Məhəmməd Əmin Rəsulzadə: azadlıq və müstəqillik aşiqi (2)

696
1906-cı ilin dekabrından “Hümmət” qəzeti “Təkamül” adı ilə çıxmağa başladı. Rəsulzadənin Əlibəy Hüseynzadənin (1864-1941) redaktor olduğu “Füyuzat”, həmçinin Əhmədbəy Ağayevin (1869-1939) redaktorluğu ilə çıxan “İrşad” və “Tərəqqi” qəzetlərində müxtəlif mövzularda məqalələri və şeirləri çap olunub. Müəyyən müddət o, “İrşad” qəzetinin müvəqqəti redaktoru da olub.
Ədəbi fəaliyyəti

Həmin dövrdə  Rəsulzadə mənsub olduğu xalqın milli oyanışına nail olmaq üçün apardığı siyasi mübarizəsini qələmi ilə də davam etdirirdi. Belə ki, o, 1907-ci ildə A. Blyumun “Fəhlə sinfinə hansı azadlıq lazımdır” (“Xalq nümayəndəliyi haqqında”) kitabını Azərbaycan dilinə təcümə etdi. Bu kitabda milli və sinfi mübarizənin əsas istiqamətləri təhlil edilmişdi və maarifləndirici baxımından olduqca önəm daşıyırdı. Ədəbi yaradıclıq sahəsində də qələmini sınayan Məhəmməd Əmin milli azadlıq mübarizəmizi əks ətdirən “Qaranlıqda işıqlar” pyesini yazdı. Bu pyes 1908-ci ildə tamaşaya qoyuldu və müəllifinə böyük şöhrət gətirdi. Belə ki, pyesdə Rəsulzadə xalqımızın milli oyanışını, əsarətə qarşı mübarizəsini və milli muxtariyyət ideyasını təbliğ edirdi. Əsərin ana xəttini də rus çariziminə qarşı mübarizə və mütləqiyyətin yıxılması çağırışları təşkil edirdi.  Rəsulzadənin bu pyesi, o dövrdə milli-azadlıq mübarizəsini, əsarətə, müstəmləkə rejiminə qarşı mübarizəni təbliğ edən və siyasi yöndə yazılan ilk əsər idi. Bu əsərdə qeyd etdiyimiz kimi ilk dəfə milli muxtariyyət ideyası öz əksini tapıb. Bu da əsassız deyil. Çünki o dövrdə çarizmin  müstəmləkə zəncirindən yalnız addım-addım xilas olmaq olardı. Bu müstəvidə də müstəqilliyə gedən yolda ilk məqsəd əvvəlcə milli muxtariyyətin əldə edilməsi olacaqdı. Milli muxtariyyət xalq arasında milli mənəvi dəyərlərin təbliğinə geniş imkan verərək onları müstəqillik uğrunda yeni mübarizəyə hazırlamaq yönündə atılan ən önəmli addımlardan biri olacaqdı. Rəsulzadə bu əsərindən əlavə “Nagəhan bəla” adlı pyes də yazıb. Həmin dövrdə Rəsulzadə həmçinin Üzeyir Hacıbəyovun (1885-1948) “Türk-rus və rus-türk lüğəti” kitabının nəşrində nail oldu. Rəsulzadə ədəbi fəaliyyətini sonrakı illərdə də davam etdirdi.

Stalini iki dəfə ölümdən xilas etdi

Rəsulzadə  o vaxt inqilabçılar arasında “Koba” ləqəbi ilə tanınan İosif Stalinlə da yaxından tanış idi. Bolşeviklər Stalini Bakıya göndərərək ona buradakı siyasi mübarizəyə başçılıq etməyi tapşırmışdılar. Stalin həm də RSDFP üçün Bakıda maliyyə mənbələri tapmalı idi. O isə bunun üçün bir qrupla birlikdə yerli bankları yarmaq və əldə etdiyi pulları Leninə göndərmək yolunu tutmuşdu. Stalin o dövrdə tez-tez fəhlə yığıncaqlarında iştirak edərək alovlu nitqlər söyləyirdi.  Rəsulzadə Stalinlə belə yığıncaqlardan birində tanış olmuşdu. Onların tanışlığı isə tezliklə möhkəm dostluğa çevrildi.  Həmin dövrdə Rəsulzadə iki dəfə Stalini ölümdən xilas etmişdi. Belə ki, Stalinin  varlılar əleyhinə təbliğat apardığını görən qoçular onu tutaraq neft quyusuna atmaq istəmişdilər. Bundan xəbər tutan Rəsulzadə dərhal hadisə yerinə gedərək, Stalini qoçuların əlindən almış, sonra isə onun polis tərəfindən həbsinə imkan verməmək üçün Novxanıya aparmışdı. Rəsulzadənin atası məşhur din xadimi Axund Molla Ələkbər Stalini səmimi qarşılamışdı. Sonra da onu  polisin əlindən xilas etmək üçün məscidə apararaq minbərin altında gizlətmişdi. Ara sakitləşəndən sonra isə Rəsulzadə və atası Stalinə gizlicə Bakını tərk etməkdə yardım etmişdilər. Rəsulzadə ikinci dəfə Stalini Lənkəranda ölümdən xilas etmişdi.  Belə ki, yoldaşları ilə ticarət gəmisini qarət edən Stalin baş verən atışmada ayağından yaralanaraq ələ keçmişdi. Onu Lənkəranda güllələmək istəyirdilər. Lakin bundan xəbər tutan Rəsulzadə yenə də onun köməyinə gedərək, Stalini labüd ölümdən xilas edə bilmişdi. O vaxt Stalin Rəzulzadəyə demişdi ki, sən iki dəfə məni ölümdən qurtardın, sənə iki borcum var və onu  hökmən geri qaytaracağam. Stalin, həqiqətən də, sonralar bu sözünə əməl etdi…

