Mədəniyyət paytaxtımız Şuşa necə yaranıb?

48

Ölkəmizdə elə şəhər və kəndlər var ki, onlar Azərbaycanın qədim tarixini özündə yaşadır və əks etdirir. Belə şəhərlərdən biri olan Şuşa öz tarixinə və gözəlliyinə görə şöhrət qazanıb. Qarabağın paytaxtı olduğu illərdə bu şəhər alınmazlıq simvoluna çevrilmişdi. Şuşa şəhərinin və qalasının yaradılmasının maraqlı tarixi var. Bu tarix Qarabağ xanlığının banisi Pənahəli xanın adı ilə qırılmaz surətdə bağlıdır. Beləliklə, Şuşa şəhərinin yaranma tarixinə qısaca nəzər salaq.

“Qarabağnamələr”  kitabının müəlliflərindən biri olan tarixçi-salnaməçi  Əhməd bəy Cavanşir yazır ki, Pənahəli xan daim qüvvətli dövlət yaratmaq barədə düşünür, hərbi gücünü sürətlə artırırdı. 1748-ci ildə şah öldürüldü və bundan sonra Pənahəli xan Qarabağı tam müstəqil idarə etməyə başladı. Ancaq xan başa düşürdü ki, gələcəkdə xarici və daxili hücumlardan qorunmaq üçün möhkəm qala lazımdır.

Nəhayət, çox axtarışlardan sonra Şüşə kəndinin yaxınlığındakı əlçatmaz yer tapıldı və burada Pənahəli xanın arzuladığı qalanın inşasına başlandı və qısa müddətdə yenilməz bir qala quruldu, abad şəhər salındı.

Şuşa Azərbaycanın qədim və gözəl şəhərlərindən biri kimi yarandığı gündən şöhrət qazanıb. Bu məkan sanki təbiətin bir möcüzəsidir: Sıldırım qayalarla əhatələnmiş və sərt yamacların üzərində bərqərar olmuşdur. Əvvəllər qalaya getmək yalnız bir neçə dar cığırla mümkün idi. Bu cığırlarda duran iyirmi-otuz nəfər bir alayın qarşısını kəsə bilərdi, yəni ustad Aşıq Ələsgər demişkən “qüdrətdən səngərli-qalalı” idi. Başı daim dumanlı-çiskinli dağları ağuşuna alan sıx yaşıl meşələr, Cıdır düzü, həsrət rəmzi sayılan Gəlin qayası,  əlçatmaz yalçın qayalar, Turşsu, İsa bulağı,  saf havası Şuşaya özəl gözəlliklər bəxş edib. Dünyada nadir sayılan xarıbülbül çiçəyi də Şuşanı tanıdan simvollardan biridir.

Qeyd etməliyik ki, şəhərin bünövrəsi təxminən 1750-ci il  iyun ayının 20-də qoyulub və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı, xanın şərəfinə Pənahabad da adlandırırdılar. Qalaya isə Pənahabad qalası deyirdilər. Sonralar eldə ona sadəcə  “qala” deyirdilər. Bəzi tarixçilərin yazdıqlarına görə Şuşa qalasının tikintisinə xanın vəziri Molla Pənah Vaqif şəxsən rəhbərlik edib. Bəzi mənbələrdə yazılana görə, qalanın arxitekturasına memar Kərbəlayi Səfi xan rəhbərlik edib. Şuşada karvansaralar, bazarlar və 17 məhəllə- Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə inşa edilmişdi. Hər məhəllədə hamam, məscid və bulaq vardı.

XVIII əsrdə Şuşa Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdi. Onun dövrəsində böyük və güclü sədd çəkilmiş, çoxsaylı sənətkar məhəllələri yaranmışdı. Şuşalı tacirlər İran şəhərləri və Rusiyanın Moskva şəhəri ilə ticarət əlaqələri saxlayırdılar. Burada Pənahabadi adlanan gümüş sikkə zərb edilirdi. Paytaxtı Şuşa olan Qarabağ xanlığı sürətlə güclü feodal dövlətinə çevrilirdi.

XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzi kimi də tanınırdı. Şuşanı böyük sevgi ilə “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Zaqafqaziyanın konservatoriyası” adlandırırdılar. İllər keçdikcə sürətlə inkişaf edən Şuşa bir çox görkəmli dövlət xadimləri və elm adamları, maarifçilər, pedaqoqlar yetişdirmişdir. Onlar Azərbaycanın ictimai həyatında fəal iştirak etmiş, Vətən təhsilinin və elminin inkişafında samballı xidmətlər göstərmişlər. Dövrünün görkəmli dövlət xadimi və şairi olan Molla Pənah Vaqif şuşalı olmasa da, diplomatik  fəaliyyətinin hamısı, bədii yaradıcılığının isə böyük bir hissəsi məhz Şuşa ilə sıx bağlıdır. Molla Pənah Vaqif o şairlərdəndir ki, öz ana dilimizdə-Azərbaycan dilində yazıb-yaradırdı.  Bununla bərabər, Qarabağ xanının vəziri olan Molla Pənah xarici dövlətlərlə, xüsusilə də Rusiya, İran və Gürcüstanla  danışıqlar aparmış, mühüm diplomatik uğurlar qazanmışdı.

