“Kütlə psixologiyası işə düşəndə kamera da yaddan çıxır”

491

Bakıda elə yolayrıcılar var ki, oradan yol-hərəkəti qaydalarını pozmadan və ya digər avtomobillərin səs siqnallarına “qonaq” olmadan keçmək mümkünsüz görünür. “Digesta” hüquq mərkəzinin rəhbəri, yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynov mətbuata açıqlamasında deyib ki, Bakıda elə yol ayırıcılar var ki, orada qaydaları pozmasan, 3-4 saat yolda qalarsan. Sürücülər hər gün olmasa da, tez-tez belə yolayrıcılardan keçməyə məcburdular. Bəs Bakıda belə yolayrıcıları çoxdurmu? Sürücüləri bu problemin cəngindən necə xilas etmək olar?
“Digesta” hüquq mərkəzinin rəhbəri, yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynov “Yeni Avaz” qəzetinə açıqlamasında Bakıda belə yerlərin çox olduğunu söylədi: “Bu dəqiqə dünyada əsas problemi yaradan yol kəsişmələrdir – istər şəhərdə, istər şəhərdən kənarda – həm təhlükəsizlik baxımından, həm də sıxlıq baxımından. Bakıda belə yerlər kifayət qədər çoxdur”.
Ekspertin sözlərinə görə, yolayrıcıların planlaşdırılmasının bir neçə variantı var: “Ən yaxşı variantı fərqli səviyyəli qovşaqlardır, yəni biri yerin altından gedir, biri üstündən. Bu isə belə deyək, dəm-dəsgahdır. Bunu hər yerdə eləmək olmur. Ona görə də eynisəviyyəli yolayrıcılarına ehtiyac yaranır. Eynisəviyyəli yolayrıcıları əgər yaşayış məntəqəsindən kənardırsa, şəhər doğrudan da şəhərsalma normaları ilə tikilibsə, yəni görməmişlik, özbaşınalıq, acgözlük edilib hər kvadratkilometr satılmayıbsa, bu işləri görmək olar”.
18 mərtəbəli binanı inşa edərkən səkiyə dirəyiblərsə…
Ə. Hüseynov dedi ki, dünyanın inkişaf etmiş bir çox şəhərlərində küçələrin kənarında rahat yerlər var: “Orada belə bir anlayış var – maksimum səviyyədə çalışırlar ki, yollarda münaqişəsiz kəsişmələr, münaqişəsiz şaxələnmə, münaqişəsiz birləşmə olsun. Tutaq ki, kimsə avtomobili ilə gedir, sağa dönür və döndüyü yerdə heç kəsə mane olmur. Mən dediklərimi məhz belə ideal yerlərdə çox asanlıqla həyata keçirmək olur. Yol kənarından binalara qədər məsafə 20 metrdirsə, 18 mərtəbəli binanı inşa edərkən səkiyə dirəməyiblərsə və s. bu işi görmək olar. Bakıda küçələrinin çoxu isə dediyim kimidir – çox təəssüf. Belə olan halda yeganə variant işıqfordur. Dünyanın hər yerində yol hərəkətini işıqforla tənzimləyirlər. İşıqforun unikallığı ondan ibarətdir ki, növbəlilik müəyyən edir. Bir var hansısa sürücü yol ayrıcında 10 saniyə dözə bilmir, bir də var işıqfor olur və sürücü 40 saniyə istər-istəməz orada durur. Ona görə də belə yerlərdə işıqforların quraşdırılmasına ehtiyac var”.
“Yaşıl işıq yanan kimi arxadakı 5-ci maşın siqnal verir”
“Çox təəssüf ki, pik saatlarda Bakı şəhərinin işıqfor işləyən yolayrıcılarında da yol polisləri xidmət göstərirlər. Bu özü bizim cəmiyyət üçün böyük biabırçılıqdır. İnkişaf eləmiş ölkələrin heç birində siz belə bir şey görə bilməzsiniz – işıqfor da işləsin, polis də dayanıb xidmət eləsin. Bu bizim çox aşağı səviyyədə olan yol hərəkəti mədəniyyətimizdən xəbər verir”,-deyə qeyd edən həmsöhbətimiz digər problem kimi yolayrıcılarında bəzi sürücülərin tələsməsini vurğuladı: “Yolayrıcında bir az dayanan kimi bəzi sürücülər arxadan siqnal verirlər ki, tez ol, keç. Deməli, o adamın təfəkküründə qüsur var. Sizə başqa bir problem də deyim – tutaq ki, işıqforun qırmızı işığı yanır və biz dayanırıq. Bizdən arxada isə deyək ki, 5 avtomobil dayanıb. Yaşıl işıq yanan kimi arxadakı 5-ci maşın siqnal verir. Bu adamın yol hərəkətindən anlayışı yoxdur, bu adamın mədəniyyəti yoxdur, elementar insan mədəniyyəti yoxdur. Sürücülərin hamısında mədəniyyət olsaydı, biz görsəydik ki, doğrudan da hər şey əladır, onda birtərəfli ittiham irəli sürərdik”.
“Kütlə psixologiyası işə düşəndə kamera da yaddan çıxır”
Problemli yolayrıcılarına kameraların quraşdırılmasına gəlincə, Ərşad Hüseynov dedi ki, bu, profilaktiki rol oynayır: “Birdən qayda pozuntuları o qədər kütləvi olur ki, kamera çatdırıb nömrələri oxuya bilmir. Bizim insanlarımızın qəribə yanaşmaları var – kütlə psixologiyası işə düşəndə kamera da yaddan çıxır, polis də yaddan çıxır, işıqfor da yaddan çıxır”. Problemli yolayrıcılarına işıqforların quraşdırılması təklifinin necə qarşılanacağına gəlincə, müsahibimiz dedi ki, bunun üçün Amerika kəşf etməyə ehtiyac yoxdur: “İşıqforların quraşdırılmasının qanunvericilikdə meyarları var. Bu meyarlara əsasən, araşdırılma aparılsa və tədbir görülsə, problem əksər ərazilərdə həllini tapar”.
Baş Dövlət Yol Polisi İdarəsindən açıqlama
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) də mövqeyini öyrənmək qərarına gəldik. İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev “Yeni Avaz” qəzetinə açıqlamasında dedi ki, işıqforlar ekspertlərin təklifi ilə quraşdırılmır: “Bilirsiniz, işıqforlar ayrı-ayrı ekspertlərin rəy və təkliflərinə əsasən quraşdırılmır. İşıqforun quraşdırılması üçün əvvəla, əraziyə baxış keçirilməlidir, müvafiq xronometraj aparılmalıdır. Əgər ona ehtiyac varsa, işıqfor obyektinin quraşdırılmasına zərurət yaranırsa, o halda Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası qarşısında məsələ qaldırılır və təklif verilir. Komissiyanın qərarından sonra hansısa yolayrıcında işıqfor obyektinin quraşdırılması barədə qərar qəbul edilir və o qərar icra olunur”.
“Bəs belə yerlərin müəyyənləşdirilməsi necə aparılmalıdır?” sualımıza Kamran Əliyevin cavabı belə oldu: “Belə yerləri ərazi üzrə xidmət aparan əməkdaşlar müəyyənləşdirirlər. Hərəkətin Təşkili Şöbəsi var, oranın əməkdaşları da əraziyə baxış keçirir və müvafiq xronometraj aparılandan sonra təkliflər hazırlayırlar”.
Nicat İntiqam