Mədrəsə və məktəbin fərqi

1242

Keçən əsrin sonları, “Perestroyka” adlandırılan 80-ci illərdə gürcü kinorejissoru Tenqiz Abuladzenin Stalinizmdən bəhs edən “Etiraf” adlı filmi böyük səs-küy salmışdı. Stalinin yerlisinin cəsarətlə ekranlaşdırdığı bu film stalinizmin iç üzünü, onun milyonlarla insana gətirdiyi bədbəxtliyi, faciəni və bütün bunların arxasında duran riyakarlığı, kini, nifrəti, eqoizmi elə parlaq əks etdirmişdi ki, filmi seyr edən tamaşaçı uzun müddət özünə gələ bilmirdi. Mən sizə yalnız filmin son epizodundan bəhs edəcəyəm.

Bütün bu işgəncələrə, faciələrə məruz qalmış qadının pəncərəsini çox yaşlı bir qadın (əcdadın ümumiləşdirilmiş obrazı) doyür və soruşur:

– Bu küçə məbədə aparırmı?

Ev sahibi qadın qətiyyətlə cavab verir:

– Xeyir, xeyir, bu küçədə məbəd yoxdur.

Yaşlı qadın təəccüblənir, heyrətlə pəncərəsini döydüyü qadına baxıb soruşur:

– Qəribədir, məbədə aparmayan yol nəyə gərəkdir ki?

Yəni sizi əxlaqdan, insani dəyərlərdən məhrum edən, əvəzində sizi vəhşiləşdirən, bir-birinizin qanını axıtmaqdan, bir-birinizi məhv etməkdən başqa heç bir işə yaramayan bu dünyanı niyə qurdunuz ki? Bu inqilabda niyə iştirak etdiniz ki?

Bəli, biz eşitməsək də, əcdad bizdən həmişə soruşur və soruşacaqdır: “Bizim sizə qoyub getdiyimiz miras – o əxlaq, o adət-ənənə, o dəyərlər, başqa sözlə o məbəd hanı? Onu nə üçün, kim üçün, hansı məqsədlə yerlə yeksan etdiniz və özünüzdən sonra gələn nəsilləri niyə bu məbəddən, sizə verdiyimiz əmanətdən məhrum etdiniz?”

Məbəd bizim xalqın keçmişində mədrəsə adı ilə tanınırdı. Mədrəsə insana maddi və mənəvi varlıq olaraq baxırdı. İnsan maddədən – bədəndən ibarətdir, ona görə də özünü, yəni maddi aləmi bilməlidir. Həzrəti Əli “Özünü tanıyan Allahı da tanıyar”, – deyirdi.

Mədrəsə üçün insan iki qanadlı quş kimi idi – bir qanadı təbiət elmləri, digər qanadı mənəvi elmlər. Hər iki qanadı ilə insan aliyi-illuyuna, (mələklərdən də yüksəklərə) ucalmaq imkanına malik bir əşrəfi-məxluq (xəlq edilmişlərin ən şərəflisi) keyfiyyətinə yüksəlir. Bu qanadlardan hər hansı birindən məhrum olan quş ayaqlar altında qalıb məhv olduğu kimi, təbiət elmlərindən, yaxud mənəvi elmlərdən birindən məhrum insan əsfəli-safilinə (aşağılardan da aşağıya) məhkum bir gərəksiz məxluqdan başqa, hətta insanlıq və dünya üçün təhlükəli bir varlıqdır.

Di gəl ki, sovet və Qərbin təbliğatı nəticəsində yaşlı nəslin şüuraltına mədrəsə irticaçı müəssisə olaraq yerləşmişdir. Müasir gəncliyin şüuraltında necədir, bilmirəm, amma təxmin edirəm. Müasir gənclik mədrəsəni baş yarılan, sinə vurulan, mərsiyə deyilib göz yaşı axıdılan, Mirzə Ələkbər Sabirin dilindən bizə təlqin edilən “yazı yazanda mollanın döydüyü” bir işgəncə məkanı, müasir dünyadan təcrid edilmiş bir yer kimi təsəvvür edir və bu təsəvvüründə də müəyyən qədər haqlıdır. Çünki dədə-babası mədrəsəyə irtica yeri kimi baxmışsa, övladlar da onlardan daha qatı nəzərlə baxmaqda haqlıdırlar. Beləliklə, mədrəsə anlayışı şüuraltımıza çox çirkin, çox yaramaz, çox irticaçı müəssisə olaraq yerləşdirilmişdir. Hətta mədrəsə təhsili hesaba alınmamış, “Böyük Oktyabr Sosialist İnqilabınadək Azərbaycan xalqının 95%-i savadsız idi” ehkamı ilə mədrəsə təhsili alanlar siqaret qutusu kimi əzilib, bükülüb zibil qutusuna atılmışdı. Biz də bunu belə qəbul etməli olmuşduq və qəbul etmişik.

