Məcnun müəllimlərin həsrətindəyəm

615

Hövsələm qaçdı, əhvalım qarışdı. Səbəbi yaxından tanıdığım bir müəllimin maaş davası oldu. Həmin müəllim təhsilin səviyyəsinin yüksəldilməsi barədə söhbətə qarışaraq “Müəllimə nə pul verirlər ki, ondan da səviyyə tələb etsinlər?”-deyə az qala qladiatorlar kimi meydana atıldı. Amma bununla da kifayətlənmədi, get-gedə qəzəbi artdı, kini çoxaldı və əsə-əsə fikrini tamamlamağa çalışdı: “Müəllimin maaşını artırsınlar, sonra səviyyə tələb etsinlər. Müəllim hədiyyə almasın deyirlər, müəllim bunu etsin, onu etsin deyirlər. Pul verirsən müəllimə?”

Və s. və i.a. Bir sözlə, peşəsi müəllim olan bu adamcığazın həyatda və peşəsində umduğu tək bir şey var idi – pul, pul, pul. Başqa heç nə!

Bu məqaləni yazmaya bilərdim, əgər haqqında bəhs etdiyim hadisənin çox az bir qismə aid olduğuna inansaydım, amma yox, təəssüf ki, müəllim adlanan zümrənin içərisində bu cür düşüncə ilə yaşayıb, bu məqsədlə işləyənlərin sayı bir o qədər də az deyildir.

Həmin gündəndir nə o müəllim, nə də onun iddiaları, kin və nifrətdən, hərislikdən bərəlmiş gözləri, titrəyən dodaqları, qıcarmış dişləri, əsən başı və əlləri heç gözlərim önündən çəkilmir. Öz-özümə düşünürəm: bu cür müəllimlərin sinfə girmək, şagirdlərə təlim-tərbiyə vermək haqqı varmı? Bizim məktəbin keçdiyi min illikləri əhatə edən yolu bir kənara qoyaq, ən son bir əsrə baxaq. Keçən əsrin 20-30-cu ullərində kollektivləşmə və kütləvi represiyalar, 40-cı illərində müharibə, 50-ci illərində yoxsulluq, 60-cı illərində kommunizm xəyalı – utopiyası dövrünü keçmişdir. Müəllimlərimiz qışda evdən odun, təzək gətirərək sinfi qızdırmışlar, evlərində olan paltar-palazı şagirdləri ilə paylaşmışlar, “kartoçka” deyilən məhdud çörək payını belə şagirdləri ilə bölmüşlər. Acından huşunu itirən şagirdlərini yedirən nə qədər müəllimlərimiz var idi. Onlar heç vaxt, heç vaxt bu sözləri dilə gətirmir, kin və nifrətlə üsyankarlıq etmirdilər. Çünki onlar müəllim idi. Nəticədə bizə, baxın, necə nəhəng alimlər, bəstəkarlar, rəssamlar, ifaçılar, ədiblər, heykəltaraşlar, mühəndislər, memarlar, həkimlər, daha kimləri, kimləri vermişlər. Bunların arasında haqsızlıq qarşısında, insanlıq naminə həyatlarını qurban verən nə qədər abidə insanlar vardır. Onlar pul, mal, var, dövlət haqqında heç düşünmədilər, ən qiymətli var-dövlətləri olan canlarını belə qurban verənlər oldu.

Gənclik illərimdə Mari və Pyer Kürilərin həyatından bəhs edən bir kitab oxumuşdum. Bir epizodu heç unuda bilmirəm: bu iki böyük alim növbəti araşdırmalarını aparırlar. Bəşəriyyət onların yeni kəşfinə hamilədir. Bir müddət sonra fizika elmində daha bir inqilabi dəyişiklik baş verəcəkdir. Amma bu iki fədakar alim bunun fərqində deyildirlər. Yeganə düşüncələri radiasiya sahəsində nəzəri olaraq əldə etdiklərini laboratoriya şəraitində sınaqdan çıxarmaqdır. Amma pulları yoxdur. Bu yolda olan-qalan hər şeylərini satmışlar. Övladları – gələcəkdə valideyinlərinin yolunu davam etdirəcək İren hələ ayaq üstə dayana, yeriyə bilmir. Boynunda anasının aldığı Nobel mükafatının medalı otaqda iməkləyir. Amma bu qədər qiymətli bir şey valideyinləri görmürlər. Görsəydilər, dərhal satıb təcrübəni həyata keçirəcəkdilər. Çünki elm sahəsində yeganə iki dəfə Nobel mükafatı laureatı olan bu qadın da, əri də elmin dəlisi idilər. Onların gözü pulu, qızılı, brilyantı görmürdü, baxışları çox-çox uzaqlara dikilmişdi.

