Məktəbdən qovulan istedadsız uşaq -Tomas Alva Edison

627

Tomas Alva Edison olduqca yoxsul bir ailədə anadan olmuşdu və heç kim onun gələcəkdə dünyanı heyrətə salacaq bir ixtiranın müəllifi ola biləcəyini ağlına belə gətirə bilməzdi.

Çünki uşaq yaşlarından oxuduğu məktəbdə istedadlı bir şagird təsiri bağışlamırdı. İş o yerə gəlib çatmışdı ki, məktəbdəki müəllimlərdən biri Edisonun anasını məktəbə çağıraraq: “Xanım, sizin oğlunuz dərslərdə çox zəifdir. Ən pisi odur ki, o heç nə öyrənmək istəmir və olduqca küt bir uşaqdır. Əgər uşağınızı məktəbdən çıxarsanız çox ağıllı bir iş görmüş olarsınız”,-demişdi. Anası müəllimin bu sözlərindən çox məyus olmuş və Edisonu məktəbdən çıxarmaq məcburiyyətində qalmışdı. Müəllimin bu hərəkəti və oxuduğu məktəbdən qovulması Edisonda ağır izlər buraxmışdı. Ona görə də bu üzüntüsünü aradan qaldırmaq niyyətinə düşdü və əlinə keçən kitabları acgözlüklə oxumağa başladı. Nə qədər qəribə olsa da əlinə aldığı ilk kitablar fizika və kimya ilə əlaqəli oldu. Bu kitabları dönə-dönə oxuyan Edison oxuduqlarını beyninə sanki həkk edirdi. Öz-özünə hərdən sual verirdi: “ Mən niyə və nə üçün məktəbdən qovuldum? Doğrudanmı mən digər uşaqlardan zəifəm və yaddaşım onlarınkından daha pisdir?” Bu suallar onu oxuduğunu daha dərindən qavramağa məcbur edirdi. 10 yaşında olanda o nəinki aşağı, həm də yuxarı sinif şagirdləri üçün nəzərdə tutulan fizik və kimya kitablarını oxuyaraq başa çatdırmışdı və adıçəkilən fənlər üzrə istənilən məktəbin ən bilikli şagirdləri, hətta müəllimləri ilə belə yarışa girməyə və özünün biliyini nümayiş etdirməyə hazır idi. Oxumaq və öyrənmək həvəsi onda o qədər güclü idi ki, hətta zibillikdə belə gördüyü qəzet və ya jurnal parçalarını götürərək oxumağı özü üçün bir şərəf hesab edir və bununla qəlbi rahatlıq tapırdı.

Tomasın gələcəyini görən müəllim

Bu arada isə məktəbə getməyən Edisonun heç nəyə baxmadan əlinə keçən kitabları acgözlüklə oxuması ailənin yaxınlarından olan bir müəllimin diqqətini cəlb etdi. O, balaca Tomasın dərslərdən zəif olması ilə bağlı məktəbdən çıxarıldığını eşidəndə bundan çox üzüldü. Ona görə də o oğullarının məktəbdən çıxarılmasından iztirab çəkən ailəyə yardım əlini uzatmaq qərarına gəldi. Ancaq müəllim balaca Toması oxuduqları ilə bağlı imtahana çəkəndə çaşbaş qaldı. Çünki qabağındakı heç də zəif bir uşağa oxşamırdı və o, oxuduqlarını heyrətamiz bir şəkildə qavrayırdı. Bunu görən müəllim həvəslə balaca Tomasla məşğul olmağa başladı. O, üç il Tomasa müxtəlif fənləri öyrətdi. Üç ilin tamamında artıq müəllim Tomasa dərs verməkdən imtina etdi. Çünki qarşısındakı oxuduqlarını dərindən dərk edərək artıq bəzi məsələlərdə müəlliminə belə dərs keçməyə başlamışdı. Bəs məktəbdən kütlüyünə görə çıxarılmağa məcbur edilən Tomasın birdən-birə fitri istedadının parlamasına səbəb nə olmuşdu? Bu sualın cavabını ancaq məktəbdə dərslərin maraqlı aparılmadığında axtarmaq lazımdır. Belə ki, müəllimləri dərs oxuması üçün Tomasın diqqətini cəlb edə biləcək bir metod tapa bilməmişdilər. 11 yaşında ikən Tomas artıq fizika və kimyadan oxuduqlarını praktikada sınaqdan çıxarmaq həvəsinə düşmüşdü. O bunun üçün bir sınaq otağına ehtiyac duyurdu. Tomas anasından oxuduqlarını sınaqdan keçirməsi üçün ayrıca bir otaq istədi. Anası oğlunun artıq dəyişdiyini və onun tamamilə başqa bir uşağa çevrildiyini hiss edirdi. Ona görə də tərəddüd etmədən oğlu üçün ayrı bir otaq hazırladı. Tomas burada təkbaşına bir laboratoriya qurdu və orada oxuduqları əsasında bir teleqraf cihazı hazırladı. Səbirlə morze əlifbasını da öyrəndi. Bununla kifayətlənməyərək təcrübələrini davam etdirdi və nəticədə çoxlarını heyrətə salan elektriklə işləyən səssayma aparatı icad etdi. O vaxt Tomasın 21 yaşı vardı və ona bu icadına görə patent verdilər. Bu ixtira Edisona şöhrət və gəlir gətirdi. O bu gəlirləri ilə özünün müstəqil texniki araşdırmalar şirkətini qurdu. Az sonra artıq onun şirkətində 50-dən yuxarı adam çalışırdı. İşçiləri Edisondan çəkinir və onun hər şeyi bəyənməməsindən daim təşviş keçirirdilər. Onlar Edisona “yaşlı adam” ləqəbi qoymuşdular. Halbuki həmin dövrdə Edisonun cəmisi 30 yaşı vardı. Bu yaşlı adam isə işçilərindən daha çox çalışırdı. Onun nə gecəsi vardı, nə də gündüzü.

