Mədə ac olanda sürücü daha diqqətli olur

0
416
Yol-qəza hadisələrinin ən çox hansı səbəblərdən baş verməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Xatırladaq ki, Respublika Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, ötən il ölkəmizdə baş verən yol qəzalarında 1124 nəfər dünyasını dəyişib. Ümumilikdə, ötən il ölkə ərazisində 2635 yol-nəqliyyat hadisəsi baş verib. Hadisələr nəticəsində 2676 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qəzaların əsas səbəbləri sırasında ən çox yüksək sürət, ötmə və manevr qaydalarına əməl olunmaması göstərilir. Bundan başqa, qəzaların artmasında istifadədə olan istismara yararsız avtomobillərin də xüsusi payı var. Məsələn, ölkəmizdə istismarda olan avtomobillərin təqribən 40 faizə yaxını Rusiya istehsalı olan köhnəlmiş avtomobillərdir. Qeyri-rəsmi məlumatlara görə, ölümlə nəticələnən qəzalarda həmin avtomobillərin payı 45-50 faizdir.

 Usta: “200-lə gedən maşın bir anın içərisində necə dayana bilər?”

Amma bu fikirlə razılaşmayan avtomobil ustaları da var. Məsələn, onların fikrincə, digər xarici ölkələrdə istehsal olunmuş avtomobillərin komfortuna və ABS əyləc sisteminə (bloklanma əleyhinə sistem) güvənib avtomobili maksimum sürətlə idarə edənlər özlərini daha çox təhlükəyə atırlar, nəinki köhnə maşın sürənlər. Avtomobil ustası Ülvi İsmayılovun dediklərindən: “Köhnə maşın sürənlər bilirlər ki, təhlükə var, yüksək sürətlə idarə etdikdə, nəticə ağır ola bilər. Amma bahalı xarici avtomobili yüksək sürətlə idarə edənlər maşınlarına normadan çox inanırlar, əslində isə aldanırlar. Gəlin, ən son model Almaniya istehsalı bir avtomobil götürək. Tutaq ki, həmin avtomobil magistral yolda 200 kilometr saat sürətlə hərəkət edir. Hətta ABS əyləc sistemi olsa belə, qəfil qarşısına bir maneə çıxarsa, həmin avtomobil həmin anda necə dayana bilər axı? Üstəlik, sürət yüksək olanda manevr zamanı avtomobilin manevr imkanları da azalır, çünki aşma riski artır”.

Qəza anını və həyəcanını yaşamış bir sürücü olaraq deyə bilərəm ki, doğrudan da, qəzalar bir anın içərisində baş verir və nəyin necə baş verdiyini anlaya bilmirsən. Günah səndə də ola bilər, qarşı tərəfdə də. Hadisə baş verən an həyəcanlı olduğun üçün baş verənləri analiz etməkdə çətinlik çəkirsən, amma üstündən bir xeyli keçəndən sonra düşünürsən ki, gərək həmin anda filan cür edəydim. Lakin iş-işdən keçmiş olur. Allah qorusun, növbəti qəza anında da hər şey bir anın içərisində baş verir…

Bütün bunlardan maksimum qorunmağın ən yaxşı yolu isə, heç şübhəsiz, sürət həddini aşmamaq və qaydalara əməl etməkdir.

 Maşın gəlir, siqnal verir…

Amma qəzalara gətirib çıxara biləcək bəzi hallar da var ki, onlardan çıxış yolu tapmaq, öncədən tədbir görmək mümkündür. Bunlardan biri də yollarda sürücülərin sanki hipnoz vəziyyətə düşmələridir. Bəs sürücülərin bu vəziyyətə düşmələrinin səbəbi nədir? Bunu necə azaltmaq olar?

Sürücülər müxtəlif səbəblərdən sükan arxasında fikirli ola, xəyala dala, özlərini yorğun və yuxulu hiss edə bilərlər. Türkiyədə aparılan bir araşdırmaya görə, uzun və düz yolda avtomobil idarə edən sürücülər kilometrlərlə uzanan xətlərin təsiri ilə və ya yolun monotonluğu səbəbindən xəyala dalır, diqqətləri dağılır, ya da fikrə gedirlər. Bu vəziyyətlərdə yola qarşı diqqət minimuma enir, insan beyninin refleksləri zəifləyir. Bundan başqa, mürgüləmə və fikir dalğınlığı adı verə biləcəyimiz bu məqamlar qəza səbəblərinin başında gələn durumlardandır. Bu halda sürücünün gözü açıq olur, amma az qala qarşıdan gələn avtomobili və ya yolu keçən piyadanı görmür. Bu anda sürücü qəfil yola çıxan, dayanan maneənin fərqinə varır və ləng reaksiya verir. Yəni lazım olan refleksi ortaya qoya bilmir.

Türkiyəli ekspertlərin qənaətinə görə, bu durum sürücünün sükan arxasına spirtli içki içib keçməsi və ya bayılması qədər təhlükəlidir…

“Paytaxtda qeydə alınan qəzaların yarıdan çoxu piyadaların vurulması ilə bağlıdır”

Hələ bir müddət öncə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vaqif Əsədov bildirmişdi ki, paytaxtda qeydə alınan qəzaların yarıdan çoxu piyadaların vurulması ilə bağlıdır. Təəssüf ki, yuxarıda bəhs etdiyimiz vəziyyətlər də piyadaların vurulması ilə nəticələnir.

Türkiyəli ekspert Mehmet Başkak bu duruma düşməmək üçün sürücülərə bəzi tövsiyələrini verib: “Evdən çıxıb hər zamankı kimi işinizə gedirsiniz, amma olur ki, necə çatdığınızın, necə gəldiyinizin fərqinə varmırsınız. Bu, çox təhlükəli andır”.

 Bunlara diqqət

Onun sözlərinə görə, sükan arxasında fikrə dalmamaq üçün gözləri davamlı şəkildə hərəkət etdirmək, baxış istiqamətlərini tez-tez dəyişdirmək lazımdır.

Belə ki, göz eyni nöqtəyə baxınca yorulur və beyinin monoton bir duruma düşməsinə səbəb olur. Bu səbəbdən yaxşı olar ki, baxışınız eyni nöqtədə sabit qalmasın: “Baxışlarınızı gəzdirin, hərdən yol çevrəsindəkilərə diqqət edin və s. Yan və arxa güzgülərə baxmaqla diqqətinizin dağılmasının qarşısını alın”.

Ekspertin dediyinə görə, uzun yol gedən sürücülər sevdikləri deyil, fərqli musiqiləri dinləməyə üstünlük verməlidirlər: “Dəyişkən templi, nizamsız mahnıları ard-arda dinləmək də işinizə yarayar. Musiqinin səsini yüksəltmək məsləhətdir. Bu, sizə fikrinizi cəmləməyə kömək olar”.

Boş mədənin faydası…

Uzun yola çıxacaqsınızsa, çox yeyib-içmək, mədənizi maksimum doldurmaq məsləhət deyil. Belə ki, bu zaman insanı tez yuxu basır. Halbuki ac mədə diqqətin daha oyanıq olmasına şərait yaradır: “Gündəlik həyatda yatmağa alışdığınız saatlarda da sükan arxasında uzun məsafə qət etmək də məsləhət görülmür”.

Şüşələri bir az endirib təmiz hava almaq da sizin fikrə dalmağınızın qarşısını ala bilər. Yox, əgər yola çıxmısınızsa və görürsünüzsə ki, yuxu sizi basır, fikrinizi toplaya bilmirsiniz, o zaman avtomobili bir kənara çəkib yatmaqda fayda var…

Nicat İntiqam

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here