Ləman Ələşrəfqızı: “Mən ANS-in vicdanlı işçilərindən olmuşam”

686

Ləman Ələşrəfqızı… Bu adı son 10 ildə Azərbaycan televiziyasını izləyən bütün tamaşaçılar demək olar ki, tanıyır. Azərbaycan tamaşaçısı onu ANS-də efirə gedən “İç xəbər” və “Xəbərçi” ilə tanıyıb. Bu müsahibəni yazmamışdan əvvəl müxtəlif sahədə çalışan təxminən 10 nəfərə belə bir sual verdim: “ANS telekanalından hansı jurnalistlər yadında qalıb?”. Bütün adlar siyahısında Ləman Ələşrəfqızının da adı var idi. Halbuki, o, efirə çıxmırdı. Niyə bu qədər sevilib, tanınıb? Bunun bir səbəbi də özünün dediyi kimi, tamaşaçıların ürəyindən tikan çıxaran xəbərlər hazırlaması olub. Onun haqqında yazdığım sözlər pafoslu çıxa bilər. Amma son illərdə nə qədər belə cəsarətli jurnalist görmüşük? Barmaq sayı ilə sayılacaq qədər az. Onunla çox məsələlərdən danışdıq, jurnalistikadan, sənədli filmlərdən, biraz da ANS-dən. 

– Ləman xanım, sizi demək olar hamı tanıyır. Amma siz özünüzü necə təqdim edərdiniz?

– Məni Ləman Ələşrəfqızı kimi tanıyırlar. Yəni, o vaxt hamı soyadla tanınanda mən atamın adını götürmüşəm və düşünürəm ki, səhv eləməmişəm. Ata adını soyad kimi istifadə eləyənlərin bəlkə də birincilərindənəm. Ona görə nə ata soyadım Dadaşovadan, nə də həyat yoldaşımın soyadı İsmayılovadan istifadə eləməmişəm. Hamınızın tanıdığı jurnalist Ləman Ələşrəfqızı! Azərbaycan cəmiyyətində bu ad və soyad nəisə ifadə eləyirsə, buna görə özümə borcluyam. Mənim bürcüm oxatan bürcüdür, oxatanların xarakteri də ox atmaqdır (gülür). Yəni, dinc dayanmamışam, görəndə ki, kimsə qatığa qara deyir, mən demişəm, yox ağdı. Bu kiminsə xoşuna gələ bilər, xoşuna gələ bilmız başqa məsələdir, mən çalışmışam ki, düzə düz, əyriyə əyri deyim. Bu bizim mətbuatımızın banilərinin də, Mirzə Cəlilin də ilk vəzifəsi olub. Həmişə qələmin ilk vəzifəsinə sadiq olmuşam. Mirzə Ələkbər Sabirin “düzə düz, əyriyə əyri”si həmişə qulaqlarımda qalıb. Hər şeyi öz adıyla çağırmalıyıq.

– Aktiv jurnalist fəaliyyəti üçün darıxırsınızmı?

– Əslində yenə də aktiv jurnalist fəaliyyəti ilə məşğulam (gülür). Əlbəttə ki, darıxıram. Jurnalistika fəaliyyətimin 12 ilini televiziyada keçirmişəm. Ondan əvvəl 8 il informasiya agentliyində, müxtəlif qəzetlərdə çalışmışam. Bundan əlavə mənim texnikum təhsilim də var, bu da jurnalistikanın lap təməlini öyrənir – poliqrafiya. İlk dəfə İnstituta qəbul ola bilməyəndə, 3 saylı texniki peşə məktəbində poliqrafiya üzrə oxudum. Mənim qanım, xəmrim jurnalistika ilə yoğrulub. Ona görə əlbəttə darıxıram. Hardasa bir də görürsən dəmi gəlir. Mən televiziyada həm də sənədli filmlər hazırlayırdım. Belə deyək daha çox sənədli film hazırlamaq üçün darıxıram.

