“Məğlub olmuş döyüşün komandiri kimi tanınmaqdan utanıram”

600

İsmət Cəfərov, Mühəndis-mexanik, müəllim, I Qarabağ müharibəsinin iştirakçısı.

– Sizə görə həyatda ən asan və ən çətin şey nədir?

– Yalan danışmaq və onu “sübuta” yetirmək.

– Ucqar bir kənddə yaşamağa məcbur olsaydınız, dolanışığınızı necə çıxarardınız?

– Əsl kəndçi həyatı ilə… Maldarlıq, quşçuluq və torpaq zəhməti!..

– Keçdiyiniz ömür yoluna baxanda ən çox nəyə üzülür, nəyə sevinirsiniz?

– Üzülürəm ki, bir çox işləri görə bilməmişəm. Sevinirəm ki, hələ yaşayıram. Vaxt var.

– Valideyn və müəllimlərdən başqa, özünüzü kimlərə borclu bilirsiniz?

– Mənim bir sözümü iki etməyən bacı və qardaşlarıma, dostlarıma, tələbə yoldaşlarıma və həmişə başımı uca edən şagirdlərimə!

– Uğrunda hər şeydən keçə biləcəyiniz varlığın adı?

– Vətənim – Azərbaycanım!

– Özünüzü hansı peşədə daha yaxşı ifadə edə bilərdiniz? İndiki işinizdən razısınızmı?

– İndi hərbi müəlliməm və taksi sürücüsüyəm. Amma hazırda yaşlı olduğuma görə (59 yaş) gözüm həmişə mühəndis-traktorçu və ekskavatorçu peşələrini işlədə bilmədiyim üçün onların arxasınca baxır.

– Üzr istəmək sizə ağır gəlmir ki?

– Heç vaxt!!!

– Sabir deyir: “Ağladıqca kişi qeyrətsiz olur”, siz necə düşünürsünüz?

– Bu yaxınlarda telekanalları izləyərkən yaralı Azərbaycan əsgərinin ağladığını gördüm. O deyirdi ki, məni tez sağaldın. Gedim, tez düşməndən intiqam alım. 20 il əvvəl 704 N-li briqadanın Quba-Qusar batalyonunun bölük komandiri idim. Hər uğursuz döyüşdən çıxanda haqsızlığa dözməyərək nalə çəkərək ağlayırdım. İndiyə kimi sağ qalan əsgərlərim bunu üzümə vurmur. Çünki nə üçün ağladığımı bilirdilər. Telekanalların birinin şou verilişində (“ANS”-də “Toy olsun”) bir kişi iki uşağını da studiyaya gətirib arvadından şikayət edərək ağlayırdı. Bax, Sabir o sözü onlar üçün deyib.

– “Kaş ki … ölkədə doğulaydım, … xalqın nümayəndəsi olaydım” dediyiniz olurmu?

– Heç vaxt. Qurban olum yurduma.

– Evinizdə inciklik olurmu? Olursa, birinci kim barışır?

– O qədər olur ki… Birinci mən barışıram.

– Özünüzü kimin qarşısında günahkar bilirsiniz və kiminsə günahını bağışlamısınızmı?

– Allahdan başqa, heç kimin qarşısında günahkar deyiləm. Və bağışlayan TƏK ALLAHdır!

– Sizcə, azadlıq istədiyini eləməkdir, yoxsa istəmədiyini etmək?

-”Azadlığı” izah etməyə çalışsam, 200-300 səhifəlik kitab olar. Çox çətin sualdır.

– Sevgi nədir: ümid, qorxu, ya xoşbəxtlik?

– Sevgi xoşbəxtlikdir. Özü də necə! Sevginin o qədər növləri var ki, saymaqla qurtarmaz. Məsələn, vətənə sevgi, gələcəkdə ailə quracağın qıza sevgi, səninlə saf niyyətlə dostluq edən insan sevgi… və s. Bütün bunları məhv edən isə xəyanətdir.

– Ən çox nə zaman utanırsınız?

– Mən I Qarabağ savaşının iştirakçısıyam. Yadelli və ya tanımadığım adamların əhatəsində istəmirəm ki, məni məğlub olmuş savaşın keçmiş komandiri kimi tanısınlar. Utanıram!!! Utanıram ki, 20% torpaqlarımız əsarətdədir.