Qarabağın sonrakı hakimi İbrahimxəlil xanın qızı Ağabəyim ağa Şuşanın ilk qadın şairi olub. Onun şair kimi yetişməsində müəllimi Molla Pənah Vaqifin böyük rolu vardı. Ağabəyim ağa mükəmməl təhsil aldığı üçün bir neçə dildə sərbəst danışmağı bacarırdı. O, siyasi motivlərlə əlaqədar İran şahına ərə verildiyi üçün Tehranda yaşamalı olsa da, daim doğma Qarabağın həsrətini çəkirdi. Yurd nisgili, Vətən həsrəti onun bir çox şeirlərinin leytmotivi olub. Şeirlərinin birində “Aləm cənnətə dönsə, yaddan çıxmaz Qarabağ” deyib. O zamandan indiyədək bu misranı bilməyən azərbaycanlı çətin tapılar.

Əsasən, XVIII əsrdən başlayaraq Şuşada anadan olan şairlərimizin əksəriyyəti Azərbaycan dilində yazmaqla, ədəbiyyatımızı, folklorumuzu zənginləşdirdilər. Qasım bəy Zakir, Mir Möhsün Nəvvab, Xurşidbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov  və bir çox başqaları öz yaradıcılıqları ilə ədəbi xəzinəmizə qiymətli incilər bəxş etmişlər. Görünür, havasının , suyunun, torpağının təsirindəndir ki, Qarabağda, xüsusilə də Şuşada istedadlı xanəndələr, musiqi xadimləri, incəsənət ustaları yetişmişdir. Onlar təkcə Azərbaycan səhnəsinin, Qafqaz regionunun deyil, bütün dünyanın mötəbər məclislərinin yaraşığıdırlar. Yaşadıqları dövrün korifeyləri olan Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, Rəşid Behbudov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Hacı Hüsü, Xarrat Qulu,  Əbülfət Əliyev  və başqaları öz gözəl səsləri və təkrarsız ifaları ilə qəlbləri fəth etmişlər. Onlar  öz yüksək sənətkarlıqları ilə Şuşanı ”Qafqazın konservatoriyası”na çevirmişlər. Qarabağ  xanəndələrinin səsi Yaxın və Orta Şərq ölkələrindən, şahların saraylarından gəlmişdir. Dahi bəstəkar Üzeyir Hacıbəyli öz gözəl əsərləri ilə Azərbaycan müsiqi sənətinin zirvəsində qərar tutmuşdur.

Təəssüf ki, gözləri həmişə Şuşada olan nankor ermənilərin 1992-ci mayın 8-də bu unikal şəhəri işğal etmələri ilə şəhər ölkəmizin  28 illik ümumi inkişafından geri qaldı. Nəhayət, uzun illərin həsrətindən sonra  2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi ümumxalq bayramı kimi qarşılandı. Bu bayramı bizə möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız  İlham Əliyev yaşatdı. Rəhbərimiz ermənilərin dörd ilə işğal etdikləri torpaqlarımızı cəmi 44 günlük ildırımsürətli döyüş əməliyyatları ilə azad etdi. Prezidentimizin möhtəşəm “Əziz Şuşa, sən azadsan, biz səni dirçəldəcəyik” vədi bu gün artıq reallığa çevrilməkdədir. Vurğulayaq ki, dövlət başçımızın tapşırığı ilə Şuşa dağıntı olmamaq üçün xüsusi tapşırıqla- bir top mərmisi belə atılmadan azad edilib.

Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın keçən ilin yanvar ayından indiyədək 7 dəfə Şuşada olmaları, dağıdılmış dini və mədəniyyət ocaqlarını ziyarət etmələri, bir sıra obyektlərin təməlqoyma mərasimlərində və açılışlarında iştirak etmələri orada böyük işlər görüləcəyinə stimul yaradıb.

Əvvəllər həmişə Şuşada Vaqif poeziya günləri,  muğam festivalları, “Xarıbülbül” müsabiqələri  keçirilərdi. Otuz illik fasilədən sonra yasa bürünmüş  Şuşa dağlarında, Cıdır düzündə bu festivallar yenidən keçirilir,  gözəl ənənələrmiz bərpa olunur. Qarşıdan 2022-ci ilin yazı gəlir, yenə də çal-çağır məclislərimiz qurulacaq, sənətkarlarımız əsarətdən xilas olan doğma Vətən torpağımızı və onun əsrarəngiz gözəlliklərini vəsf edəcəklər.  Xarıbülbülümüz daha  boynubükük olmayacaq, qələbəmizin rəmzi kimi əzizlənəcəkdir. Xarıbülbülümüz hər yerdə dostlarımızı sevindirəcək, düşmənlərimizi isə xar edəcəkdir.

Vəli İlyasov, “İki sahil”