“Mən ANS-in vicdanlı işçilərindən olmuşam”

– ANS-dən ayrılmağınız barədə danışmısınız, yazmısınız. Sizdən əvvəldə bir neçə jurnalist ayrılmışdı. Bu nə ilə bağlı idi, maddi problem, yoxsa rəhbərliklə yola getmədiniz?

– Əgər fikir verdinizsə ANS-dən ayrılanda da bir statusum hər şeyi həll elədi. Mən o statusu yazdım və ANS-lə yollarımı ayırdım. İndi ANS-in bağlı olduğu bir vaxtda mən istəməzdim ki, söhbətimizi ANS üzərində quraq. Həmişə deyirdilər ki, ANS-də işləmək çox çətindi, hər adam dözə bilməz. Mən 12 il ANS-də işləmişəmsə deməli, dözmüşəm. Mən də söz götürməyən adamam, mənim də xasiyyətimin sərt, tünd tərəfləri var. Amma əgər işləmişəmsə deməli özümü orda tapa bilmişdim. Özləri də bu gün etiraf eləyərlər ki, mən vicdanlı işçilərdən olmuşam. Mənim adım nə qalmaqallarda, nə intriqalarda, nə də digər məsələlərdə hallanıb, kimsə deyə bilməz ki, rüşvət alıb və ya başqa şey. Mənim haqqımda heç nə deyə bilməzlər. Mən çalışmışam ki, ANS-in vuran ürəyi olum. Mən ora reportyor kimi getmişəm, ondan sonra “İç xəbər”in redaktorlarından biri olmuşam. Sonra rəhbəri olmuşam, sonra “Xəbərlər”ə xüsusi müxbir gəlmişəm. Sonra da sənədli film çəkmişəm. İlk gələndə özümü necə tanıtmışamsa, son da ən çətini olan sənədli film hazırlanmasında da yenə öz sözümü deyə bilmişəm. Ona görə onların məndən narazılığı yoxdur, amma mən onlardan narazı ayrıldım. ANS indi fəaliyyətdə olsaydı, bəlkə də danışmağım düzgün olardı, amma bu yıxılana balta çalmaq kimi olmasın deyə, danışmayacam.

– Bəs bir jurnalist kimi yox, tamaşaçı kimi ANS-in yoxluğu sizcə necə hiss olunur?

– Əlbəttə hiss olunur. Yəqin ki, siz də hiss eləyirsiz. ANS Azərbaycan mediasında öncüllərdən biri idi. Əksəriyyətimiz ANS-in xəbərləri ilə böyümüşük. Mən yox, sizin yaşınız elə bir yaşdır ki, siz o xəbərlərlə böyümüsüz. Ona görə ANS-in efir məkanı boşdu və onu tamaşaçı hiss eləyir. Jurnalistlər daha çox bunu hiss eləyirlər. Amma ən siravi tamaşaçı da bunu hiss eləyir. Məsələn, məndən küçədə, marketdə nə qədər adam yaxınlaşır, soruşur ki, ANS açılacaqmı? İnsanların çoxu bilmir ki, mən ANS-dən ayrılmışam. Mən müxtəlif adamların, ANS-lə bağlı müxtəlif suallarına hər gün demək olar ki, cavab verirəm. Düşünürəm ki, Azərbaycanın efir məkanında bir boşluq var, ciddi xəbər boşluğu var. Bəlkə də bizim gözümüz, qulağımız ANS-ə öyrəşmişdi ona görədi, bilmirəm. Amma düşünürəm ki, o boşluq var.

“Cümlə yaza bilməyən bu adamlar efirə çıxıb tanınmaq istəyirlər”

– Bir müsahibənizdə demişdiniz ki, “jurnalistika mənim üçün o qədər əlçatmaz idi ki, fikirləşirdim məndən jurnalist olar, ya yox”. Sizcə indiki gənclər üçün jurnalistika əlçatandır?

