Lələtəpə əsgərlərindən ibrətamiz addım

0
276

Dövlətin dayağı, xalqın güvənc və qürur yeri olan, Lələtəpə “N” saylı hərbi hissəsinin igid əsgərləri Mingəçevirdəki Uşaq Nevroloji Sanatoriyasının balaca sakinlərini ziyarət ediblər. Əsgərlər özləri ilə gətirdikləri sovqatları təhvil verdikdən sonra balacalarla şən musiqi sədaları altında rəqslər edib, onların könlülərini şad ediblər. Bu gəlişdən sevinən uşaqlar saatlar ərzində unudulmaz təəssüratların ağuşunda bayram ediblər. Əsgərlər qayğıya ehtiyacı olan sanatoriyanın balaca sakinlərinə hər cür ərzaq, geyim, uşaq oyuncaqları gətiriblər. Özləri ilə gətirdikləri qoyunu da kəsərək uşaqlar üçün kabab bişiriblər və hər bir uşağı bu təamdan dadızdırıblar.

Uşaqların gözlərində bir sevinc qığılcımı görsənirdi. Deməli, bu balaca fidanlar hər bir gəlişdən sevinir, özlərini tək-tənha hiss etmirlər. N saylı hərbi hissənin komandiri bildirib ki, biz mütəmadi olaraq belə uşaqları ziyarət edirik: ”Bu gün biz bu xəstə uşaqların dərdinə şərik olmağa və onların dərdlərini bölüşməyə gəlmişik. Onların bugünkü sevinci bizim üçün də xoş anlar yaşatdı. İstərdik ki, onlar həmişə sevinsinlər,onların da bu sevinci yaşamağa haqqları var”.

Mingəçevir şəhər Xəstəxanasının Uşaq Nevroloji Sanatoriya şöbəsinin  baş həkimi Sevinc xanım Abbasova bildirdi ki, bu gəliş bizim üçün də xoş  oldu, dəfələrlə əsgərlər gəlirlər, amma Lələtəpə əsgərləri ilk dəfə idi ki, bizim sanatoriyaya baş çəkirlər. Biz də xəstəxanamız adından əsgərlərimizə dərin təşəkkürümüzü bildiririk”.

Esmira Hidayətova, Mingəçevir