Məgər siz bilmirsiniz ki…

0
529

(“Neftçi”nin monoloqu)

– Həzərat, sizə də yaxşı məlumdır ki, mən gündən-günə geri gedirdim. Geri getmək nədir e… əldən gedirdim. Hətta iş o yerə çatmışdı ki, dünən premyer liqaya gəlmiş komandalar mənə elə toy tuturdu ki, səsi hər yandan gəlirdi. Elə bu səbəbdən mənə dədə-baba qaydası ilə “flaqman” dedikdə hamı dodaq büzürdü. Təbii ki, bu heç də mənim xoşuma gəlmirdi. Odur ki, gecə də, gündüz də göz yaşı tökürdüm. Vallah-billah, ağlamaqdan gözlərim elə şişmişdi ki, heç ayağımın altını belə görə bilmirdim. İsmətimə qısılıb səsimi çıxarmırdım. Mən hələ azarkeşlərin ünvanıma yağdırdıqları o hərcayi sözləri demirəm. Mənə baş çəkən rəsmilərim də, o cümlədən Müşahidə Şurasının başbilənləri hamı bir ağızdan: “Keçib gedər”, – deyirdilər. Amma vəziyyətim turlarla acınacaqlı oldu…

Bəli, üstümə çoxu gəlib getdi… Fəqət nə Arif Əsədov, nə də Samir Əliyev dərdimə məlhəm ola bilmədilər. “Arşın mal alan”ındakı Sultan bəyin sözü olmasın, gah oram ağrıdı, gah da buram, gah oramı tutdum, gah da buramı. Amma nə qədər qəribə olsa da, onlardan kimsə dərdimə diaqnoz qoya bilmədi ki, bilmədi. Allah köməyi olsun, yenə Əsgər bəyin… O gələndən dərdim, sərim bir-qədər azalıb. Yəni “Xəzər Lənkəran” və “Qarabağ”ın hər birindən 3, “Zirə”dən isə 1 xal ala bildim. Zarafat gəlməsin, son günlər öz acı günlərini yaşayan mən “Neftçi” üçün heç bilirsiniz bu nə deməkdir? Vallah, deməyə söz tapa bilmirəm e… Hərçənd hələ də bəzi problemlərim qalıb, amma mənə elə gəlir ki, artıq Əsgər bəyin simasında axtardığımı tapmışam.

Deyəsən, başbilənlərim buna qane olmaq istəmirlər. Yəni onu başqası ilə, daha doğrusu, bir əcnəbi ilə əvəz etmək istəyirlər. Mənə elə gəlir ki, yenə qara günlərim başlayacaq. Vay mənim günümə, axı mən o əcnəbiyə necə uyğunlaşacağam? Vallah, bu dəfə onun əli ilə quyunun dibinə diyirlənsəm, daha çıxa bilməyəcəyəm, çox güman ki, səsim birinci diviziondan gələcək. Mən buna adım kimi əminəm. Halbuki məni yaxşı tanıyanlar da həmin fikirdə olan kişilərə deyirlər ki, daşı ətəyinizdən tökün. Belələrinin sayı nə ondur, nə əllidir, yüzlərlədir. Məsələn, elə bu günlərdə sabiq tanışlarımdan biri, AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev deyib ki, bu, düzgün deyil. Bildirib ki, əvvəla, yerli məşqçilər klublarda möhkəmlənməlidirlər. İkinci də siz belə etməklə, Əsgər Abdullayevin iştahına soğan doğrayırsınız, belə olmaz. Amma heç dağdan ağır bu kişini eşitmək istəyən yoxdur.

Həzərat, indi mən nə edim? Başıma haranın daşını töküm? Yenə deyirəm, vallah, bu günüm üçün Əsgər bəy xalis baş məşqçidir. Yaxşıca əlimə düşüb, heç onu buraxmaq lazım deyil. Üstəlik, onunla anlaşmışıq da… İnsafən, Əsgər bəy aza qane olan insandır.

Bir də bilmirəm, bu Əsgər bəyin nəyi, harası onların xoşuna gəlmir? Olmaya onu Müşahidə Şurasında eksponat kimi saxlamaqdan ləzzət alırlar? Elə bu səbəbdən, vallah, hərdən öz başbilənlərimin üzünə ağ olmaq keçir könlümdən. Hətta onlara demək istəyirəm ki, ay dilbilməzlər, daha bəsdirin də başımda dəllalıq etməyiniz. Bu əcnəbi sevdasını başınızdan çıxarın, məgər siz bilmirsiniz ki, mən indiyədək əcnəbilərdən nələr çəkmişəm? Vallah, bilirəm, onlar yenə mənə deyəcəklər ki, ağlını başına yığ, sən elə bilirsən ki, biz səni pis məşqçiyə tapşırırıq, sən onu yəqin bil ki, elə bir məşqçi gətirəcəyik ki, uğurlarının səsi dünyanın hər yerindən gələcək, bəs biz dəliyik ki, sənin kimi bir tarixi olanı bir qanmaza tapşırmaqla səni bədbəxt eləyək?

Onu-bunu bilmirəm, vallah-billah, yenə deyirəm, adım kimi əminəm ki, gətirdikləri əcnəbi son illər mənimlə çalışanların, lakin məni yarıtmayanların ölülərinə rəhmət oxutduracaq. Görünür, elə onların məqsədi həmin baş məşqçilərin ölülərinə rəhmət oxutdurmaqdır. Mən də Allahın quluyam, belə şeylərdən vaz keçə bilmərəm. Nə deyirəm, qoy gətirsinlər, bu dəfə onların xətrinə hər cür zülmə dözərəm.