Məhsul keyfiyyətsizdirsə…

653
Tətbiq olunan hər bir yeni texnologiya istehsalın inkişafını təmin etməklə yanaşı, həm də ətraf mühitə az mənfi təsir göstərməli, hərtərəfli keyfiyyət göstəricilərini özündə birləşdirməlidir. Təəssüf ki, bəzən istehsalçılar çoxlu pul qazanmaq naminə bu mühüm məsələni “unudur”, keyfiyyəti arxa plana keçirirlər.
Elm və texnikanın sürətli inkişafı hər bir sahədə istehsalın sürətləndirilməsi üçün yeni texnologiyaların tətbiqinə şərait yaradır. Uzağa getməyək; bir vaxtlar istifadə etdiyimiz müxtəlif məişət avadanlıqlarının çoxu indi tarixə qovuşub. Misal üçün, indi çox az adam mənzilində ötən əsrin sonlarında istehsal olunmuş iri telefon aparatlarından, “korobka” televizorlardan istifadə edir. Çünki dünyanın aparıcı firmalarının buraxdığı mobil aparatlar, plazma televizorlar o qədər sürətlə yenilənir ki, hər kəs beş-on il əvvəlki cihazlardan canını qurtarmağa çalışır. Onu da deyək ki, bu məişət avadanlıqları bir neçə funksiyanı yerinə yetirməklə yanaşı, eyni zamanda istifadəçiyə rahatlıq bəxş edir. Bütün bunlar, şübhəsiz, keçmişə nisbətən qazanılmış üstünlüklərdir. İlk baxışda bu, çox yaxşıdır. Amma biz mobil telefonların insan səhhətinə vurduğu ziyanı çox zaman unudur, gün ərzində bəzən bir neçə saat ondan istifadə edir, yaxud bütün günü üstümüzdə gəzdiririk. Unuduruq ki, həmin aparatların buraxdığı şüalar insanda müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Bunu həkimlər dəfələrlə xatırlatmışlar. Onu da əlavə edək ki, mobil telefonların buraxdığı şüalar təkcə bizim səhhətimizə deyil, hətta digər canlılara, ətraf mühitə də təsir göstərir, fəsadlar yaradır. Yada salaq ki, mobil operatorların ölkə ərazisində qurduğu yüzlərlə ötürücü və gücləndirici stansiyalar da güclü şüalanma yaradır. Eyni fikirləri rəngli televizorlar barədə də söyləyə bilərik. Demək, tətbiq olunan hər bir yeni texnologiya istehsalın inkişafını təmin etməklə yanaşı, həm də ətraf mühitə az mənfi təsir göstərməli, hərtərəfli keyfiyyət göstəricilərini özündə birləşdirməlidir. Təəssüf ki, bəzən istehsalçılar çoxlu pul qazanmaq naminə bu mühüm məsələni “unudur”, keyfiyyəti arxa plana keçirirlər.

 Həm yerli istehsalda, həm də idxalda keyfiyyətə ciddi fikir verməliyik

Söylənilənlərin əyani təsdiqini görmək üçün evinizdən çıxan zibil torbalarının içinə, həyətinizdə qalaqlanan məişət tullantılarına baxın. Orada hər cür məhsul var – müqəddəs saydığımız çörək də, müxtəlif parçalardan hazırlanmış paltarlar da, mebel qırıqları da, uşaq oyuncaqları da. Hər şeydən əvvəl, çörəyin zibilliyə atılmasının bir səbəbi bəzi insanlarımızın harınlığı ilə bağlıdırsa, digər səbəbi həmin məhsulun keyfiyyətsiz bişirilməsidir. Bu mənzərəni görəndə fikirləşirsən ki,    min bir zəhmət bahasına araya-ərsəyə gətirilən müqəddəs nemətə qarşı bu qədər  hörmətsizliyin qarşısı niyə alınmır? Diqqətlə fikir verildikdə aydın görürsən ki, digər məhsulların çoxunun tullantıya çevrilməsinin başlıca səbəbi də onların keyfiyyətsiz olması ilə bağlıdır. Hər gün təkcə bir şəhərdə tullantıya, üfunətə, xəstəlik mənbəyinə çevrilən yüz min tonlarla belə məhsullar həm insanlarımızın sağlamlığına, həm də ətraf mühitin korlanmasına səbəb olur. Eyni zamanda bu tullantıların daşınmasına, zərərsizləşdirilməsinə çoxlu vəsait sərf olunur.

