Məktəbdən cəbhəyə və yaxud düşmənin dərsini verən müəllim

512

Təcavüzkarlıq xislətindən əl çəkməyən Ermənistanın cəbhəyanı rayonlarda və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan dinc əhalini hədəf seçməsinə cavab olaraq Azərbaycan Ordusunun ötən il sentyabrın 27-dən etibarən başladığı çevik və qətiyyətli əks-həmlə əməliyyatları xalqımızın milli qürur yerinə çevrilib. Bu Qələbədə müəllimlərin də payı olub. Belə ki,  işğal altında olan torpaqlarımızın azad edilməsi üçün səfərbərliyə qoşulanlar sırasında 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim də düşmənə qarşı vuruşaraq qəhrəmanlıqlar göstərib. Onlardan biri də Mingəçevir şəhər Baxşəli Şıxəliyev adına 6 saylı tam orta məktəbin Hərbi rəhbəri və fiziki tərbiyə müəllimi Musayev Raqib Məhərrəm ogludur.

Tanışlıq

Raqib Musayev 4 fevral 1982-ci ildə Mingəçevir şəhərində anadan olub. 1999-cu ildə Mingəçevir şəhər 10 saylı orta məktəbini bitirib. Elə həmin il də Azərbaycan Dövlət Pedaqoji Universitetinin  Hərbi hazirlıq və fiziki tərbiyə fakültəsinə qəbul olub. Bu təhsil ocağında təhsilini başa vurandan sonra həqiqi hərbi xidmətə yollanıb.  O,2004-cü ildə leytenant rütbəsində ordu sıralarından tərxis olunub. 2005-2007-ci illərdə Mingəçevir şəhər Dilqəm Nagıyev adına 9 saylı tam orta məktəbdə Hərbi rəhbər və fiziki tərbiyə müəllimi vəzifəsində çalışan Raqib Musayev daha sonra Mingəçevir şəhər Turizm Kollecində fəaliyyət göstərib. 2012-ci il ildən isə  Mingəçevir şəhər Baxşəli Şıxəliyev adına 6 saylı tam orta məktəbdə pedaqoji fəaliyyətini davam etdirib.

 

Məktəbdən cəbhəyə

Raqib Musayev elə Vətən müharibəsinə də bu təhsil ocağından yollanıb. O, tağım komandiri kimi  28 nəfərlik heyəti ilə Suqovusan, Ağdərə istiqamətlərində vuruşmaqla yanaşı, bir sıra yüksəkliklərin də alınmasında şücaət göstərib.

 

Müharibə ilə bağlı xatirələrini bölüşən Raqib Musayev bildirdi ki, 2020-ci il sentyabrın 27-də növbəti erməni hərbi təxribatına cavab olaraq başlayan Vətən müharibəsi Azərbaycanın işğalçı ölkənin  təcavüzü nəticəsində zəbt olunmuş ərazilərimizin azad edilməsi kimi zəruri və ədalətli məqsədə xidmət etdi: “Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 illik münaqişəni sona çatdıran bu qısamüddətli müharibə dünya hərb tarixinəmisli görünməmiş savaş kimi düşdü.Artıq dünyanın tanınmış hərbi ekspertləri etiraf  edirlər ki, Azərbaycan, həqiqətən, XXI əsrin  yeni müharibə modelini ortaya qoyub. Hətta mən deyərdim ki, tar-mar etdiyimiz Ermənistan ordusu 100 il bundan sonra da, ordumuzun indiki vəziyyətinə çata bilməz.”

 