– O vaxt jurnalistika, hüquq, şərqşünaslıq “vesli” fakültələr idi. Bu fakültələrdən birinə daxil olmaq hər adamın hünəri deyildi. Mənim 10-cu sinifi bitirməyim Qarabağ münaqişəsinin başlanğıc illərinə düşdü. Biz sinifdə 26 nəfər idik. 26 şagirddən ali təhsil alan bir mən oldum, sonradan oğlanlardan biri Türkiyədə təhsil aldı. Sinifimizdə yaxşı oxuyan 7-8 nəfər var idi. Heç biri ali təhsil ala bilmədi. Oğlanlar getdilər cəbhəyə, orda da sındılar gəldilər. Hansısa formada təhsildən geri qaldılar. Heç biri oxumaq haqda düşünmədi. Mən sənədlərimi birinci il Filologiyaya fakültəsinə verdim. İki 4 qiyməti ilə, 8 balla qəbul ola bilmədim, amma 9 olsaydı qəbul olacaqdım. 9 bal üçün mənim bir cümlə təhlilində səhvim oldu. O vaxt Yolçu Piriyev adlı müəllim var idi, onu bir dəfə elə qəbul imtahanında gördüm və böyük simpatiyam yarandı. Çünki, o adam o qədər təkid elədi ki, “müəllimə, bəlkə biz bu xanıma 5 yazaq”. Müəllimə də dedi ki, yox o cümləni düzgün təhlil eləməyib. Həmin müəllimə də Zinət xanım Əlizadə idi, Zərdüş və Araz Əlizadələrin anası. O imkan vermədi ki, mən filologiyaya qəbul olum. Dünyasını dəyişib Allah ona rəhmət eləsin. Mən yüksək balla filologiyaya qəbul ola bilmədim, düşdüm konkursa. Sonra texnikuma poliqrafiya ixtisasına daxil oldum. Bu da jurnalistikanın ibtidaisidir. Orda bir il oxuduqdan sonra mən jurnalistika ixtisasına daxil oldum. Düşünürəm ki, bu da bir qismətdir. Mən filologiyaya daxil olsaydım, sonra özümdə o cəsarəti tapmayacaqdım ki, sonradan jurnalistikaya gedim. Yəni o qədər də gözü açıq deyiləm, gedib dil ədəbiyyat müəlliməsi olacaqdım (gülür).

Mən televiziyada işləyəndə mənimlə 20 yaş fərqi olan, jurnalistikadan xəbəri olmayan dünənin uşaqları var idi hansılar ki, mənim dediyim mərhələləri keçmədən göydəndüşmə gəlib televiziyonçu oldular, bax o uşaqlar parlayıb ulduz olmaq istəyirlər. Cümlə yaza bilməyən bu adamlar efirə çıxıb tanınmaq istəyirlər, jurnalistikanı sevmirlər. Mənim hətta o gənclərin bir neçəsi ilə konfliktlərim də olmuşdu. Mən onlara deyirdim ki, ay bala, sən bu gün gəlmisən amma deyirsən ki, mən efirə çıxmalıyam, müxbir olmaq üçün gəlməmişəm ki. Mən isə onlara deyirdim ki, siz mənim aldığım diplomu ləkələyirsiz. Mən o diplom üçün əziyyət çəkmişəm, 20 ilimi bu işə həsr eləmişəm. Mənim zamanında əlçatmaz kimi baxdığım, fakültəyə, mənim ixtisasıma belə xor baxa bilməzsən. Bizim qarşımızda o boyda nümunə var idi. Mirşahin əgər 50-53 yaşında əlində kamera mikrofon müxbirlik edirdisə, sən niyə eləməməlisən ki?! Ümumiyyətlə jurnalistikaya niyə belə baxmalısan ki?! Bu müsahibə dərc olunanda uşaqlar biləcəklər ki, bu sözü kimə demişəm. Yenə deyirəm indi ANS fəaliyyət göstərmir, ona görə mən kiminsə arxasınca danışmaq kimi olmasını istəmirəm. Onlar üçün fərqi yoxdu, hansı verilişin aparıcısı olur olsun, təki parlasın. İnsan iki formada özünü tanıda bilər. Mən heç vaxt efirə çıxmamışam, mənə heç vaxt qabiliyyətimə görə müəllif verilişi verməyiblər. ANS-dəkilər bunu oxusa da bilsinlər ki, heç vaxt mənə müəllif verilişi verməyiblər ki, gəl sən özünü burda sına. Amma mən repartyor kimi özümü tanıtmışam. Bu gün küçəyə çıxanda hamı məni tək səsimə görə yox, ümumiyyətlə tanıyırlar. Mən özümü öz qabiliyyətimlə tanıtmışam. Bəzilərində də qabiliyyət olmayanda deyir ki, mütləq efirə çıxıb, nə isə eləməliyəm ki, məni tanısınlar.