Yeni ixtirası üçün uzun illər çalışdı

Həmin dövrdə Edison işıq lampasının alınması üzərində çalışırdı. O, elektrik ampulunun içərisinə qoyacağı teli tapmaq üçün 200-dən artıq maddəni səbirlə, dönə-dönə sınaqdan çıxarmışdı. Ancaq istədiyini əldə edə bilməmişdi. Buna baxmayaraq, Edison inadla araşdırmalarını davam etdirirdi. Bir bahar gecəsi laboratoriyadan yorğun və üzgün halda çıxaraq evə gəldi. Həyat yoldaşı ona: “Gecə-gündüz bilmədən çalışırsan, bir az da dincəlsən dünya dağılmayacaq ki… Bir az istirahət etsən sənin üçün faydalı olar”,-dedi. Edison buna etiraz etməyərək həyat yoldaşından: “Onda bəs dincəlməyə haraya gedəcəyik”,-deyə soruşdu. Həyat yoldaşı da düşünmədən: “Sənin ən çox sevdiyin yerə”,- deyə cavab verdi. Edison onun bu sözlərinə gülməklə cavab verdi və səhər tezdən yenidən laboratoriyaya üz tutdu. Yenə də istədiyini əldə edə bilmədi. O artıq apardığı tədqiqatlardan işçilərinin yorulduğunu və ümidini itirməyə başladığını hiss edirdi. Ona görə də şirkətində çalışan işlçilərini bir yerə toplayaraq onlara belə bir müraciət etdi: “Bu günə kimi 200 maddəni sınaqdan keçirdik. Ancaq istədiyimizi əldə edə bilmədik. Mən də həmin maddələrin artıq işimizə yaramadığını anlayıram. Ancaq yenə də ümidimi itirməmişəm. Bilirəm ki, bu sahədə tədqiqatlarımızı davam etdirmək fayda verəcək. Apardığımız hər sınaq nəticəsiz olsa da, bizi son məqsədimizə daha da yaxınlaşdırır”.

O, yenidən işçilərinə tədqiqatları davam etdirmək üçün tapşırıqlar verdi.

Bir dəfə Edisonun yanına uzun illər görmədiyi bir dostu gəlmişdi. Söhbət əsnasında gözlənilmədən Edison ayağa qalxaraq dostunun saqqalından bir tük qopardı və laboratoriyaya getdi. Amma bir azdan şaşqın halda yerində donub qalan dostunun yanına qayıdaraq: “Bu tük işimizə yaraya bilər”,-dedi. Amma bu dəfə də istədiyini əldə edə bilmədi… Bir dəfə yenə yorğun -yorğun masasının ətrafında əyləşmişdi. Birdən gözü kostyumunun qopmaqda olan düyməsinə sataşdı. Dərhal da özü-özündən: “Bəlkə bu düymənin tikilməsində istifadə edilən sapın bizə faydası oldu. Axı onları hələ sınaqdan çıxarmamışıq”-deyə soruşdu. Dərhal küçəyə çıxaraq onlarla mağara aldı və onları isidib elastik halına gətirdi. Sonra onları ampulun içinə qoydu. Saplar zəif şəkildə də olsa közərməyə başladı. Bu, Edisona yeni bir güc verdi və o:”Artıq axtardığımı tapacağıma şübhə etmirəm”,-dedi. Və günlərin bir günündə, nəhayət ki, axtardığını tapdı. 1882-ci il sentyabr ayının 4-də Nyu-Yorkdakı bir küçəyə minlərlə adam toplaşmışdı. Onlar maraqla və həyəcanla Edisonun yeni ixtirası əsasında küçəni işıqlandıracaq lampalara baxırdılar. Lampalar 9 binanın qarşısından asılmışdı və onların sayı on mindən çox idi. Bəziləri bu lampaların işləyəcəyinə inanmayaraq onu xəyal məhsulu adlandırırdılar. Nəhayət, qaranlıq düşdü və lampalar yandırıldı. Bir andaca hərtərəf gündüz kimi işıqlandı. Bunu görən Edison isə sevincindən uşaq kimi var gücü ilə bağırırdı: “Artıq dünya elektrik işığına çıxdı”…

Edison həmişə əldə etdiyi bacarığa görə özünün çalışqanlığına minnətdar olduğunu söyləyirdi. Bir dəfə onun bu açıqlamasını maraqla dinləyənlərdən birisi: “Demək, siz uşaqlıqdan belə istedadlı və çalışqan olubsunuz, elə deyilmi?”-deyə soruşdu. Edison isə: “ Xeyr, uşaqlıqda məni məktəbdə ən savadsız və küt bir uşaq hesab edirdilər”, – deyə cavab vermişdi. Gənc bu dəfə də ondan əl çəkməyərək buna görə müəllimlərinə nifrət edib-etməməsini soruşdu. Edison isə gənci şaşırdacaq bir cavab verdi: “Xeyr, sən səhv edirsən. Mən o müəllimlərimə həmişə hörmət etdim. Onlar məni özümə inanmağa məcbur etdilər. Mən də istədiyimə nail olana kimi çalışmağa özümü məcbur etdim”.

Əziz Mustafa