“Liverpul” klublararası dünya çempionatının qalibi olub

0
261

Futbol üzrə klublararası dünya çempionatının final görüşü oynanılıb. Finalda İngiltərənin “Liverpul” və Braziliyanın “Flamenqo” komandaları qarşılaşıb. Qətərin paytaxtı Dohadakı “Xalifa” stadionunda keçirilən görüşün əsas vaxtında hesab açılmayıb. Oyuna əlavə olunmuş vaxtın 9-cu dəqiqəsində “Liverpul” klubu hesabı açıb. Müdafiəçilərin səhvindən sonra Sadio Manenin gözəl ötürməsini Roberto Firmino qola çevirib. Qalan dəqiqələrdə qapısını toxunulmaz saxlayan “Liverpul” 1:0 hesabı ilə qələbə qazanaraq tarixində ilk dəfə klublararası dünya çempionatının qalibi olub.

İngilislər klublararası çempionatın üç dəfə (1981, 1984, 2005) finalçısı olub. Hər üç görüşdə “Flamenqo”, “İndependyente” və “San-Paolo” komandalarına uduzub.

Turnirdə üçüncü yer uğrunda mübarizədə Səudiyyə Ərəbistanının “Əl Hilal” klubu Meksikanın “Monterrey” komandasını məğlub edib – 2:2 (penalti zərbələri – 4:3).

Qeyd edək ki, klublararası dünya çempionatı planetin ən güclü klubları arasında oynanılır. 1960-ci ildən etibarən təşkil olunan turnirin çempion titulunu hamıdan çox – 4 dəfə (2014, 2016, 2017, 2018) İspaniya “Real”ı qazanıb. Bu ölkənin digər klubu “Barselona” 3 (2009, 2011, 2015), Braziliya “Korintians”ı 2 (2000, 2012) dəfə titula yiyələnib. Braziliya təmsilçiləri “San-Paulu” (2005), “İnter” (2006), İtaliya klubları “Milan” (2007), “İnter” (2010), İngiltərə “Mançester Yunayted”i (2008), Almaniya “Bavariya”sı (2013) hərəyə bir dəfə dünya çempionu adını qazanıb.