“Məktəbimizdə belə tədbirlərin təşkili artıq ənənəyə çevrilib”

506

Mingəçevir şəhərindəki 3 saylı beynəlmiləl tam orta məktəbdə təhsil alan şagirdlər Azərbaycanda yaşayan azsaylı xalqların milli-mənəvi dəyələrinə hər zaman hörmətlə yanaşırlar. Bunu onlar keçirdikləri tədbirlərdə həmin xalqların geyimlərini, müxtəlif adət və ənənələrini nümayiş etdirməklə bir daha əyani şəkildə nümayiş etdirirlər. Bu günlərdə yenə də belə bir tədbir keçirilib.
Tədbirdə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sahib Əliyev çıxış edərək qeyd edib ki, Mingəçevirdə 11 xalqın nümayəndəsi yaşayır: “Tolerantlıq bizim üçün əvəzsiz bir dəyər, gələcək nəsillər üçün miras, beynəlxalq aləm üçün nümunədir. Belə tədbirlərin keçirilməsi yaxşı haldır. Bütün bunlar isə ölkəmizin multikultural dəyərlərə necə hörmət etdiyindən bir daha xəbər verir”.

(Tədbirin sonunda məktəbin müəlliməsi Tahirə Tahirovaya fəxri fərman təqdim olunub)

3 saylı məktəbin müəlliməsi Tahirə xanım Tahirova bizimlə söhbətində vurğulayıb ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərə digər xalqların nümayəndələri ilə dosluq, sülh şəraitində yaşamağı aşılamaqdır: “Onu da deyim ki, məktəbimizdə digər xalqların övladları da təhsil alırlar. Məncə, bu elə da Azərbaycanın tolerant bir ölkə olduğunun canlı nümunələrindən biridir”.
Məktəbin direktoru Kəmalə xanım Tahirova isə bildirib ki, məktəbimizdə belə tədbirlərin təşkili artıq ənənəyə çevrilib.
Esmira Hidayətova, Mingəçevir