Unutmayaq ki…

Müsahibimizin sözlərinə görə, 44 günlük Vətən müharibəsində hər bir döyüşçümüz misli-bərabəri olmayan qəhrəmanlıqlar göstərdi: “Bir zabit kimi deyə bilərəm ki, onların gözlərində qorxudan zərrə qədər də əsər-əlamət görmədim. Əsgər və zabitlərimiz düşmən üzərinə elə şığıyırdılar ki… Amma unutmayaq ki, müharibə itkisiz olmur. Onların hər birinə Allahdan rəhmət diləyir, qazilərimizə isə cansağlığı arzulayıram. Yeri gəlmişkən qeyd edim ki, 44 günlük Vətən müharibəsində 20 nəfər təhsil işçisi döyüşlərdə qəhrəmanlıq və şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb. Müharibə qurtarsa da, heç kim unudulmur, heç nə yaddan çıxmır. Ölməzliyə qovuşan şəhidlərimiz hər zaman sonsuz məhəbbət və ehtiramla yad edilir, qazilərimizə diqqət göstərilir. Bu da gələcək nəsillərin daha vətənpərvər ruhda yetişməsinə stimul verir. Bu yerdə bir məqama da toxunmaq istərdim.Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni reallıqlar yaratmaqla yanaşı, ölkəmizin beynəlxalq aləmdə nüfuzunu gücləndirdi. Azərbaycan lider dövlət və söz sahibi kimi mövqelərini daha da möhkəmləndirdi. İşğaldan azad olunan doğma yurdlarımızın bərpası istiqamətində bu gün Prezident İlham Əliyevin təşəbbüsləri ilə reallaşan layihələr isə bu  bölgəyə yeni ab-hava gətirməkdədir.”

Raqib müəllim,  həmçinin qeyd etdi ki,  hər zaman vətənin keşiyində durmağa, dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi üçün bir müəllim kimi canından,qanından keçəməyə hazırdır: ”Müzəffər Ali Baş Komandanımızın dediyi kimi, düşməni dəmir yumruğumuzla məhv etdik. Fəxr edirəm ki,bu gün azad edilmiş torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Müzəffər bir əsgər kimi bu torpaqların azad olunmasında iştirak etdiyim üçün dövlətimizlə, Prezidentimizlə qürur duyuram.”

Qeyd edək ki, Möhtərəm Prezidentimizin, Ali Baş Komandanımızın sərəncamları ilə Raqib Musayev “Suqovusanın azad olunmasi”, ”Cəsur döyüşçü”, ”Vətənin müdafiəsi” medalları  ilə təltif olunub.

 

Mingəçevir şəhər Baxşəli Şıxəliyev adına 6 saylı tam orta məktəbin  direktoru Xurşud Zamanova bizimlə söhbətində bildirdi ki, Raqib müəllim şagirdlər, valideynlər, müəllimlər arasında böyük hörmət sahibidir: “Əməliyyatların başlanması ilə Raqib müəllim şair demişkən müsəlləh əsgər oldu. Vətən yolunda vuruşdu, ərazi bütövlüyümuz uğrunda döyüşlərə atıldı. Vətənpərvər, millətinə, dövlətinə bağlı insan olan Raqib müəllim Vətən müharibəsində iştirakı ilə həm də məktəbimizin adını yüksəltdi.”

Bir oğul, iki qız atası olan Raqib müəllim söhbət əsnasında o da aydin oldu ki, o, idmana bağlı bir şəxsdir. Belə ki, o,  uzun illər futbolla,yüngül atletika ilə məşğul olub və dəfələrlə müxtəlif mükafatların sahibi olub.1997-1998-ciilllər ərzində Mingəçevir şəhərinin “Kür-Nur” komandasının tərkibində Azərbaycanın yüksək liqasında cıxış edib. 2005-2007-ci illərdə Mingəçevir şəhərinin “Energetik” futbol klubunun üzvü olub.

Kişilik dərsi keçirdilər

Uşaq vaxtı bizə dərs deyən müəllimlərin arasında Böyük Vətən Müharibəsi (1941-1945) veteranları da vardı. Allah onlara rəhmət eləsin. Onlar bizə təkcə fənn yox, həm də öz həyat təcrübələri, keçdikləri şərəfli ömür yolları ilə kişilik dərsi keçirdilər. Raqib və onun kimi qələmini süngüyə çevirib azadlığımız uğrunda döyüşən müəllimlərimiz öz parlaq nümunələri ilə bundan belə müstəqilliyimiz, ərazi bütövlüyümüzdən qürur duyaraq yaşayacaq neçə-neçə nəsillərə həm də kişilik, qəhrəmanlıq, vətənpərvərlik dərsi keçəcəklər.Şübhəsiz, onlar vətənpərvər ruhda böyüyəcək, azğın düşmənə qarşı mərdliklə vuruşmuş, ərazi bütövlüyümüzə nail olmuş, erməni vəhşilərinin dərsini vermiş müəllimlərini, eyni zamanda onun kimi igidləri  daim qürurla anacaqlar.Bu ruhda yetişən nəsilin xarüqələr yaradacağı şəksizdir.

Esmira Hidayətova, Mingəçevir