Müəllim “kasıbam” deyə ona əmanət edilmiş məsum körpələri rüşvətə, həyasızlığa, yalana, yaltaqlığa öyrədə bilməz, öyrətməməlidir. Onun buna ixtiyarı yoxdur. Çünki qarşısındakı İNSANDIR, həm də iyirmi, otuz, qırx il bundan sonra bizim qoyub getdiklərimizi davam etdirəcək insan. Bizim pula, mala, var-dövlətə əsirliyimizə görə içimizdə qaynayan kin və nifrətimizi onların beyninə, qəlbinə qusmağa, onları murdarlamağa qətiyyən haqqımız yoxdur.

Bugünki müəllimin şəraiti və imkanları keçmiş illərdəki ən yüksək vəzifəli şəxsinin yuxusuna belə girə bilməzdi. Müəllimlərimizin geyimləri, süfrələri, bir çoxunun bahalı avtomobilləri, dəbdəbəli mənzilləri, hətta bağ evləri və s. də vardır. Olmayan şey isə bilirsinizmi nədir? Doymayan nəfs və müəllim ürəyi.

Müəllimlik bir az dəlilik istəyir. Pul, mal, var-kar haqqında deyil, yalnız ona əmanət edilmiş məsum uşaqların ən yüksək əxlaqi keyfiyyətlərlə, daha çox bilik, bacarıq və vərdişlərlə təmin olunması barədə düşünən məcnun müəllimlər. Məcnun müəllimin ağlına belə gəlməz ki, təlim-tərbiyə verdiyi uşaqdan bir hədiyyə gözləsin, daha pisi, hədiyyə tələb etsin və getdikcə hədiyyənin qiymətini artırsın. Məcnun müəllimin ağlına belə gəlməz ki, təlim-tərbiyəsi ilə məşğul olduğu şagirdə yalan danışsın, qeybət etsin, iftira etsin, böhtan atsın, onlarla ünsiyyətdə kin, nifrət, qısqanclıq, həsəd göstərsin. Məcnun müəllimin üzündə, gözlərində, dilində daima sevgi vardır, şəfqət vardır, doğruluq vardır, fədakarlıq vardır. Məcnun müəllim cibində nə qədər pulu olduğunu belə bilməz. Evində yeməyə, içməyə nəyi vardır, onu xatırlamaz. Yanından şütüyüb keçən avtomaşınları, üz-üzə dayandığı insanların barmaqlarında, biləklərində, boyunlarında, qulaqlarında olan qiymətli şeyləri heç görməz, kimin nə geyindiyini, necə geyindiyinin fərqinə heç varmaz. Çünki o, müəllimdir, müəllimliyin məcnunudur, bütün fikri, düşüncəsi ona əmanət edilmiş şagirdlərinin yanındadır. O, daima, yalnız şagirdlərini düşünür, onlarla nəfəs alır, onlarla yaşayır!

Füzulinin Məcnununu xatırlayırsınızmı? Uğrunda insanlardan qaçıb çöllərə düşdüyü Leylisi onu tapıb yanına yaxınlaşanda nə demişdi? “Get, get, sən o Leyli deyilsən, ey pərizad!” Çünki Məcnunun gözləri üfüqə dikilmişdi, əsil Leylisini tapmış, onun vüslətinə talib olmuş, ona qovuşmağı həsrətini yaşayırdı.

Ah! Sən nə böyük dəli imişsən, Qeys!

Ah! Nə olaydı, bu gün heç olmazsa, bir neçə min müəllimlik peşəsinə “dolanışıq” pəncərəsindən baxmayan məcnun müəllimlərimiz olaydı! O zaman bizim inkişafımızın sürəti də, keyfiyyəti də bambaşqa olardı. O zaman cəmiyyətimiz tamamilə başqa, daha gözəl olmazdımı?

Nazim Əkbərov