Biz məsələyə bir az fərqli baxırıq. “Mədrəsə” sözünün mənası “dərs verilən, dərs keçirilən yer”dir. Dərs vermək, bizim əcdadın anlayışında insanı əxlaqlandırmaq, əxlaqlandıraraq elmə sahib olmalarını təmin etməkdir. Ümumi fəlsəfə belə idi: “Əxlaqlı adam savadsız ola bilməz, amma savadlı adam əxlaqsız ola bilər”. Bu təlim-tərbiyə müəssisələri Nizamilər, Füzulilər, Nəsimilər, İbn Sinalar, Bürunilər, Ömər Xəyyamlar, Nizamül-Mülklər, Əcəmilər, Tusilər, Uluq bəylər, daha neçə-neçə, yüzlərlə, minlərlə elm dahiləri yetişdirirdi. Yoxsa bizə belə gəlir ki, dünyaya tibb, riyaziyyat, astronomiya, kimya sahəsində məşhur olan bu dahilər Kembricdən, Oksforddan, Moskva DU-dan, Harvarddan məzun olmuşdular? Xeyir, onlar bizim həmin ikrahla baxdığımız mədrəsələrdən çıxmışdılar.

Bizim məscid və mədrəsədən fərqli olaraq orta əsrlərdə Qərb kilsənin hakimiyyəti altında inim-inim inləyirdi, kilsə ən amansız işgəncələrə hökm edir, elmin, tərəqqinin qarşısında keçilməz qala kimi dayanırdı. Əlinə fürsət düşən kimi Qərb kilsədən intiqamını aldı və onu bir kənara itələdi. Bu hadisədən bir neçə yüz il sonra biz də mədrəsəni ləğv etdik, məktəbə çevirdik və quşun bir qanadını qırdıq. İki yüz illik təbliğat mədrəsənin yerinə məktəbi çox mütərəqqi müəssisə olaraq şüuraltımıza yerləşdirmişlər.

Məktəb “k(ə)t(ə)b(ə)” kökündən olub təhsildə “kitab oxunan yer”, “kitabdan öyrənilən yer” mənalarını verir. Yəni kitabxananın fərqli şəkli. Kitabxanada oxucu fərd olaraq oxumaq istədiyini özü seçir, özü oxuyur, məktəbdə oxunacaq şeyi dövlət seçir, müəllim oxudur, həm də kollektiv olaraq oxudur. Fərq bu qədər bəsitdir. Buna görədir ki, bugünkü məktəb cəmiyyətə adam hazırlamaqla yox, ali məktəbə abituryent hazırlamaqla məşğuldur. Buna gücü çatmayanları isə həmin o siqaret qutusu zənn edir, bir kənara atır və əməlindən utanmır.

Məktəb sistemi bu gün Avropadan aldığımız, keşiş Yan Amos Komenskinin tətbiq etdiyi sistemlə – sinif şəraitində təlim və tərbiyə aşılayan bir müəssisə idi. Amma gördüyümüz kimi, Qərbdən gələn bir şey keşişə aid olsa da məqbuldur, amma Şərqdən gələn nə olur olsun, qəbul edilməyəndir. Qəribə deyilmi?

Məktəb öhdəsinə düşən vəzifələri yalnız qarşısına qoyulmuş tədris proqramına görə həyata keçirməkdə görür; məbəd öz ruhundan uzaq düşmüş, keçmişdən əmanət qalmış dəyərlərə yad baxışlarla baxır, nə ilə məşğul olduğu bəlli deyildir; sosial həyat kirlərdən təmizlənməmiş, günbəgün kir üstünə kir gəlir… Belə olanda da bizim ailədə verdiyimiz tərbiyənin qarşısına hər addımda bir qulyabanı çıxır və ruhumuz inkişaf edə bilmir. O ruh inkişaf etmədikdən sonra vicdan, vicdan inkişaf etmədiknən sonra hiss dünyamız, hiss dünyamız inkişaf etmədikdən sonra da qollarımız başqalarını qucaqlamağa açılmır, yumruqlarımız düyümlənir və vurub dağıtmağa hədəf axtarır. İnsanı sevmirik, onun bədbəxtliyinin həsrəti ilə yanıb qovruluruq; cəmiyyətimizi bəyənmirik, gözümüz eyş-işrətdə qalır; dövlətimizə kinlə baxır, dövləti idarə edənlərə qarşı kin, nifrət bəsləyirik; əvəzində kənarda utopik cəmiyyət qurur, bir-birimizi bu xəyali cəmiyyətə inandırmağa çalışırıq.

Yuxarıda deyilənlər məktəb və mədrəsə terminlərini müqayisə etmək deyildir, sistemləri qarşılaşdırmaqdır.

Tenqiz Abuladze cəsarətini toplayıb “Etiraf”ı çəkdi, sözünü dedi. Biz cəsarətimizi toplayıb açdığımız yolun bizi məbədə aparmadığını etiraf etmək istəmirik.

Nazim Əkbərov