Məhdudiyyətlər aradan qaldırılıb

0
441

Azərbaycanın ən mənzərəli yerlərindən olan Göygölə turist girişinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb. 2008-ci ildən Göy Gölə Milli Park statusu verildikdən sonra burada ekoloji vəziyyətin yaxşılaşdırılması və turizm infrastrukturunun yenidən qurulması üzrə köklü tədbirlər həyata keçirilib. Göygöl Milli Parkının yenidən kütləvi istirahət və gəzintilərə açılması ilə bağlı burada Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təbiətin mühafizəsi və ekosistemin qorunması istiqamətində daimi nəzarət və tədbirlər həyata keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə olunan Təbiət Əraziləri Departamentinin nümayəndəsi Vaqif Cavadov bildirib ki, əvvəllər ərazidə xaotik vəziyyət əmələ gəlmişdi:

“Göygöl ərazisinə kim istədi, necə istədi gəlirdi, göldə çimmək, təbiəti zibilləmək, ziyan vurmaq kimi hallara rast gəlinirdi. İndi əsas məqsədimiz ərazidə biomüxtəlifliyi, ekoloji mühiti qorumaqdır. Bunun üçün turistlər bizim tərəfimizdən hazırlanan və Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara riayət etməlidirlər”.

Qeyd edək ki, qaydalara uyğun olaraq Milli Parka daxil olacaq hər avtomobilin sürücüsü qiyməti iki manat olan bilet almalıdır. Sonra avtomobil xüsusi yerdə parkinq olunmalıdır. Bunun üçün avtomobil sahibi dayanacağın hər saatına 50 qəpik ödəməlidir. Həmçinin avtomobilsiz ziyarətçiləri buraya gətirmək üçün xüsusi avtobuslar ayrılacaq.
Eyni zamanda ərazidə fəaliyyətə başlayacaq restoran, kafe, eləcə də mehmanxanaların xidmətindən istifadə etmək mümkün olacaq.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here