“Tarix imtahanında o vaxt bizdən 10 “şirvan”dan yığmışdılar”

– Bu yaxınlarda Jurnalistika fakültəsinin dekan müavininin internetdə səs yazısı yayılmışdı. Həmin səs yazısında idarəçi xanım tələbələrə sosial şəbəkələrdə müəyyən mövzularda yazmağı qadağan edir. Sizcə gələcəyin qələm sahiblərinə beşikdən senzuranın tətbiq olunması nə dərəcədə doğrudur?

– Əlbəttə doğru deyil. Heç doğru deyil. Jurnalistika həmişə elə fakültə olub ki, digər fakültələrdə imtahanı pulla yazdıranda jurnalistikada bu olmayıb. Orda Şirməmməd müəllim, Famil Mehdi var idi. Bizdən kənar ixtisaslarda pul istəyən olmuşdu. Məsələn mənim yadıma gəlir ki, tarix imtahanında o vaxt bizdən 10 “şirvan”dan yığmışdılar. Həmin vaxtlarda Azərbaycan tarixi təzə tədris olunmağa başlanmışdı. Biz sovet uşaqları axı orta məktəbdə Azərbaycan tarixi keçməmişdik. Ona görə də bizdən pul yığırdılar. Mən o müəllimi həmişə görəndə üzünə vururdum ki, bu 5 il ərzində tək pul verdiyim müəllim siz oldunuz. Tapşırıq var idi, amma bizim o vaxt jurnalistikada pul söhbəti yox idi. Təsəvvür edin Şirməmməd müəllimə pul verə bilərdik ki, al bunu qiymət yaz. Şirməmməd müəllim kimi cəsarətli müəllimləri olan fakültədə bu gün o cür hadisələrin olması əlbəttə yaxşı deyil. Düzdü mən ona reaksiya vermədim. Amma çox təəssüfləndim.

– Parlament müxbirliyinə necə başlamısınız?

– Mən “Olaylar” informasiya agentliyində işə başlayanda Fatma Abbasquliyeva məni parlamentə göndərdi. Dedi get ora akreditə oluna bilsən işə başlayacaqsan, bizim parlament müxbirimiz olacaqsan. Mən də getdim, o vaxt orda Aqşin Babayev (o vaxtki MM-in mətbuat katibi) var idi, onunla danışdım. Dedim ki, mən filan yerdən gəlmişəm, BDU-nu bitirmişəm, düzdü hələ təcrübəm yoxdu, amma inşallah siz şərait yaratsanız jurnalist kimi, parlament müxbiri kimi özümü sınayacam. Mən “Olaylar” informasiya agentliyinin parlament müxbiri kimi qısa bir vaxt ərzində tanındım. Bizim yaydığımız xəbərləri o vaxtlar qəzetlər verirdi, biz də onun fonunda parlayırdıq. Məsələn, yadıma gəlir ki, Tərtər rayonunda problem yaranmışdı, yazı yazdım ki, bu rayondan seçilən deputat Zeynəb Xanlarova niyə ora getmir. Yazıdan sonra Zeynəb Xanlarova ora getdi. Mənim yazdığım informasiyalar maraqla qarşılanırdı. Ondan sonra “Hürriyət”, “Azadlıq” qəzetlərində işlədim.

– Neçə il parlament müxbiri olmusunuz?

– Səhv eləmirəmsə 3 il – 1996, 1997 və 1998. 1999-cu ildə mən artıq “Azadlıq” qəzetinə gələndə oranın öz parlament müxbiri var idi.

– Bəs televiziyada?

– ANS-də çox qısa parlament müxbiri oldum (gülür). Cəmi 3-4 iclasa getdim. Onsuz da mən bilirdim ki, burda çox qalan deyiləm.