İndi dünyanın qapıları, belə demək olarsa, hər birimizin üzünə açıqdır. Yəni bu gün hər kəs istənilən ölkəyə gəzməyə, yaşamağa, təhsil almağa, alış-veriş etməyə və yaxud biznesini qurmağa gedə bilər. Buna görə də hazırda soydaşlarımız ən uzaq ölkələrə belə üz tutur, orada ticarət edir, istehsal təyinatlı müəssisələr qururlar. Bununla yanaşı, iş adamlarımız xaricdən müxtəlif təyinatlı məhsulları satış üçün respublikamıza gətirirlər. Əlbəttə, bunlar çox yaxşı və vacibdir. Çünki əgər biz bazar iqtisadiyyatı yolunu tutub, dünya iqtisadiyyatına inteqrasiya olunmaq istəyiriksə, ixracata və idxala xüsusi diqqət yetirməliyik. Bunun üçün isə, ilk növbədə, hər sahədə keyfiyyətli məhsul istehsal etməliyik. Ona görə ki, dünya bazarında yalnız yüksəkkeyfiyyətli və rəqabətədavamlı, müasir tələblərə cavab verən məhsullar alınır. Təəssüf ki, respublikamız bu gün dünya bazarına daha çox xammal kimi neft və qaz, həm də bu təbii sərvətlərin ilkin emalı zamanı əldə edilən məhsulları çıxarır. Amma neftimiz başqa ölkələrin “qara qızıl”ından nə qədər keyfiyyətli olsa da, ölkənin yanacaqdoldurma məntəqələrində satılan benzin və digər neft məhsulları istənilən keyfiyyətdə deyil. Qeyri-neft sektorunda istehsal edilən məhsullarımızın çoxu da müasir standartlara cavab vermir. Gəlin taxılçılığa diqqət yetirək. On-onbeş il əvvələdək respublikamızda tez-tez taxıl qıtlığı yaranırdı. Bunu nəzərə alaraq, hökumət bu sahənin sürətli inkişafına nail olmaq, xaricdən taxıl və un gətirilməsini məhdudlaşdırmaq, yerli məhsullara üstünlük vermək məqsədilə müxtəlif tədbirlər həyata keçirdi, xüsusilə buğda istehsalçılarına böyük yardımlar ayrıldı. Nəticədə taxıl məhsulları, xüsusilə buğda istehsalı rekord səviyyəyə çatdı. Lakin məhsul bol olsa da, keyfiyyət istənilən səviyyədə deyil.Demək, öncə qeyd edildiyi kimi, biz həm yerli istehsalda, həm də idxalda keyfiyyətə ciddi fikir verməliyik. Çünki hər bir yüksəlişimiz insanlarımızın sağlamlığı, ətraf mühitin mühafizəsi və digər amillər keyfiyyətin səviyyəsindən çox asılıdır.

 Xəstəliklərin artmasının səbəbi əhalinin keyfiyyətsiz ərzaq məhsulları ilə qidalanmasıdır

Təəssüf ki, respublikamızda əksər istehsalçılar, biznesmenlər bu məsələyə lazımi diqqət yetirmirlər. Buna görə də ağsaqqalların sözü ilə desək, sanki dünyanın dadı-tamı göyə çəkilib. Ayrı-ayrı ölkələrdən gətirilən meyvələrə, şirniyyatlara, ət və süd məhsullarına baxdıqda görünüşünə, qabına, etiketinə heyran olursan. Ancaq elə ki, meyvəni soyub, ağzına salırsan, peşman olursan. Şirniyyat məhsulları və ət-süd məhsulları da eləcə. Bu məhsulların keyfiyyətsizliyi bir yana, həmin ərzaqların istifadə müddəti bitəndən  sonra da həftələrlə mağazalardan yığışdırılmır. Tam əminliklə demək olar ki, əgər satışda olan ərzaqlar diqqətlə yoxlanılsa, əhaliyə təqdim olunan istər xarici, istərsə də yerli məhsulların yarıdan çoxu istehlak üçün yararsız çıxar.

Ölkəmizə gətirilən sənaye məhsullarının da çoxu keyfiyyətsizdir. Buna görə insanlarımız təzə paltarları əyinlərinə geyəndən bir müddət sonra müxtəlif xəstəliklərə yoluxurlar. Bu yaxınlarda televiziya kanallarının birində hərbi xidmətə çağırılan gəncləri müayinə edən  həkim bildirdi ki, son illər oğlanlarımızın xeyli hissəsinin pəncəsi istənilən formada olmur. Həkimin fikrincə, bu, onların keyfiyyətsiz Çin istehsalı olan ayaqqabıları geyinmələri ilə bağlıdır. Respublikamızda mədə-bağırsaq xəstəliklərinin artmasının səbəbi də əhalinin keyfiyyətsiz ərzaq məhsulları ilə qidalanmasının nəticəsidir.

Bu gün hansı dükan-bazara üz tutursan, daha çox keyfiyyətsiz məhsullarla üz-üzə dayanırsan. Bu məhsullar isə problemə əncam çəkməli olan qurumların əməkdaşlarının gözü qarşısında satılır. Bu məhsulları piştaxtalardan yığışdırmaq barədə isə sanki heç kim düşünmür. Arabir İqtisadi İnkişaf Nazirliyinin, yaxud Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən bu məsələ ilə bağlı informasiyalar verilir. Bildirilir ki, həmin qurumların əməkdaşları hansı mağaza və satış mərkəzindəsə müəyyən qədər yararsız ərzaq və spirtli içkilər aşkar ediblər. Açığı, bu informasiyalar əhali tərəfindən, yüngül desək, təbəssümlə qarşılanır. Düşünürsən ki, doğrudanmı, həmin satış mərkəzlərində keyfiyyətsiz və yararlılıq müddəti ötən məhsullar yalnız göstərilənlər olubmu?

Nazirlər Kabinetinin müxtəlif iclaslarında Prezident İlham Əliyev söhbət açdığımız problemlə bağlı  kəskin fikirlər səsləndirib. Prezident deyib ki, Azərbaycanda keyfiyyətsiz malların satılmasına ciddi qadağa qoyulmalı, nəzarət gücləndirilməlidir. Onun sözlərinə görə, keyfiyyətsiz idxal mallarına qarşı çox ciddi tədbirlər görülməli, onların Azərbaycana daxil olmaması üçün sədd qoyulmalıdır.

Düşünürəm ki, çox mühüm və illərlə xalqı narahat edən ciddi məsələyə qarşı mübarizənin səmərə verməsi üçün hökumət qurumları bu işə hər bir istehsal sahəsindən və gömrük qapılarımızdan başlamalıdırlar.  Demək, hər kəs keyfiyyət barədə düşünməlidir. Çünki keyfiyyətsiz məhsul həm sağlamlığımıza, həm də ətraf mühitə zərbə deməkdir.

Azərbaycan

Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:

Səməd Məlikzadə