“Məğlubiyyətin revanşını almaq çətin olacaq”

Srağagün Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçirilib. “Qarabağ” “İnter Arena”da “Simurq”u sınağa çəkib. Cari mövsüm rəqibini 3 çempionat oyununda məğlub edən Qurban Qurbanovun yetirmələri bu dəfə də azarkeşlərini qələbəylə sevindirib. Ağdamlılar əvvəlki kubok matçlarında qol buraxmayan rəqibini Cavid Tağıyevin qolu ilə məğlub edib – 1:0. (Oyunu Əliyar Ağayev idarə edib).

“Neftçi” ilə “İnter” arasında paytaxt derbisi isə “Bakcell Arena”da keçirilib. İnqilab Məmmədovun idarəçiliyi ilə keçirilmiş bu qarşılaşmanın taleyini “ağ-qaralar”ın qol silahı Nikolas Kanales həll edib. Hər hissədə bir qol vuran çilili bombardir komandasının qələbəsində böyük pay sahibi olub.

“Belə oynasaq”, yaxud finalın bir addımlığında…

”Ağ-qaralar”ın – “Neftçi”nin baş məşqçisi Arif Əsədov qarşılaşmadan sonra jurnalistlərə verdiyi açıqlamasında komandanın heyətində hələ problemlərin olduğunu vurğulayıb: “Son vaxtlar həm də sıx qrafikdə oynayırıq. Bütün bunlara görə yorğunluq vardır. Amma istənilən halda, biz qarşılaşmaya yaxşı köklənmişdik… Cavab qarşılaşması öncəsi yekun qələbə üçün yaxşı zəmin formalaşdırdıq”.

“Neftçi” klubunun braziliyalı yarımmüdafiəçisi Kaue da Silva isə “İnter”lə ölkə kubokunun yarımfinal mərhələsinin ilk matçından (2:0) sonra: “Bu hesabın sizi finala daşıyacağına inanırsınızmı?” sualına belə cavab verib: “İndidən bu haqda danışmaq olmaz. Çünki təhlükəli hesabdır. “Xəzər Lənkəran”la səfərdəki  görüşü unutmaq olmaz. Birinci hissədə rəqibi 2:0 hesabı ilə məğlub etsək də, fasilədən sonra hesabı bərabərləşdirdilər. Bu da onu göstərir ki, sona qədər mübarizə aparmaq vacibdir”.

“Bizim üçün ağır oyun oldu. Çünki “İnter” hər zaman yaxşı oyun nümayiş etdirir. Son iki oyunda onlara məğlub olmuşduq. Amma bu dəfə yaxşı oyun sərgilədik və qələbə qazandıq”. Bu sözlər isə son turlarda məhsuldarılığı ilə seçilən “Neftçi”nin hücumçusu Nikolas Kanalesə məxsusdur. Lakin o, arxayınlaşmağa heç bir əsas olmadığını deyib: “Çünki “İnter” öz meydanında çox yaxşı təsir bağışlayır. Statistikaya baxsanız, bizim orada çox qol vura bilmədiyimizi görərsiniz. Cavab qarşılaşmasında fərqli sistemlə oynamaq lazımdır ki, qol buraxmayaq”. Buna rəğmən, o finala çıxacaqlarını dilə gətirib: “Məncə, belə oynasaq, qələbə qazana bilərik. Çoxdandır, belə yaxşı oyun sərgiləmirik”. O hətta belə oyunlar “Neftçi”nin kuboka yiyələnə biləcəyini də vurğulayıb.

 “Vacib olan ruhdan düşməməkdir”

”İnter”in baş məşqçisi Kaxaber Sxadadze fərqlənməyə imkanları olsa da, bundan yararlana bilmədiklərini dilə gətirib: “Neftçi” şansından maksimum istifadə etdi. Biz indi bu oyunu unudub, qarşıdakı matçlara hazırlaşmalı və mövsümü ən yaxşı şəkildə başa vurmalıyıq”.

“İnter” klubunun gürcüstanlı hücumçusu Baçana Sxadadze şanslarının hələ tükənmədiyini bildirib: “Şans hər zaman var. Cavab matçında daha diqqətli olmalı, şanslarımızdan yararlanmalıyıq. Qarşıda bizi daha bir 90 dəqiqə gözləyir. Çətin olacaq, amma mümkünsüz deyil”. Onun sözlərinə görə, komandada müəyyən problemlər var: “Əlbəttə, bu məğlubiyyətin revanşını almaq çətin olacaq. Amma vacib olan ruhdan düşməməkdir. “Neftçi”nin bu gün etdiyini biz də cavab oyununda etməliyik”.