– “Molotov kotlet”i süjetiniz kanal rəhbərliyi tərəfindən necə qarşılandı?

– Baxın, söhbət elə ondan gedir ki, arada deyirəm ANS-in yeri görünür. Mən hərdən düşünürəm ki, jurnalist hərdən özündə o cəsarəti tapmalıdır. Məsələn, mən də yazmaya bilərdim. Ora gələndə müxbirlərin çoxu deyirdi ki, Ləman, sən gəlmisənsə burda nə isə gözlənilir. Deyirdim heç nə gözlənilmir, mən sadəcə olaraq “Xəbərlər”də işləyirdim, parlament mənim üçün maraqlıdır, çoxdandı görməmişdim. Bizim dövrümüzdə parlament jurnalistləri də fərqli idi. Əjdaha müxbirləri var idi. Xalid Kazımlı, Əziz Mustafa, Azər Hüseynbala, Tapdıq Fərhadoğlu və s. elə jurnalistlər idi ki, indi onların hərəsi oturuşmuş bir məktəbdi. O dövrün parlamentində də mənzərə çox maraqlı idi.

Yaxşı xatırlayıram qrant haqda qanunu AMİP müzakirəyə çıxarmışdı. O vaxt indiki kimi bilmirdilər, sevmirdilər qrantı (gülür). Yadıma gəlir ki, 7 maddədən ibarət qanun dəfələrlə parlamentdə qarşılarında olsa da, oxumağa imkanları olmayıb. Bununla bağlı yazım özümə də, cəmiyətə də xoş olmuşdu. Deməli, 12-13 deputatdan soruşmuşdum ki, “qrant nədir?”. Qəribə cavablar var idi. Biri deyir “su krantı” (gülür), sualın altından çıxa bilməyənlər əsəbiləşib deyirdilər, “əşşi nə bilim ee nədir”. Həmin deputat xanım sonradan icra başçısı oldu. Bu gün meydanda olan, mənəm mənəm deyən elə adamlara yaxınlaşmışdım ki, adlarını çəkmirəm, hərəsi bir söz demişdi. Onların arasında indi də deputat olanlar var. O qədər gülməli cavablar var idi. Mən ən sonda gedib parlamentin bufetində “qrant” yeməyi olub-olmadığını soruşdum. Diktafonumda açıq idi. Ordan da mənə cavab vermişdilər ki, var idi amma indi yoxdu. Yəni, mövzunu ona gətirmişdim ki, bufetdəki ofisiant və parlamentdə oturan deputat, fərqi yoxdu. Yadımdadı AMİP-dən olan deputat Nazim İmanov yazımı ayın yazısı elan eləmişdi. Bu şeylərə baxanda jurnalistikamız qabağa yox dala getdi.

“Əlini tutdum, dedim, sənin əlin mənim cibimə niyə girməlidir?”

– Sizə rüşvət təklifi olubmu?

