Lirənin dəyəri manat qarşısında tarixi minimuma düşdü

Dünən Türkiyənin milli valyutası – lirənin məzənnəsi Azərbaycan manatı qarşısında tarixi minimuma enib. 
Mərkəzi Bankının xarici valyutaların rəsmi kursu ilə bağlı açıqlamasında göstərilir ki, dünən 1 lirə tarixi ərzində ən aşağı səviyyəyə düşərək 32,8 qəpiyə bərabər olub. Lirə son bir gün ərzində manata nisbətdə 1% dəyərdən düşüb. Bu, türk lirəsinin tarixində qeydə alınan ən aşağı göstərici hesab olunur. Türkiyənin milli valyutası bu günə qədər heç bir zaman Azərbaycan manatı qarşısında bu səviyyəyə qədər ucuzlaşmayıb. Ümumilikdə isə son bir il ərzində lirənin dəyəri manata nisbətdə 9,1% aşağı düşüb. Məlumat üçün bildirək ki, 2014-cü ilin 29 yanvar tarixində bir lirə 36,2 qəpiyə bərabər olub. Qeyd edək ki, manatla müqayisədə lirənin məzənnəsi ən yüksək həddə 2008-ci ilin yanvar ayının 15-də çatıb. Həmin tarixdə bir lirə 73,6 qəpik səviyyəsində olub. Manatı gücləndirən dollardı

Lirənin manata nisbətdə  ucuzlaşmasının əsas səbəbi isə ABŞ dollarının Türkiyənin milli valyutası qarşısında bahalanması ilə bağlıdır. Bildiyimiz kimi Mərkəzi Bank hazırda təsbit edilmiş məzənnə rejim tətbiq etdiyi üçün xarici valyutaların kursunu müəyyən edən zaman bazardakı tələb-təklifi əsas almır. Xarici valyutaların kursunu özü müəyyən edir və tələb-təklifə təsir göstərmək üçün bazara aktiv şəkildə müdaxilə edir. Onu da xatırladaq ki, Mərkəzi Bank xarici valyutaların kursunu müəyyən edən zaman manatın məzənnəsini digər valyutalara deyil, dollara görə müəyyən etdiyi üçün, hər hansı bir ölkənin milli valyutası dollar qarşısında ucuzlaşarsa, o zaman manatın məzənnəsi həmin ölkənin valyutası qarşısında bahalanır. Dolların məzənnəsi digər ölkələrin valyutası qarşısında aşağı düşdüyü zaman isə bunun əksi baş verir və manatın məzənnəsi də həmin ölkələrin valyutası qarşısında ucuzlaşır. Onu da bildirək ki, son zamanlar təkcə lirənin məzənnəsi deyil, digər ölkələrin milli valyutalarının da məzənnəsi manat qarşısında aşağı düşür.

 Mərkəzi Bank prioritetlərini dəyişəcəkmi…

Mərkəzi Bankın bu siyasətinin ölkə iqtisadiyyatı üçün müsbət tərəfləri olsa da, mənfi tərəfləri də var və Prezidenti İlham Əliyev də son çıxışında bu məsələyə toxunub. Prezidenti İlham Əliyev belə hesab edir ki, manatının səviyyəsinin güclənməsinə yenidən baxmaq lazımdır. Prezident son çıxışında – “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bildirib ki, dünyada neftin qiymətinin düşməsi ilə bağlı manatın məzənnəsinə heç bir mənfi təsir olmamışdır: “Əksinə, manat daha da güclənir. Hesab edirəm ki, biz bu məsələyə baxmalıyıq”. Dövlət başçısı bildirib ki, bir manat bir avrodan daha qiymətlidir və bahalıdır: “Əlbəttə ki, sosial məsələlərin həlli üçün bu, müsbət amildir. Ancaq biz bütün məsələlərə kompleks şəkildə yanaşmalıyıq. İqtisadiyyat, ixrac potensialımız üçün bu, o qədər də müsbət hal deyil. Ona görə hesab edirəm ki, manatın bundan sonra da avroya qarşı bahalaşması müsbət hal deyil”. Dövlət başçısı bildirib ki, bu vəziyətdə 1 manat 1 avroya bərabər olmalıdır: “Hesab edirəm ki, bir manat bir avro səviyyəsində qalarsa, makroiqtisadi vəziyyət təmin ediləcək. Eyni zamanda, bu, insanların gündəlik həyatına ancaq müsbət təsir göstərəcək. Eyni zamanda, bizim ixracımız üçün heç bir problem yaranmamalıdır. Çünki ixracın inkişafı, təşviqi indi gündəlikdə duran məsələlərdir. Manatın məzənnəsi isə burada önəmli rol oynayır. Ona görə hesab edirəm, müvafiq qurumlar, hökumət, Mərkəzi Bank bu məsələlərə diqqətlə yanaşmalıdırlar ki, manat həddindən artıq bahalaşmasın”.

Lakin Mərkəzi Bankın 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanətında qeyd edilir ki, manatın sabit məzənnəsi aşağı təkrəqəmli inflyasiya hədəfinə nail olunmasında, sosial rifahın və investisiya aktivliyinin qorunmasında mühüm rol oynayır: “Bunu nəzərə alaraq 2015- ci ildə manatın məzənnəsinin sabitliyi mühüm prioritetdir. Məzənnə rejimi əsasən dəyişməz saxlanacaq, ABŞ dolları/manat məzənnəsinin hədəflənməsi növbəti ildə də məzənnə siyasətinin əməliyyat çərçivəsini təşkil edəcəkdir”. Göründüyü kimi, Mərkəzi Bank manatın məzənnəsinin sabitliyini mühüm prioritet hesab edir.

Allahverdi Cəfərov