“Əlimizdən gələni edəcəyik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Simurq üzərindəki qələbədən, eləcə də cavab oyunundan söz açarkən deyib: “Qələbə məni və futbolçuları aldatmamalıdır. Qarşıda çətin cavab oyunu var”.

“Qarabağ”ın futbolçusu, hollandiyalı oyunçu Leroy Corc “Simurq”un layiqli rəqib olduğunu söyləyib: “Simurq” yaxşı rəqibdir. Düzgün mübarizə aparmağı bacaran komandadır”. Baş məşqçi kimi düşünən Leroy Corcun sözlərinə görə, cavab qarşılaşmasında onları çətin oyun gözləyir: “Üstünlüyümüzü qorumaq üçün əlimizdən gələni edəcəyik. Amma bu, asan olmayacaq”.

Ağdam klubunun müdafiəçisi İlqar Qurbanov da “Simur”qun güclü rəqib olduğunu vurğulyıb. Hətta yarımfinalın ilk oyununda “Simurq”un “Qarabağ”dan yaxşı oyun nümayiş etdirdiyini söyləyib: “Kubokun cavab görüşü daha çətin olacaq. Çünki “Simurq” kuboku qazanaraq Avrokuboka vəsiqə qazanmaq istəyir və Zaqatalada bütün güclərini ortaya qoyacaqlar”. “Yolu hələ yarılamamışıq. Böyükhesablı qələbə qazanmamışıq ki, indidən final barədə düşünək. Hətta 3:0 hesabı ilə qalib gəlsəydik belə, cavab görüşünə eyni ciddiyyətlə hazırlaşacaqdıq. Əsas mübarizə Zaqatalada olacaq. Bizi orda çox ağır oyun gözləyir”. (”Qarabağ”ın kapitanı Rəşad Sadıqov)

“Qarabağ”ın makedoniyalı yarımmüdafiəçi Muarem Muarem də Zaqatala təmsilçisi ilə ikinci oyunun çətin keçəcəyinə əmindir.

“Simurq”un baş məşqçisi Georgi Çixradze də Zaqatalada “Qarabağ” üçün çətin olacağını bildirib: “İlk hissədə rəqib bizi əks hücumda yaxaladı və qol vurdu. Daha sonra bizim şansımız olsa da, yararlana bilmədik. İkinci oyunu düşünməliyik. Hesab edirəm ki, cavab oyununda rəqibə daha güclü təzyiq etməliyik. Heyətdə müəyyən dəyişikliklər olacaq”.

Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları aprelin 21-də keçiriləcək.

 Onlar oynamayacaqlar

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunlarından sonra cəzalı duruma düşmüş 4 futbolçu cavab qarşılaşmasında iştirak edə bilməyəcək. Onlardan ikisi “İnter”in üzvləridir. Komandanın kapitanı və qapıçısı Səlahət Ağayev, həmçinin Coşqun Diniyev “Neftçi” ilə qarşılaşmada aldığı sarı vərəqə üzündən cavab matçını buraxacaq. Buna səbəb hər iki oyunçunun 1/4 final mərhələsinin “Xəzər Lənkəran”la cavab görüşündə də xəbərdarlıq almasıdır.

“Neftçi”nin müdafiəçisi Elvin Yunuszadə və “Simurq”un kapitanı İlkin Qırtımov da eyni vəziyyətə düşüb. 1/4 finalın AZAL-la cavab oyununda sarı vərəqə görən Yunuszadə “İnter”lə ilk matçda eyni cəza aldığı üçün aprelin 21-də meydana çıxa bilməyəcək. “Qarabağ”la ilk oyunadək 1/4 finalın “Qəbələ” ilə cavab qarşılaşmasında da xəbərdarlıq edilən Qırtımov ağdamlılarla zaqataladakı matçı kənardan izləyəcək.

Qeyd edək ki, ölkə kubokunda futbolçular hər iki sarı vərəqədən sonra cəzalı durma düşür.

Məhəmməd Rəsulov