Las-Veqasda həlak olanların sayı 58 nəfərə çatıb

458

ABŞ-ın Las-Veqas şəhərində (Nevada ştatı) silahlı insident nəticəsində həlak olanların sayı 58 nəfərə, zərərçəkənlərin sayı 515 nəfərə çatıb. RİA Novosti Agentliyi xəbər verir ki, bu barədə şerif Cozef Lombardo mətbuat konfransında məlumat verib.

Xatırladaq ki, insident bazar günü gecə saatlarında Mandalay Bay otel-kazino kompleksi ilə aeroport arasındakı meydançada keçirilən musiqi festivalında baş verib. Hadisə vaxtı orada on minlərlə insan olub. Kütləvi qətldə şübhəli bilinən yerli sakin, 64 yaşlı Stiven Peddok polis tərəfindən saxlanılarkən özünü öldürüb. Cinayətkar festivalı izləyən insanları Mandalay Bay otelinin 32-ci mərtəbəsindən atəşə tutub. Onun oteldə qaldığı otaqdan azı 10 ədəd silah tapılıb.

Hücuma görə məsuliyyəti İŞİD qruplaşmasının öz üzərinə götürdüyü bildirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa başsağlığı məktubu göndərib. Dövlətimizin başçısı Las-Veqas şəhərində keçirilən musiqi festivalı zamanı insanların qəddarcasına atəşə tutulması nəticəsində çoxsaylı tələfat və yaralananlar barədə xəbərin onu son dərəcə sarsıtdığını bildirib.

Azərbaycan Prezidenti bu dəhşətli hadisə ilə əlaqədar ABŞ Prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.