır bunun nəticəsində də müəllim-valideyn əlaqələri olur. Bunun pedaqoji, psixoloji, tərbiyəvi olaraq şagirdə çox böyük təsiri var. İndi mən eşidirəm ki, sinif rəhbərliyini də ləğv edirlər. Məktəblərdə “məktəblinin dostları” adlı qruplar yaradılıb. 130 məktəbdə ekspremental tətbiq edirlər. Bununla bağlı neçə nəfər mənə zəng edib deyir ki, bu nə deməkdir belə?! Pedaqoji işdən xəbərsiz, pedaqoji prosesi bilməyən adamlar gəliblər məktəbə guya məktəblilərin dostları olublar. Bu nə deməkdir? Məktəbliləri müəllimlərə qarşı qaldırırlar, müəllimlərin daxili işinə qarışırlar. Təhsil nazirliyinin müəllimlərin etik davranış qaydalı var. Bu qaydalarda yazılır ki, hər bir müəllim məktəbə yüksək mədəni səviyyədə gəlməlidir. Geyiminə görə qaydalara riayət etməlidirlər. Amma bu adamlar, hansılar ki, adları məktəblinin dostlarıdır içərilərində qızlarda var, onlar dar şalvar geyib, əndazəsindən çıxmış şəkildə məktəbə gəlirlər. Belə adamları məktəbə niyə buraxırlar? Hərəsinə də 400 manat maaş verirlər. Hansı ki, sinif rəhbərinin maaşını kəsirlər. Bu qrup tamamilə artıqdır. Məktəbin işinə peşəkar olmadan müdaxilədir. Ona görə də müəllimlərdə də, şagirdlərdə də narazılıqlar yaradır. Bütün bu işlər peşəkarlıqla görülməlidir. Yaxşı ölçülüb-biçilməlidir. Birinci növbədə məktəbin tədris, pedaqoji, tərbiyə prosesi peşəkarlıq səviyyəsi nəzərə alınmalıdır. İşi də iş bilənə tapşırmaq lazımdır. Bu məsələlərdə qüsurlar olduğuna görə, hər cür savadsızlıqla qarşılaşırıq. Nəticədə də vətənpərvər mövqeyi olmayan gənlər yetişir”.
Rasim Məmmədli