İrana və Türkiyəyə mühacirət

Lakin həmin dövrdə Rəsulzadənin çarizmə qarşı apardığı mübarizə xəfiyyələrin diqqətini cəb etmişdi. Onun hər addımını izləyərək həbs etmək üçün bəhanə axtarırdılar. Ona görə də həbs edilmək təhlükəsi ilə üzləşdiyindən Rəsulzadə 1908-ci ilin axırında İrana getməyə məcbur olur.  O, burada milli-azadlıq mücadiləsini davam etdirdi. Həmin dövrdə xalq qəhrəmanı Səttarxanın başçılığı altında Cənubi Azərbaycanda şah rejiminə qarşı azadlıq mübarizəsi başlamışdı.  M.Ə.Rəsulzadə Təbrizdə xalqımızın milli qəhrəmanı Səttarxanla və onun silahdaşları ilə görüşür və onların azadlıq mübarizəsini dəstəkləyirdi.     Alovlu vətənpərvər həmin dövrdə Cənubi Azərbaycanın şəhər və kəndlərini gəzir, öz doğma xalqının acınacaqlı vəziyyəti ilə yaxından  tanış olurdu. Bu  səyahət  zamanı gördükləri sonralar M.Ə.Rəsulzadənin ədəbi yaradıcılığında güclü iz buraxmışdı.

Cənubi Azərbaycanda siyasi mübarizəni mütəşəkkil hala salmaq və ona rəhbərliyi təmin etmək məqsədilə Rəsulzadə 1910-cu ilin sentyabr ayında bir qrup İran ziyalısı ilə birlikdə İran Demokrat Partiyasını yaradır. Rəsulzadə İranda olduğu müddətdə bir neçə qəzetin baş redaktoru olmuşdu.

“O, “İrane Nou” və”İrane Ahat” qəzetlərinin baş redaktoru olur. 1909-cu il avqustun 24-də fəaliyyətə başlayan gündəlik və müstəqil “İrane Nou” 2-3 min nüsxə ilə İranın ən böyük qəzeti oldu. 1910-cu ilin yayında bağlansa da, payızda, oktyabrın 26-da artıq Demokrat partiyanın orqanı kimi fəaliyyətini bərpa etdi. Həmin qəzetlərdə M.Ə.Rəsulzadənin çoxlu məqalələri, şeir və publisistik yazıları çap olunmuşdur. O, öz qələmi ilə İranda Avropa tipli jurnalist sənətinin əsasını qoymuşdur. Sonralar Seyid Həsən Tağızadə, M.Ə.Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda yazacaq: “Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən M.Ə.Rəsulzadə olmuşdur”. ( Mənbə http://az.wikipedia.org/wiki Məhəmməd Əmin Rəsulzadə)

Amma həmin vaxt  Rəsulzadənin İrandakı geniş fəaliyyəti çar hökumətini narahat etməyə başlamışdı. Onlar şahdan Rəsulzadənin İrandan qovulmasını tələb etdilər. Bunu görən  İrandakı silahdaşları ona müvəqqəti olaraq ölkəni tərk etməyi məsləhət gördülər.    Beləliklə üç il Cənubi Azərbaycanda yaşayandan sonra Rəsulzadə 1911- ci ilin may ayında İranı tərk edərək İstanbula getməyə məcbur oldu. İstanbulda  Rəsulzadə alovlu vətənpərvərlər- Əlibəy Hüseynzadə, Əhmədbəy Ağayev, Yusifbəy Ağçura oğlu, Ziya Gökalp və başqaları ilə yaxından  tanış olur.  Rəsulzadə İstanbulda bir müddət “Türk ocağı” cəmiyyətində çalışır, eyni zamanda 1911-ci ilin noyabr ayından nəşrə başlayan “Türk yurdu” jurnalında məqalələrlə çıxış edir.

