Laçın həsrətinə də son qoyulur

0
40

 

2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanata əsasən,  dekabrın 1-də işğal altında olan daha bir rayonumuz – Laçın ölkəmizə təhvil verilir. Şübhəsiz, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük bir hissəsini və Şuşanı hərbi yolla azad etməsindən sonra Laçının bir güllə belə atılmadan razılaşmaya əsasən azadlığa qovuşması Azərbaycanın Ermənistan üzərində həm də böyük siyasi-diplomatik qələbəsidir. Bu fikri  işğaldan azad edilmiş Ağdam və Kəlbəcər rayonlarına da şamil etmək olar. Belə ki, noyabrın 20-də Ağdamın, noyabrın 25-də isə çətin relyefi olan Kəlbəcərin də işğaldan azad edilməsi hərbi zəfərimizin davamıdır. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Qeyd edək ki, 28 il bundan öncə erməni vandalları tərəfindən işğal edilmiş Laçın ölkəmizin ən dilbər guşələrindən biridir. Laçının Azərbaycanın alaqapısı, böyük qapısı adlandıran ulu öndər  Heydər Əliyev 6 may 1996-cı ildə Şuşa və Laçın rayonlarının sakinlərinin bir qrupu ilə görüşdə demişdir: “Laçın rayonu Azərbaycanın çox gözəl guşələrindən biridir, dağ rayonudur. Onun gözəl insanları, gözəl təbiəti, dağları, meşələri, yamacları var. Laçında 60 minə qədər azərbaycanlı yaşayırdı. Nə qədər nəsillər orada qurublar, yaradıblar.” Ümummilli lider, həmçinin bildirmişdir ki, strateji baxımdan mühüm coğrafi mövqeyi olan Laçın rayonu ermənilərin Azərbaycan torpaqlarını işğal planının qarşısında tarix boyu güclü sipər və maneə olub. Erməni quldur dəstələri məhz bu ərazidə dəfələrlə ağır itkilərə məruz qalıblar.

…Son 28 ildə erməni barbarları füsunkar təbiətə, zəngin mədəni irsə malik bu rayonu elə hala salıblar ki, vaxtilə həmin yerlərdə yaşamış sakinlər onu tanımaqda çətinlik çəkəcəklər. Üstəlik, son günlər Laçını boşaltmağa başlayan erməni vandalları Kəlbəcərdə, Ağdamda olduğu kimi, burada da onlara doğma olmayan ev-eşiyimizi, ormanlarımızı odlara qalamaqdan çəkinmirlər. Ermənilər nəinki ev əşyalarını, hətta dam örtükləri, pəncərə çərçivələri və qapıları, eləcə də elektrik xətlərini çıxarıb aparırlar. Bununla da onlar  bir daha özlərinin faşist xislətlərini dünyaya göstərirlər. Noyabrın 23-də Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev işğaldan azad edilmiş Ağdam şəhərində onların bu bəd əməllərindən danışarkən ürəkağrısı ilə demişdir: “Görün, biz kimlərlə, hansı vəhşilərlə üz-üzə idik!”

Laçın sakinləri bu onilliklərdə çox məşəqqətlərə düçar olublar. Onlar respublikamızın müxtəlif şəhər və rayonlarındakı yataqxanalarda, yarımçıq tikililərdə məskunlaşıblar. Daha sonra isə dövlətin dəstəyi, Prezidentin himayəsi ilə yeni tikilmiş şəhərciklərdə evlərlə təmin ediliblər. Amma onlar doğma torpaqlarına qayıdacaqlarına ümidlərini heç vaxt itirməyiblər. Çünki onlar ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin torpaqlarımızın azad ediləcəyi tarixə – Böyük Qələbəyə yaxınlaşdırdığına hər zaman inanıblar. Bu inamlarında da əsla yanılmayıblar..

Əbəs yerə deyilmir ki, hər gecənin bir işıqlı gündüzü var. İşğal altında inləyən Laçınımıza  artıq gün doğub. Artıq  kəlbəcərlilər, ağdamlılar kimi, onların da doğma yurd həsrətinə son qoyulur. 2020-ci ilin 1 dekabrı laçınlılar üçün yeni bir tarix kimi əbədiləşir. İndi hər bir Laçın sakini o torpaqlara, yaxınlarının məzarları olan yurd yerinə getmək, tayı-bərabəri olmayan təbiəti seyr etmək, ermənilərin vəhşiliklərinə məruz qalan qədim inanc, ibadət yerlərini ziyarət etmək, Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqların suyundan içmək üçün saatları sayır.

Dekabrın 1-dən Laçın üçün də yeni dövr başlayır. Şübhəsiz, uzun müddət işğal altında Laçının işğaldan azad edilməsi mühüm əhəmiyyət daşıyır. Çünki ölkəmiz  üçün strateji önəmə malik olan bu  rayon həm də yerüstü və yeraltı təbii sərvətləri ilə zəngindir. Buradakı maddi-mədəni nümunələr  xalqımızın qədim tarixini özündə yaşadır. Talan olunan Laçın şəhərinın, bu inzibati ərazi vahidinin kəndlərinin tez bir zamanda yenidən qurulacağı, tarixi abidələrin bərpa ediləcəyi şəksizdir. Bu barədə dövlətimizin başçısı dəfərlərlə söz açıb.

Laçınımıza qayıdırıq! Gözlərin aydın olsun, Laçın!

Qvami Məhəbbətoğlu, “İki sahil”