– Ölüm nədir?

– Arzuladığın və ümid etdiyin hər şeyə “nöqtə”!

– Çoxlu pulunuz olsa, hara xərclərdiniz?

– Həmişə ALLAHdan arzu etmişəm çoxlu pulum olsun. Olsa, 50%-ni kimsəsiz uşaqlara, ehtiyacı olan xəstələrə, 25%-ni kasıb qardaş-bacı və dostlarıma. Yalnız 25%-ni özümə götürərdim və çoxdankı kəndçi-sahibkar arzumu həyata keçirərdim.

– “Mən almasam, bir başqası alacaq, mən olmasam, başqası olacaq” düşüncəsi nəyi ifadə edir?

– Tam səmimi şəkildə deyə bilərəm ki, bələdiyyə sədri olduğum müddətdə qanunun tələbləri nə olubsa, ondan kənara çıxmamışam. Mənzil tikintisi üçün övladlarımın adına həyətyanı torpaq sahəsi belə almamışam. Halbuki vəzifədən sui-istifadə edərək və ya hər hansı bir formada bunu edə bilərdim..

– Həyatda ən böyük təsəlliniz?

– Müharibədən sağ qayıtmağım. Xoşbəxt yaşamağım.

– Sizə hansı mövzuda sual verilməsini heç arzulamırsınız?

– Başqasının mənə “niyə sən o vaxtı belə etmədin?” deməsini. Yəni bələdiyyə sədri işlədiyim dövrü nəzərdə tutaraq rüşvət almadığıma, torpaq satmadığıma görə sual verilməsini.

– Yubiley və ad günlərində özünüzü necə hiss edirsiniz?

– Təntənəli qeyd etməyi xoşlamıram…

– Dünyanın hər yerindən görünən uca bir lövhəyə iki-üç kəlməlik nəsihət yazmağı xahiş etsələr, nə yazardınız?

– Bu günün harınlamış və qudurğan insanlarına Fironun, İskəndərin, Napoleonun, Səddamın, Qəddafinin və s. həyatını oxumağı tövsiyyə edərdim.

– Sizə görə, insanda ən yaxşı və ən pis xarakter hansılardır?

– Üzüyumşaqlıq.

– Nə vaxtsa hansısa müğənniyə, sənətçiyə heyran, ya da aşiq olmusunuzmu?

– Sovet gimnastı, dünya və olimpiada çempionı Nelli Kimə!.

– Övladlarınız sizi atsalar, onlara nə deyərdiniz?

– Ağlıma gətirmirəm. İnanmıram. Fikirləşməmişəm.

– Ən çox sevmədiyiniz sözlər?

– Yaltaqlığı, məddahlığı ifadə edən sözlər.

– Fürsət olsa, ölümqabağı nə vəsiyyət edəcəksiniz?

– Məni sağlığımda sevənlər qəbrimi tez-tez ziyarət etsinlər!

– Ən çox nədən qorxursunuz?

– Alçaq və namərd əlində ölməkdən!

– Xoşbəxt olmaq üçün nəyiniz çatmır?

– Dünyanın ən xoşbəxti mənəm, ancaq o “zibil” pul bir az da olsa, lap əla olar!

– Sizin kimlərə və nə kimi xeyriniz var?

– Onu mən yox, başqaları qiymətləndirsin!

– Bu dünya bir insan şəklində qarşınızda dursa, ona nə deyərdiniz?

– Deyərdim: “çox etibarsızsan!”

– Həyatınızda sizə təklif edilmiş nədənsə imtina etmisinizmi?

– Çoxlu vəzifələrdən. Ailədə aldığım tərbiyə və mühitə görə rüşvət ala bilmirəm…

– Gənclik hansı yaşda bitir?

– Mənə kənardan özümə yaşıd hesab etdiyim adamlardan kiminsə adımın yanında “dayı”, “əmi” və ya “ağsaqqal” deyə müraciət edəndən bəri…

– Dostlarınız çoxdurmu? İnsanlar niyə dost olurlar?

– Bir az çətin sualdır. Dostluq nisbi anlayışdır. Belə hesab edirəm ki, bir az da mifləşdirilmişdir. Əsl dost Allahdır. Yəni Allah sevgisinə görə dostluğu müəyyən etmək olar.

Amil Tağıyev