– O qədər. Mənim yadıma gəlir, 2005-ci ildə “İç xəbər” təzə açılmışdı, “Şərq bazarı” tərəfdə kran aşmışdı. Yüksək mərtəbəli binalar tikilirdi, adam ölməmişdi. Amma kran düz yaşayış binalarının üstünə düşmüşdü. Biz çəkilişə getmişdik. Sürücü, mən və operatorumuz da Aytən adlı qız idi. Yadıma gəlir ki, iş adamı ha məni dilə tutdu ki, pul götürüm, bunu açıb ağartmayın. Biz də dedik, çəkilin kənara çəkirik. O vaxt ANS-in maşınları “Damas” idi. Bir paçka pul gətirib maşının içini atıb qaçdılar (gülür). Adam pulu atdı qaçdı, sürücümüz Novruza dedim ki, qaç adamın dalınca, onu yaxala gətir bura. Novruz gedib adamı gətirib gəldi. Adama dedim pulunu da götür get burdan, sən necə mənim maşınıma gətirib pul ata bilərsən. Ondan sonra da dəfələrlə olub. Yasamalda qazla bağlı çəkiliş aparırdım. operator qarşımda dayanıb çəkir, birdə gördüm ki, sədrin müavini əlini gətirib paltomun cibinə pul qoydu. Əlini tutdum, dedim, sənin əlin mənim cibimə niyə girməlidir? Dedim pulunu götür, sizə ayıb olsun. Kişi qıpqırmızı oldu. Ay Ləman xanım, ay elə, belə, pislik eləmək istəmədim, dedi. Gəldim işə, məsələni rəhbərlik qarşısında qaldırdım. Həmin ərazidə bizim rəhbərliyin özü də yaşayırdı deyə, dedim ki, bilsinlər ki, bu adamlar belə tərbiyəsizlik eləyib. Bugünkü kimi yadımdadı ki, Mirşahin müəllim mənə dedi ki, o adam sənə zəng edib üzr istəyəcək. Adam məndən zəng edib üzr istədi. Bəlkə də mənə qədər kiminsə cibinə pul qoyulmuşdu, ona görə də o rahatlıqla əlini mənim cibimə salıb pul qoydu. İmanımı yandıra bilmərəm, yəqin ki, elə bir təcrübəsi var idi.

– Ən yadda qalan reportajlarınız hansılardı, yadınızda qalanlardan danışardınız.

– Yadda qalan reportajlarım da çox olub. “İç xəbər”də maraqlı süjetlərim olurdu. Məsələn birini danışım. Söhbət cavan bir oğlandan gedir. Bunun avtomobilinin üstünə ağac aşıb. Bu adamın şəxsiyyət vəsiqəsi qarışıq hər şeyini əlindən alıblar. Tam detallı xatırlaya bilmirəm, fakt odur ki, adamın əlindən şəxsiyyət vəsiqəsini alıblar. Bizə müraciət edib ki, şəxsiyyət vəsiqəsini əlindən alıblar, qaytarmırlar. Yadımdadı ki, getdim o oğlanın evində çəkiliş apardım. Məlum oldu ki, bu 4 il ərzində bu oğlan şəxsiyyət vəsiqəsi olmadan evlənib, uşaq doğulub, təbii ki, atanın şəxsiyyət vəsiqəsi olmadığına görə də bunun evliliyi qeyri-leqaldı. Çox maraqlı bir sujetdi. Mən şok keçirdim. Deyir ki, gedirəm adam vermir. Hansısa avtomobil şirkətidi. Şirkətin şəxsiyyət vəsiqəsini alan işçisinin adı Bağır müəllimdi. Cavan oğlanla getdik Bağır müəllimin yanına. Bağır müəllim bildi ki, biz çəkilişə gəlmişik, başqa bir maşına mindi qaçdı. Bizdə düşdük arxasınca. Yolda paralel gedirik maşınlarda (gülür). Yollar bu qədər dəyişilməmişdi, “Əzizbəyov”un köhnə vaxtları idi. “Əzizbəyov” metrosuna çatanda Bağır müəllim taksidən düşdü ayaqla qaçmağa başladı. Mənim də ayağımda “kablok” var, operatora deyirəm ki, qaç bunun dalınca. Bağır müəllim qabaqda, arxasında operator qaçır, mən də bunların axrasında operatora deyirəm ki, kameranı söndürmə, çəkməyə davam elə. Mənim dalımca da bu şəxsiyyət vəsiqəsi olmayan oğlan qaçır. Xeyli qaçandan sonra Bağır müəllimi yaxaladıq. Bir qoluna operator, o biri qoluna bu gənc oğlan girib, Bağır müəllimi tutublar. Elə bil Bağır müəllim müttəhimdi (gülür). Mən də təngi-nəfəs mikrofonla yaxınlaşıram ki, ay Bağır müəllim niyə qaçırsız? Bağır müəllim də cavab verdi ki, yas yerinə gedirəm (gülür). Yadıma gəlir ki, Bağır müəllimi qaytarıb iş yerinə gətirdik, gənc oğlanın şəxsiyyət vəsiqəsini qaytardı. Axırda da Bağır müəllimə dedim ki, bunu belə rahatlıqla verəcəkdinizsə niyə bizi bu qədər qaçırdırdın? (gülür). Məzən olsun, Bağır müəllim.

