Laçın ölkənin aparıcı rayonlarından birinə çevriləcək

58

Avqustun 26-da Prezident İlham Əliyev Azərbaycanın Laçın şəhəri, eləcə də Zabux və Sus kəndləri üzərində nəzarəti bərpa etdiyini bəyan etdi. Laçın şəhəri, Zabux və Sus kəndləri üzərində nəzarət Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli imzaladığı üçtərəfli Bəyanat əsasında bərpa edildi. Xatırladaq ki, Laçın rayonu 1992-ci il mayın 18-də işğal olunmuşdu. Bu hadisə Şuşa şəhərinin işğal edilməsindən 10 gün sonra baş vermişdi. Laçının işğal edilməsi ilə ölkəmiz üçün yeni faciələrin, torpaq itkilərinin əsası qoyuldu. Çünki Laçın rayonu böyük strateji əhəmiyyət kəsb edir. Belə ki, Ermənistanı Dağlıq Qarabağla birləşdirən yol məhz buradan keçir.

Laçın işğaladək Şərqi Zəngəzurun aparıcı rayonlarından olub. Rayonun işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13745 fərdi yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 109 təhsil, 142 səhiyyə, 217 mədəni-maarif müəssisəsi, 460 ticarət obyekti, 30 rabitə qovşağı ermənilər tərəfindən dağıdılaraq yandırılıb. 2010-ci ildə Laçın Rayon İcra Hakimiyyətinin apardığı qiymətləndirmələrə görə, bütövlükdə, rayonun işğalı ilə əlaqədar əhaliyə dəyən ziyan 9,1 milyard ABŞ dolları təşkil edib. Hazırda işğaldan azad olunan ərazilərimiz üzrə dəymiş ziyanın beynəlxalq metodologiyaya uyğun hesablanması başa çatmaq üzrədir və budan sonra daha konkret rəqəmlər qeyd etmək mümkün olacaq.  Bununla yanaşı, dəymiş ziyan sadəcə əmlakın məhv edilməsi deyil, həmçinin 30 illik işğal müddətində həmin ərazilərdəki təbii ehtiyatların talanması və torpaqlardan istifadə ilə də ölçülür. Digər tərəfdən, işğal nəticəsində 47.2 min  sakinimizin məcburi köçkün həyatı yaşaması beynəlxalq metodologiyada əsas xərclərdən hesab olunur.

Laçın həm də böyük iqtisadi potensiala malikdir. İşğaldan əvvəl Laçın rayonu kənd təsərrüfatı, bir sıra sənaye məhsullarının istehsalında, xüsusilə aqrar sektorda heyvandarlığın inkişafında respublikada öndə gedən rayonlardan hesab olunurdu. Laçın rayonu kifayət qədər təbii ehtiyatlara malikdir. Rayonda dəmir, mis, mərmər və digər inşaat materiallarının istehsalı üçün xammal ehtiyatları var ki, bu da rayonda emaledici sənaye müəssisələrinin formalaşmasına zəmin yaradır. Laçın, eyni zamanda, turizm baxımından, o cümlədən, yay və qış turizminə malik seçilən rayonlardandır. Laçın rayonu bərpa prosesindən sonra qısa bir zamanda Azərbaycanda iqtisadi inkişafa dəstək verən aparıcı rayonlardan birinə çevriləcək. Bunu təkcə yerli yox, həm də xarici ekspertlər etiraf edir.

Amerikalı ekspert Piter Teys bildirib ki, Laçın şəhəri Azərbaycan tarixinin mühüm hissəsidir: “Azərbaycan sürətlə inkişaf etməkdə davam edir. Onun gənc nəsli Laçın şəhərində yeni müəssisələri inkişaf etdirmək və bütövlükdə ölkənin inkişafına bilavasitə töhfə vermək imkanı qazanacaq. Laçın şəhərinə nəzarətin bərpası Prezident İlham Əliyevin görkəmli liderliyinin nəticəsidir”.

Onun sözlərinə görə, Laçın zəngin tarixə malik heyranedici bir yerdir. Azərbaycanın şəhərə nəzarəti bərpa etməsi Qafqazda sülhün möhkəmlənməsinə töhfə verəcək və Azərbaycanın bu hissəsində biznesin inkişafı üçün böyük imkanlar yaradacaq. “Laçın şəhərinə, Zabux və Sus kəndlərinə nəzarətin bərpası Prezident İlham Əliyevin siyasəti sayəsində mümkün olan tarixi hadisədir. Bir çox xarici şirkətlər Laçının tikintisinə sərmayə yatırmağa maraq göstərəcək”, – deyə amerikalı ekspert əlavə edib.

Amerikalı analitik İrina Tsukerman isə qeyd edib ki, Azərbaycanın Laçın şəhəri üzərində nəzarəti bərpa etməsi regionda uzunmüddətli sülhə doğru mühüm addımdır. “Bu, sadəcə olaraq sülhə və tam regional inteqrasiyaya doğru növbəti addım deyil, şəhər həyati strateji əhəmiyyətə malikdir”, – deyə amerikalı analitik bildirib. İ.Tsukerman qeyd edib ki, təxminən 30 il əvvəl Laçın erməni qoşunları tərəfindən işğal ediləndə onun yerli azərbaycanlı əhalisi şəhərdən qovulmuşdu: “Şəhərin mədəni-sosial obyektləri dağıdılıb, lakin indi keçmiş köçkünlər və onların ailələri evlərinə qayıtmaq, şəhərdə məskunlaşmaq və regionu vaxtilə malik olduğu müxtəlif, dinamik ticarət əlaqələrinə qaytarmaq barədə düşünə bilirlər”.

O, həmçinin vurğulayıb ki, Azərbaycan işğaldan azad edilmiş əraziləri uğurla yenidən quran, sakinləri və turistləri cəlb edəcək təhsil, sosial və digər obyektləri fəal şəkildə inşa edən ölkə kimi nümunə ola bilər: “Ermənilər şəhəri tərk edərkən yaşayış evlərini dağıdıblar və şəhərin yenidən qurulması zərurəti ermənilərin qoyduğu vəziyyətdən tamamilə fərqli olaraq burada biznes imkanları yaradacaq. Laçın gələcəkdə Cənubi Qafqaz regionunun gələcək inkişafını sürətləndirmək üçün Qarabağın digər şəhər və kəndlərinin də yenidən qurulmasına nümunə ola bilər”.

Onu da bildirək ki, bu gün Laçın rayonunda inşa edilən hava limanı gələcəkdə regionun turizminə və iqtisadiyyatına çox müsbət təsir göstərəcəkdir. Görülən genişmiqyaslı layihələr Laçın rayonunda geniş investisiya imkanları yaradacaq, kiçik və orta sahibkarlığın, turizmin inkişafı üçün geniş perspektivlər açacaq. Gələcəkdə Laçın ölkəmizdə digər iqtisadi rayonların da inkişafına öz töhfəsini verəcək.

 “İki sahil”