“Məktəbəqədər təhsilə qoyulan sərmayə ən səmərəli investisiyadır”

Azərbaycanda sürətlə inkişaf edən sahələrdən biri də təhsildir. Son vaxtlar bu sahənin inkişaf etdirilməsini qarşıya məqsəd qoyan mühüm dövlət sənədlərinin qəbul edilməsi, təhsilə ayrılan dövlət vəsaitinin ilbəil artırılması Azərbaycan təhsilinin gələcəyi barəsində nikbin olmağa əsas verir. Məlumat üçün bildirək ki, Birləşmiş Millətlər Təşkilatının 2010-cu il üzrə İnsan İnkişafı Hesabatına əsasən, 2005-ci illə müqayisədə Azərbaycan 34 pillə irəliləyərək, 169 ölkə arasında 101-ci yerdən 67-ci yerə yüksəlib, “orta insan inkişafı” qrupundan “yüksək insan inkişafı” qrupuna daxil olub.

Bununla yanaşı, aparıcı beynəlxalq təşkilatların statistik təhlilləri Azərbaycan təhsilinin beynəlxalq rəqabətə davamlılıq göstəricilərinin və Azərbaycan Respublikası ərazisində yerləşən ali təhsil müəssisələrinin reytinq səviyyəsinin yüksəldilməsinin zəruri olduğunu göstərir.

 Yaşayış məntəqələrinin 75%-də məktəbəqədər təhsil müəssisəsi yoxdur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa görə, məktəbəqədər təhsil təhsilin birinci pilləsi olaraq müəyyən edilib. Bütün sahələrdə olduğu kimi, təhsilin də inkişafının sağlam təməllər üzərində qurulması böyük önəm kəsb edir. Məktəbəqədər təhsilin coğrafiyasına, cəlb olunan şagirdlərin statistikasına nəzər saldıqda Azərbaycanda bu sahədə kifayət qədər ciddi problemlərin olduğunu görürük. Belə ki, ölkədə məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi aşağıdır. Məktəbəqədər təhsillə əhatə səviyyəsi şəhərlərdə 23,4, kəndlərdə 8,7, ölkə üzrə isə 16,5% təşkil edir. Ölkənin yaşayış məntəqələrinin 75%-də məktəbəqədər təhsil müəssisəsi yoxdur.

 “Aİ-nin hədəfi uşaqların 100%-ni 0-3 yaşından etibarən məktəbəqədər təhsilə cəlb etməkdir”

Mövzumuzla bağlı suallarımızı cavablandıran Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin icraçı direktoru Ülviyyə Mikayılova bildirdi ki, məktəbəqədər təhsilin inkişafı  tədricən dünyanın prioritet hədəflərindən birinə çevrilməkdədir. Onun sözlərinə görə, bunun ciddi əsasları var: “Uşaqların beyni o vaxt yaxşı inkişaf edir ki, stimullaşdırıcı siqnallar alır. Beyin stimullaşdırıcı siqnallari isə uşağın rəngarəng və zəngin həyat təcrübəsindən əldə edir. Fiziologiyaya görə, uşağın beyni 2-3 yaşına kimi tam formalaşır. İnsan resursları sahəsində araşdırma aparan və məktəbəqədər təhsilin nə qədər önəmli olmasını sübut edən Ceyms Hekman bu işinə görə Nobel mükafatına layiq görülüb. O, apardığı araşdırmalar nəticəsində bu qənaətə gəlib ki, məktəbəqədər təhsil yaşında olan uşaqlara qoyulan sərmayə, ən səmərəli investisiya hesab olunur”. Avropa İttifaqı (Aİ) ölkələrinin məktəbəqədər təhsilə böyük əhəmiyyət verdiklərini bildirən müsahibimiz bunları dedi: “Həmin ölkələrdə 4 yaşından yuxarı bütün uşaqlar məktəbəqədər təhsilə cəlb olunurlar. Bu qanun Aİ ölkələrinin çoxunda icbaridir. Və bu formal təhsil dövrü hesab olunur. Onların hazırkı hədəfləri isə uşaqların 100%-ni 0-3 yaşından etibarən məktəbəqədər təhsilə cəlb etməkdir”.

 “Subsidiya olmadan özəl məktəbəqədər təhsil müəssisələri davamlı işləyə bilməz”

Ü. Mikayılovanın sözlərinə görə, məktəbəqədər təhsil verməklə müxtəlif müəssisələr məşğul ola bilərlər: “Məktəbəqədər təhsil müəssisələrinin hamısı dövlətin ola bilməz. Bu sahədə yerli idarəetmə orqanlarına tabe və ya özəl təhsil müəssisələr də olmalıdır. Bildiyiniz kimi, Azərbaycanda fəaliyyət göstərən özəl məktəbəqədər təhsil müəssisələri vergidən azad olunub. Bu, çox müsbət haldır. Amma Dünya Bankının (DB) araşdırma və təhlilləri göstərir ki, subsidiya olmadan özəl məktəbəqədər təhsil müəssisələri gəlirli və  davamlı işləyə bilməz. Buna görə də DB özəl məktəbəqədər təhsil müəssisələrinə subsidiyaların verilməsini tövsiyə edir. Amma dövlətdən subsidiya alan belə müəssisələr  qiymətlərini vətəndaşların cibinə uyğun müəyyənləşdirməlidirlər”. Dediklərinə Finlandiyadan nümunə gətirən Ü. Mikayılova bunları söylədi: “Finlandiyada bütün özəl məktəbəqədər təhsil müəssisələri dövlətdən subsidiya alır. Buna görə də həmin müəssisələrdə təhsil haqqı 250 avrodan çox deyil”.

