Lənkəran Dövlət Dram Teatrı Ağdamda olub

62

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası Ağdam rayonunda qastrol səfərində olub. Lənkəranlı aktyorlar Ağdam Dövlət Dram Teatrının Quzanlı qəsəbəsindəki binasında görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş” tamaşasını təqdim ediblər.

Teatrdan verilən məlumata görə, bu ilin iyul ayında Ağdam və Lənkəran teatrları arasında bağlanılmış niyyət sazişində hər iki kollektiv arasında yaradıcı əlaqələrin qurulması, qarşılıqlı qastrol səfərlərinin təşkili nəzərdə tutulur. Vətən müharibəsində qazanılmış Qələbədən sonra Qarabağa ilk qastrol səfəri də məhz Lənkəran teatrına qismət olub.

Tamaşadan sonra lənkəranlı qonaqlar ermənilər tərəfindən dağıdılmış Ağdam şəhər məscidinin və Ağdam Dövlət Dram Teatrının binasının qalıqlarına baş çəkərək, mənfur qonşularımızın cinayətkar əməlləri ilə tanış olublar və duyğusal hisslər yaşayıblar.

Lənkəran Dövlət Dram Teatrının aparıcı aktyorlarından biri olan Sücəddin Mirzəyev bildirib ki, bu məkanlarda çox kövrəldim: “Burada erməni vandallarının törətdikləri dağıntılar adamın qəlbini ağrıdır”.

Qeyd edək ki, qarşılıqlı razılaşmaya əsasən, dekabr ayı ərzində Ağdam Dövlət Dram teatrının da Lənkərana qastol səfəri planlaşdırılır.

Esmira Hidayətova, Ağdam