Leytenant Qarayeva – “Onu bağışlamaq olarmı?”

557

Bu gün Əməkdar artist Ətayə Qulam qızı Əliyevanın (1920 – 6.4.1995) anadan olmasından 97 il ötür…

Ətayə Əliyeva… Əgər “Onu bağışlamaq olarmı?”, “Bizim küçə”, “Telefonçu qız”, “Uşaqlığın son gecəsi” filmlərinə baxmısınızsa, deməli, onu tanıyırsınız. Əməkdar artist həmin filmlərin birinin leytenant Qarayevası, həm də Sara xalası (o bu filmdə iki roldadır), o birinin Bəyim xalası, digərinin Simuzəri, sonuncunun isə Mənsurə xalası olub. “Dağlarda döyüş”də isə Qəmbərin arvadı olub. “Arşın mal alan”dakı Cahan xala, “Bir cənub şəhərində”ki Mustafanın arvadı, “Gün keçdi”dəki Əsmərin anası, “Mən ki gözəl deyildim”də Gözəl xala, “Qanun naminə”dəki Xatun, “Qaraca qız”dakı Dayə, “İnsan məskən salır”dakı Şamama, “Romeo mənim qonşumdur”dakı Aqrippina Nikolayevna da onun səsi ilə tamaşaçılara təqdim olunur.

Aşqabadda anadan olmuş, 14 yaşında Bakıya teatr texnikumuna oxumağa gəlmiş, aktyor olan həyat yoldaşı Həsənağa Mirzəyevlə birgə İrəvan Dövlət Azərbaycan Teatrında fəaliyyətini davam etdirmiş, Gəncə Dram Teatrında və Azərbaycan Dövlət Akademik Dram Teatrı çalışmış Ətayə xanımın tamaşalarda və filmlərdə yaratdığı qadın rolları, ələlxüsus geniş ürəkli, tədbirli, müdrik ana obrazları milli teatr və kino sənətimizin uğuru kimi şərh olunub. Elə Ətayə xanımın özü də qayğıkeş ana, sevimli həyat yoldaşı, mehriban nənə idi. Yeri gəlmişkən, Əməkdar incəsənət xadimi, Xalq artisti, tanınmış teatr, kino və televiziya rejissoru Ramiz Həsənoğlu onun oğludur.

Qvami