 “Uşaq həftədə 9-15 saat məktəbə hazırlıq dərsləri almalıdır”

Müsahibimizin sözlərinə görə, məktəbəqədər təhsil xidmətlərinin diversifikasiyası təmin olunmalıdır: “Məktəbəqədər təhsil müəssisələrinin tikilməsi və saxlanılması çox böyük vəsait tələb edir. Ona görə də Azərbaycan vətəndaşlarını məktəbəqədər təhsillə tam  təmin etmək üçün bu xidmətlərin diversifikasiyasını mütləq təmin etmək lazımdır. Bunsuz biz heç vaxt məktəbəqədər təhsil müəssisələrinin əhatə dairəsini lazımi səviyyədə genişləndirə bilmərik. Azərbaycanda fəaliyyət göstərən 1677 məktəbəqədər təhsil müəssisələri uşaqların 16,5%-nə yetirsə, 100%-lik nəticə əldə etmək üçün görün nə qədər müəssisə tikilməlidir. Bu qədər müəssisə tikmək əvəzinə, dövlət müəyyən şəxslərə, şirkətlərə, icmalara və s. subsidiyalar ayırmaqla, müəyyən stimullaşdırıcı layihələr həyata keçirməklə istədiyi nəticəyə nail ola bilər”. Ü. Mikayilovanın sözlərinə görə, Azərbaycanda belə örnəklər artıq var: “Şəmkir rayonunun iki kəndində bələdiyyələrin nəzdində məktəbəqədər təhsil müəssisələri fəaliyyət göstərir. Onlar şagirdləri yeməklə təmin etmək potensialına malik olmasalar da, uşaqlara hazırlıq dərsləri keçirlər. Hansı ki, bunun özü də Aİ standartlarına uyğundur. Həmin standarta görə, hər bir uşaq həftədə 9-15 saat məktəbəhazırlıq dərsləri almalıdır”.

 “Məktəbəqədər təhsilin əsas problemi əhatə dairəsinin çox dar olmasıdır”

Məktəbəqədər təhsilin əhatə dairəsi baxımından postsovet ölkələrindən belə geri qaldığımızı qeyd edən Ü. Mikayılova fikrini aşağıdakı sözlərlə əsaslandırdı: “ Qazaxıstanda müstəqilliyin ilk illərində məktəbəqədər təhsil uşaqların 10%-ni əhatə etdiyi halda, hazırda bu göstərici 55%-dir. Onlar bununla bağlı daha bir dövlət proqramı qəbul ediblər ki, həmin göstəricini 100%-a çatdırsınlar. Azərbaycan bu sahədə qonşu Gürcüstandan belə geri qalır”. Nümunələrdən də göründüyü kimi, Azərbaycanda məktəbəqədər təhsilin əsas problemi əhatə dairəsinin çox dar olmasıdır deyən müsahibimiz fikirlərini bu sözlərlə yekunlaşdırdı: “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas hədəflərindən biri də erkənyaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılmasıdır”.

 “Erkənyaşlı uşaqların inkişafı və təşkili prinsipləri müəyyən olunmayıb”

Mövzumuzla bağlı suallarımızı cavablandıran Milli Qəhrəmanımız Tahir Həsənov adına 23 saylı  Orta Məktəbin direktoru Yuliya Kərimova bildirdi ki, məktəbəqədər təhsil ifadəsi əslində böyük bir anlayışı daraldır: “Qərbdə erkənyaşlı uşaqların inkişaf prioritetləri var. Orada məktəbəqədər təhsil uşaqların kompleks inkişafına xidmət edən vasitələrdən biridir. Əsas hədəf isə uşaqların şəxsiyyət olaraq sağlam zehni və bioloji inkişafını təmin etməkdir. Bizdə isə erkənyaşlı uşaqların inkişafı və təşkili prinsipləri müəyyən olunmayıb”. Onun sözlərinə görə, bizdə məktəbəqədər təhsilin təşkili məsələsi heç də dünya miqyasında uşaqların inkişaf prinsipləri kimi  qəbul olunan və rəhbər tutulan qaydalarla üst-üstə düşmür: “Biz uşaqları çox yükləyirik. Onların təbii inkişaf qanunauyğunluqlarını nəzərə almırıq”. Azərbaycanda “Məktəbəqədər təhsilin kurikulumu”nun təsdiq olunmasını xatırladan müsahibimiz bu istiqamətdə müəyyən dərəcədə müsbət addımların atıldığını qeyd etdi: “Bu kurikulumda təhsilə uşağın inkişafına vasitə kimi baxılır”.

 “İslahatlara kadr hazırlığından başlanmalıdır”

Y. Kərimovanın sözlərinə görə, məktəbəqədər təhsildə olan problemlərdən biri də keyfiyyətli kadrların olmamasıdır: “Təhsilin bütün pillələrində islahatlara birinci növbədə kadr hazırlığından başlamaq lazımdır. Eləcə də məktəbəqədər təhsildə. Yaxşı kadr şəraitsiz, vəsait problemi olan müəssisədə də keyfiyyətli iş görməyin yollunu axtarıb tapır. Bizdə isə belə fikir formalaşıb ki, texnikum təhsili ilə məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərmək olar. Bu, çox yanlış fikirdir”. O bildirdi ki, məktəbəqədər təhsilin verilməsinin müxtəlif formatı, qeyri-ənənəvi yolları araşdırılıb tapılmalıdır. Müsahibimiz uşaqlar üçün mütaliə materiallarının yox səviyyəsində olmasını da məktəbəqədər təhsilin əsas çatışmazlıqlarından biri kimi dəyərləndirdi.

Elvin Əliyev