“Liverpul”, yoxsa “Sevilya”?

513

Bu gün UEFA Avropa Liqasında final matçı keçiriləcək. Apasport.az saytının məlumatına görə, “Liverpul” və “Sevilya” Avropanın ikinci dərəcəli klub turnirində çempionun kimliyinə aydınlıq gətirəcəklər.

“Liverpul”la müqayisədə turnirin son qalibi “Sevilya” Avropa Liqasında daha təcrübəli komanda sayılır. Əndəluslular bu vaxta qədər 4 dəfə (2005-2006, 2006-2007, 2013-2014, 2014-2015) AL-in (sabiq UEFA Kuboku) kubokunu başları üzərinə qaldırıblar. Ardıcıl 3-cü dəfə finala qədər irəliləyən “Sevilya” yenə qələbə qazanacağı halda, bu, onların məlum turnirdə 5-ci çempionluğu olacaq.

Turnirin adı Avropa Liqası olandan sonra “Liverpul”un bu yarışda heç bir uğuru yoxdu. Lakin “mersisaydlılar” sabiq UEFA Kubokunun 3 dəfə qalibi olublar. Komanda sonuncu dəfə qızıl medalları 2000-2001 mövsümündə əldə edib. Maraqlıdı ki, həmin vaxt da “Liverpul”un finaldakı rəqibi İspaniya təmsilçisi olub. “Alaves”lə qarşılaşan “qırmızılar” matçın əlavə vaxtında vurulan “Qızıl qol”un hesabına 5:4 hesablı qələbə qazanmışdılar.

Hər iki komandanın daxili birincilikdə o qədər də uğurlu mövsüm keçirmədiyini və Çempionlar Liqasına gedə biməyəcəklərini nəzərə alsaq, (“Sevilya” 7-ci yer tutaraq Avroliqaya vəsiqəni təmin edib, “Liverpul” isə 8-ci olmaqla ümumiyyətlə, Avrokuboklardan kənarda qalıb) bu oyunun əhəmiyyəti daha da artır. Belə ki, UEFA-nın qaydalarına əsasən, Avroliqanın qalibi olacaq komanda növbəti mövsümdən Çempionlar Liqasında mübarizə aparmağa haqq qazanacaq.

İsveçrənin Bazel şəhərində keçiriləcək matçda isveçli baş hakim Yonas Eriksson əsas söz sahibi olacaq.

Avropa Liqası
Final
18 may

22:45. “Liverpul” (İngiltərə) – “Sevilya” (İspaniya)
Hakimlər: Yonas Eriksson, Matias Klasenius, Daniel Varnmark (hamısı İsveç), Sveyn Oddvar Moen (Norveç)
Əlavə hakim köməkçiləri: Stefan Yohannesson, Markus Strpmberqsson (hər ikisi İsveç)
Bazel. “Sent Yakob-Park” stadionu