Məhkəmə hakimiyyətinin nüfuzunun artırılmasına xidmət edən sənəd

351

“Ölkəmizin davamlı tərəqqisinin təmin olunması məqsədi ilə həyata keçirilən iqtisadi, sosial islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edirdi. Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman gözlənilən idi”.

Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında Konstitusiya Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev söylədi.

Müsahibimiz bildirdi ki, məhkəmə sistemi yalnız hakimiyyətin bir qolu deyil, eyni zamanda, cəmiyyətdə ədalətin təmin olunması, ən başlıcası harmonik, dayanıqlı inkişafa təsir göstərən, bərabərliyin, hüquq və azadlıqların qorunmasını həyata keçirən ali instansiyadır: “Müasir dövrdə məhkəmələrin texniki institut kimi nəzərdən keçirilməsi yanlış olardı. Onların fəaliyyəti bütövlükdə cəmiyyətdə böyük təsirə malikdir. Dövlətin sarsılmaz təməli ədalət olmalıdır. Fərmanda məhz bu yanaşma əsas götürülüb. Məsələn, sənəddə sahibkarlıqla bağlı xüsusi ixtisaslaşmış məhkəmənin yaradılması nəzərdə tutulub. Bu məhkəmədə sahibkarlıq fəaliyyəti ilə əlaqədar müxtəlif məsələlərə (vergi, gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi və s.) baxılacaq. Sahibkarların ümid yeri ola biləcək belə bir qurumun yaradılması ölkəyə sərmayələrin axınının gücləndirilməsinə, həm də məhkəmə hakimiyyətinə etimadın artmasına xidmət edəcək. Hesab edirəm ki, bu, çox əhəmiyyətlidir və islahatların öz məqsədinə çatmasına yönələn məsələlərdəndir. Şübhəsiz, bu da ölkəmizdə sahibkarlığın inkişafına öz töhfəsini verəcək.

Müşahidələr göstərir ki, bəzi hallarda məhkəmə iclaslarında deyilən sözlər, fikirlər, eləcə də şahid ifadələri ya təhrif olunur, ya da dəyişdirilir.   Belə hallar da məhkəmə qərarlarının keyfiyyətinə təsir edir, bəzən də qərarların düzgün verilməməsinə, spekulyasiyaya, sövdələşmələrə gətirib çıxarır. Bu sənədə görə isə bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısı aparlıcaq, protokollar da buna uyğun hazırlanacaq, son nəticədə isə hakimlər saxtakarlığa yol verməkdən çəkinəcəklər. Bu, həm də proses iştirakçılarının bir-birinə etimadın artmasına, psixoloji maneələrin aradan qaldırılmasına səbəb olacaq”.

Hüquqşünas qeyd etdi ki, Fərmanda hakimlərin sosial müdafiəsinin gücləndirilməsi də nəzərdə tutulur: “Hakimlərin sosial müdafiəsinin yetərli səviyyədə olması, əmək haqlarının dəfələrlə artırılması onların yuxarı-aşağı, sağa-sola baxmalarının qarşısının alınmasının başlıca şərtidir. Fərmanda qeyd olunan bu məsələ hakimlərin üzərinə yeni bir məsuliyyət qoyacaq. Onlar da  qərarları daha ədalətli, qanuna, haqqa, hüquq düşüncəsinə əsaslanaraq qəbul edəcəklər ki, cəmiyyətdə narazılıqlar mövcud olmasın. Fərmanda rüsümların bir hissəsinin məhkəmələrin maddi-sosial təminatının gücləndirilməsinə yönləndirilməsi məsələsinin qoyulması da çox mühümdür”.

Ə. Nuriyev vurğuladı ki, heç kimə sirr deyil ki, ölkəmizdə vəkillik institutuna etimadın azalması proseslərindən biri vəkillərlə prosesin digər tərəfləri arasında qeyri-prosessual münasibətlərin olmasıdır: “Fərmanda bunun qarşısının alınması üçün tövsiyələr əksini tapıb. Hesab edirəm ki, bununla Kollegiyanın bu istiqamətdə gördüyü işlər daha da dərinləşəcək. Bundan başqa, Fərmanda pulsuz hüquqi yardımın göstərilməsi üçün ayrılan vəsaitin birbaşa Vəkillər Kollegiyasının hesabına köçürülməsi Maliyyə Nazirliyinə tapşırılıb. Bu da çox mühüm məsələdir”.

Müsahibimizin fikrincə, bütün bunlar həm də məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi ilə nəticələnəcək: “Bir sözlə, dövlətimizin başçısı yeni Fərmanı ilə məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi, məhkəmələrə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, süründürməçiliyin və digər mənfi halların aradan qaldırılması üçün strateji “yol xəritəsi” müəyyənləşdirib. Şübhəsiz, bu da mövcud durumu köklü şəkildə dəyişəcək. Yeri gəlmişkən, artıq Fərmanın icrası ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin əmri ilə xüsusi komissiya yaradılıb. Fərmandan irəli gələn məsələlərin icrası ilə bağlı Komissiya tərəfindən tədbirlər planı işlənib hazırlanıb. Tədbirlər planının təxirə salınmadan həyata keçirilməsinə başlanıb”.

Qvami Məhəbbətoğlu, “İki sahil”