“Mənə ayıb olar mən gedib kiməsə deyim ki, bu filmi çəkmək üçün bu qədər pul lazımdır”

– Elə mövzu olubmu ki, işləmək istəmisiniz, amma alınmayıb?

– Olub, bəli. Mən sənədli filmlərdən deyə bilərəm ki, hələ də arzumdu. Düşünürəm ki, haçansa onları reallaşdıracam. Məni bu gün həqiqətən darıxdıran şey həqiqətən də sənədli filmlərdi. Düzdü 20-ə yaxın filmlərim oldu. Bilmirəm nə qədər keyfiyyətli idi, keyfiyyətsiz idi, o artıq məsələdir. Düşünürəm ki, 20 yox 10 film hazırlaya bilərdim, amma daha keyfiyyətli olardı. Yenə də çəkdiyim filmlərin arasında çox uğurlu filmlər var. Mənə verilən müddət ərzində mən o filmləri hazırlamışamsa, mən qoçaq adamam. Məsələn, “Sevgili Bayrağım” filmində mənim çox yaxşı araşdırmalarım olub. Əliağa Şıxlınski ilə bağlı filmdə, Tiflisdə gedib araşdırma eləmişəm. Bundan əlavə mən Peterburqa getdim, Ə.Şıxlınskinin müəllim olduğu Ali Artilleriya Akademiyasını çəkdim. Heç özü yazıq orda təhsil ala bilməmişdi.

Mən Çinə getdim. Port-Artur müharibəsinin getdiyi yerə. Rus-Yapon müharibəsinin getdiyi yerə. İndi ora Çinin Dalyan şəhəridir. Orada bizim generallarımızınm ayaq izləri var, o mənada getdim ora. Burdan heç kim getməmişdi. Hətta Şəmistan Nəzirli müəllim var, Allah ona ömür versin. Mənim filmlərimi gözəlləşdirən bəlkə də odur. O mənə deyirdi ki, “El qızı, sən getdin Çinə çıxdın, mən bu qədər kitablar yazdım amma gedib ora çıxa bilmədim” (gülür). Şəmistan müəllimin ən böyük arzusu idi ki, o da Port-Artura getsin.

Ceyhun Hacıbəyli ilə bağlı “Son beşik” filmimi Azərbaycanda çəkdim. Halbuki, o ömrünün 20 ilini burda yaşayıb. 60 illik ömrünün 40 ilini Fransada yaşayan bir adam haqqında mənim Azərbaycanda oturub film çəkməyim, gülüncdü. Amma yenə də mən onu hazırlamışam. Mənim ən böyük arzum idi ki, gedib orda onun yaşadığı evi çəkərdim. Baxmayaraq ki, burdan Fransaya getmək elə də ciddi vəsait tələb eləmirdi. Ən azı bir həftə ərzində çox da böyük olmayan büdcə ilə Port-Arturda gedib o işləri görə bilmişdimsə, təxminən bizə maksimum 5000 manatlıq büdcə lazım idi. Mən onu tapa bilmədim. Təsəvvür edin mən bundan ötürü neçə adama ağız açdım. Neçə deputata dedim, hansı ki, cümhuriyyət deyib yaxasını cıran deputatlar idi. Onlar bu maliyyəni daha rahat tapa bilərdilər. Mənə ayıb olar mən gedib kiməsə deyim ki, bu filmi çəkmək üçün bu qədər pul lazımdır. Amma ərkim çatan deputata deyə bilərəm ki, mən belə bir iş görmək istəyirəm. Buna nümunə kimi Mehmandarov haqqındakı filmim var. Mən burdan heç nə qazanc əldə eləmirəm. Hər şey başa-baş olacaqdı. Bu məbləğ bizim orada gedib qalmağa və yeməyimiz üçün idi. Mən Ceyhun Hacıbəyli ilə bağlı bu filmi reallaşdıra bilmədim. Bu mənim ürəyimdə qalıb. Yeniavaz.com