Azərbaycandan uzaqlarda siyasi mübarizəsini də davam etdirən Rəsulzadə 1911-ci ilin oktyabr ayında keçmiş ideya dostları olan hümmətçilər Tağı Nağıyev və Abbasqulu Kazımzadə tərəfindən əsası qoyulan “Müsəlman demokratik Müsavat partiyasına” daxil olur və qısa müddətdə onun rəhbərlərindən birinə çevrilir.

İstanbuldakı siyasi fəaliyyəti Rəsulzadənin daha geniş tanınmasına yol açır. Rəsulzadə  mühacirətdən vətənə yalnız 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar ümumi əfv elan olunandan sonra qayıda bildi.

Rəsulzadə I Dünya müharibəsi illərində siyasi fəaliyyətini müəyyən qədər zəiflətsə, də Osmanlıya yardım çərçivəsində müxtəlif xeyriyyə tədbirlərində fəal iştirak edirdi. Həmin dövrdə onun Osmanlıya dəstək çərçivəsində apardığı təbliğat nəticəsində yüzlərlə soydaşımız qardaş ölkəyə gedərək döyüşən ordu sıralarında düşmənlə döyüşə atıldılar. Onlardan çoxu düşmənlə döyüşlərdə şəhid oldu.

I Dünya müharibəsində çarzmin ağır məğlubiyyətə uğraması və 1917-ci ilin fevral ayında baş verən burjua inqilabı imperiyanın hər yerində milli-azadlıq mübarizəsinin başlamasına səbəb oldu. Bu müstəvidə də yenidən siyasi mübarzənin qızğın yerinə atılan Rəsulzadənin və digər vətənpərvərlərin təşəbbüsü ilə 1917-ci ilin aprelində Qafqaz müsəlmanlarının qurultayı çağırıldı. Qurultayda Rəsulzadə tərəfindən illər öncə irəli sürülən “Azərbaycan qayəsi” məsələsi yenidən ortalığa atıldı.

Qurultayda  M.Ə.Rəsulzadə Azərbaycana və digər milli azlıqlara muxtariyyət çərçivəsində Rusiyanın federativ şəkildə təşkil edilməsi barədə məruzə ilə çıxış etdi. Onun, bu təklifi əsasında, qurultayda Rusiyanın federativ şəkildə təşkil edilməsi barədə qərar qəbul edildi. Həmin ilin mayında maarifpərvər Azərbaycan varlılarından Şəmsi Əsədullayevin Moskva müsəlman xeyriyyə cəmiyyətinə bağışladığı əzəmətli binada Rusiya müsəlmanlarının qurultayı açıldı. Qurultay səs çoxluğu ilə M.Ə.Rəsulzadənin “Türk-tatarlığı, Türküstan, Qazaxıstan, Başqırdıstan və Azərbaycan-Dağıstan kimi bir neçə muxtariyyətlərdən ibarət olacaq gələcək Rusiyanı federativ şəkildə qurmaq” barəsində təklifini qəbul etdi.

Azərbaycanda siyasi mübarizəyə  mütəşəkkil rəhbərlik etmək məqsədi ilə 1917-ci il iyunun ikinci yarısında “Müsəlman demokratik Müsavat partiyası” ilə “Türk Ədəm Mərkəziyyət partiyası”  “Müsavat” adı altında birləşdilər. 1917-ci il oktayabrın 26-dan 31-nə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən Müsavatın birinci qurultayında Məmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçilir. Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün qəzalarında “Azərbaycana muxtariyyət” şüarı altında milli hərəkat başlandı.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçildi.

1917-ci il oktayabrın 26-dan 31-nə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən Müsavatın birinci qurultayında Məmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçildi. Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün qəzalarında “Azərbaycana muxtariyyət” şüarı altında milli hərəkat başlandı. Həmin dövr tarixinə Milli Azərbaycan hərəkatı kimi daxil olmuşdur. 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqillik əldə etməsində önəmli rol oynayaraq, Şərqdəki ilk demokratik respublikaya rəhbərlik edən Rəsulzadənin dediyi “Bir kərə yüksələn bayraq, bir daha enməz!” ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarına çevrildi.

O, bolşevik istilasından sonra xaricə getməyə məcbur oldu. Amma Rəsulzadə xaricdə də Azərbaycanın azadlıq mücadiləsini davam etdirdi. Həmin dövrdə ulu öndər böyük uzaqgörənliklə yazırdı:

“…Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi, qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 Mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz , vətəndaşlar.”

Rəsulzadənin dedikləri düz çıxdı və 1991-ci ildə Azərbaycan öz müstəqilliyinə yenidən qovuşdu. Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış haqqın rəhmətinə qovuşub. Ruhun şad olsun ulu öndər. ƏZIZ MUSTAFA