Lapşin – Adı qara siyahıda ola-ola

575

Dünən – fevralın 7-də Azərbaycanın beynəlxalq axtarışa verdiyi bloqqer Alexander Lapşin Bakıya ekstradisiya olunub. İsrail qəzetləri onun Bakıdakı həbsxanalardan birinə yerləşdirildiyini yazırlar.

Bloqqerin axtarışa verilməsinin səbəbi onun Qarabağa Azərbaycan hökumətinin icazəsi olmadan səfər etməsi, üstəlik, bloq yazılarında Dağlıq Qarabağın müstəqilliyini tanımağa çağırışlarıdır. Amma Dağlıq Qarabağa Bakının icazəsi olmadan səfər edən yüzlərlə jurnalist, siyasətçi, sənət adamı var. Azərbaycan hökuməti niyə məhz A.Lapshini beynəlxalq axtarışa verib? Niyə həm İsrail, həm Rusiyanın etirazlarına və müraciətlərinə məhəl qoymayıb və bu məsələdə israrlı mövqe tutub?

ADI QARA SİYAHIDA OLA-OLA…

«The Times of Israel» qəzeti bloqqerin Qarabağa dəfələrlə səfər etməkdən başqa, yazılarında Azərbaycan prezidenti İlham Əliyevi, Azərbaycan hökumətini təhqir etdiyini vurğulayır.

«LiveJounral» isə yazır ki, A.Lapşin Azərbaycan XİN-in qara siyahısına düşsə də, istədiyi vaxt Bakıya gələ bilir və bu haqda öz bloq yazılarında məlumat verirmiş. Onun Bakıya səfərinə imkan verən bir neçə pasporta sahib olmasıymış. A.Lapşinin İsrail, Rusiya, həm də Ukrayna vətəndaşı kimi 3 pasportu var. Azərbaycan XİN-in qara siyahısında onun adı «Aleksandr» kimi qeyd olunur, Ukrayna pasportunda isə «Oleksandr»dır. Adı siyahıya düşəndə bloqqer yazırmış: «Axmaqlar, bütün Azərbaycan xalqını axmaq yerinə qoyurlar. Amma mən onların oyunlarına getməyəcəyəm. Gözəl Bakıya səfər etməyin, azərbaycanlı dostlarımla görüşməyin yolunu tapacağam».

Sonrakı yazılarında isə A.Lapşin adı qara siyahıda ola-ola Bakıya iki dəfə səfər etdiyini bildirib.

A.Lapşin keçən ilin dekabrında, Minskdə həbs olunub. Rusiyanın xarici işlər naziri, nazirliyin sözçüsü bloqqerin Bakıya ekstradisiyasına imkan verilməyəcəyini, İsrail isə məsələnin A.Lapşinin xeyrinə həll olunması üçün diplomatik yollar axtardığını, Azərbaycanın qərarında qəti olduğunu deyirdi.

«AYSBERQİN BÖYÜK HİSSƏSİ SUYUN ALTINDADIR»

Amma qəzetlər başqa şey də yazır. Bloqqerin həyat yoldaşı Ekaterina Kopylova keçən ay «Haarets» qəzetinə müsahibəsində demişdi ki, İsrail rəsmiləri həbsxanaya baş çəkməkdən imtina edirlər.

Bu günlərdə mətbuat konfransı keçirən Belarus lideri Alyaksandr Lukaşenka isə bloqqeri İsrailin də, Rusiyanın da istədiyini, amma onun Bakıya veriləcəyini demişdi. Prezident eyni zamanda İsrailin Azərbaycanla razılığa gələ biləcəyini vurğulamışdı: «İsrail istəsə, bu adamın başından bir tük əskik olmaz… Aysberqin görmədiyiniz tərəfi – böyük bir hissəsi suyun altındadır».

«The Times of Israel» qəzetinin yazdığına görə, A.Lapşinin ekstradisiyasına qərar verən Minsk məhkəməsində də, şikayətə baxan Apellyasiya məhkəməsində də dinləmələr bağlı qapılar arxasında keçirilib.