“Kurs dəyişib, dövlətdən dəstək gözləyirik”

Mərkəzi Bankın fevralın 21-də manatın məzənnəsinin devalvasiyası ilə bağlı verdiyi qərardan sonra dollarla kredit götürən şəxslərin problem yaşayacaqları barədə fikirlər səsləndirilirdi. Artıq yüzlərlə insan kurs dəyişikliyi ilə əlaqədar borcunu ödəyə bilmir. Daha yüksək məbləğdə kredit götürənlərin vəziyyəti isə, ümumiyyətlə, ağırdır. Bu vəziyyətlə üzləşənlərdən biri də Kərim Novruzovdur. Kərim Novruzovun başına gələnləri öz dilindən nəql edək:

“2014-cü ilin oktyabr ayının 13-də Bakı şəhəri, Həsən bəy Zərdabi prospekti 3166 məhəllə ünvanında tikilən 16 mərtəbəli A yaşayış binasının 1-ci blokunda 3-cü mərtəbədəki 2 saylı mənzilin dəyərinin 26,87 faizini ilkin olaraq ödəyərək, tikintini aparan “FEBA” firması ilə alğı-satqı müqaviləsi imzaladım. Firmadan mənə bildirdilər ki, biz Bank VTB (Azərbaycan) ilə işləyirik və sənədlərini təqdim edirsən, qalan pulu – 80 min 840 manatı həmin bank ödəyir. Razılaşdım və 1 ay sonra həmin bankdan (Bank VTB, Əcəmi filialı) məni çağırıb “İpoteka krediti müqaviləsi”nə imza atmağımı istədilər. Müqaviləyə imza atanda gördüm ki, kredit dollarla verilib – 105 min dollar”.

 “Vəziyyət çox ağırdır”

Kərim Novruzovun dediyinə görə, bundan sonra hər ay banka 1543 dollar, köhnə məzənnə ilə 1215 manat kredit ödəyirmiş: “Əslində mən şirkətdən evi manatla aldım – 1 kvadratını 1190 manata. Şərt belə idi ki, ilkin olaraq evin dəyərinin 25 faizini ödəyirsən, qalanını bankın verdiyi ipoteka krediti ilə – 10 illik (hər ili 12 faizdən olmaqla) bankdan götürürsən. Amma bank krediti dollarla verdi və mən iş-işdən keçdiyi üçün bir söz deyə bilmədim. Sözüm onda deyil, əslində manatın məzənnəsinin devalvasiyası ilə bağlı qərar verilənədək problem yox idi, 1543 dolları manatla ödəyirdim. Amma indi vəziyyət çox ağırdır”.

 “92,9 kvadratmetrlik ev üçqat baha başa gəlir”

Kərim Novruzov borcunu qaytarmaq üçün ümumilikdə 116 ay kredit ödəməlidir: “Dolların kursu dəyişəndən sonra əvvəl ödədiyim məbləğlə indiki məbləğ arasında 420 manat fərq var. 420 manatı bundan sonra ödəyəcəyim 112 aya vuranda 47 min manat əlavə məbləğ ortaya çıxır”.

Beləliklə, K. Novruzova “FEBA” firmasından almış olduğu 92,9 kvadratmetrlik ev üçqat baha başa gəlir: “Bankın mənə verdiyi 105 min dollar krediti 10 ilə ödəməliyəm. Faizi ilə birgə mən banka ümumilikdə 178 min dollar qaytarmalıyam. Dolların kursunun dəyişməsi nəticəsində əlavə yaranmış 47 min manat borcu da hesablayanda 92,9 kvadratmetrlik ev mənə 255 min manata başa gələcək. Yəni bu, misli görünməmiş bir şeydir, bunu ödəmək qeyri-mümkün görünür”.

Müsahibimiz dedi ki, yaşanan böhranla əlaqədar çalışdığı sahədə gəlirlər azalıb: “Qazanc azaldığı üçün mən dərd edirdim ki, 1215 manatı hər ay necə ödəyəcəyəm. Dolların kursu dəyişəndən sonra üstünə 420 manat da əlavə olundu. Lap tutaq ki, həmin məbləği tapıb ödədim, bəs məzənnə dəyişikliyindən əmələ gələn ziyan? Mənim kimi minlərlə insan var ki, çıxılmaz duruma düşüb”.

 “Dövlətimizdən xahiş edirik ki, dollarla kredit götürənlərə dəstək olsun”

Həmsöhbətimiz dedi ki, bu problemlə əlaqədar dəfələrlə kredit götürdüyü bankda olub: “Elə indi də bankdan gəlirəm. Bankdan bizə bildirirlər ki, bu məsələ dövlət səviyyəsində həll edilməlidir. Deyirlər ki, bizlik bir şey yoxdur. Bank rəsmiləri bildirirlər ki, bu məsələyə Mərkəzi Bank səviyyəsində müdaxilə edilməlidir. Yeri gəlmişkən, bir qədər əvvəl Türkiyədə də dollar bahalaşdı, amma orada əhalinin banklara olan borcunu dövlət əvvəlki məzənnə ilə hesabladı. Dövlətimizdən, rəhbər şəxslərdən xahiş edirik ki, bizdə də problem bu cür həll edilsin. Mənim ev aldığım binadan 186 nəfər ipoteka krediti ilə mənzil götürüb. Onların hər biri çıxılmaz duruma düşüb. Bankdan dedilər ki, bu söhbətdən sonra hələ bir adam da kreditini ödəməyib. Köhnə kursu ödəməyə imkan yoxdur, qaldı ki, yeni kursla ödəyəsən. Banka gedirsən dava-dalaşdır, özündən gedən qadınlar da var. Halı pisləşən qadınlardan biri dedi ki, ayda 750 dollar kredit ödəyirmiş. Məzənnə dəyişəndən sonra üstünə 200 manat da əlavə olunub. O deyirdi ki, buna imkanı çatmır. Mən gənc ailə başçısıyam, rəsmilərimiz həmişə deyirlər ki, gənclər ipoteka ilə ev alsınlar. Yaxşı, mən almışam, bu şərtlə evim mənə 3 qat baha başa gəlir. Bunun müflis olmamaqdan başqa bir ayrı variantı qalırmı? Belə ev mənim nəyimə lazımdır? Bu məbləğdə borcu kim ödəyə bilər? Onda belə çıxır ki, mənim ömrüm elə kredit ödəməklə keçməlidir?”

 “Həmin 30 min manatın aqibəti necə olacaq?”

Yazını çapa hazırladığımız gün K. Novruzovun banka növbəti ödəniş günü idi. Amma o hələ borcunu ödəməyib: “Banka gedib bildirdim ki, bu məzənnə ilə mənim kredit ödəmək imkanım yoxdur. Başqa bir variantım da yoxdur. Bankdan da deyirlər ki, ödəyə bilməyəcəksənsə, biz neyləyə bilərik. Bank deyir ki, ödəməyəcəksənsə, əlavə faizlər gələcək, iş məhkəməyə gedəcək, evin səndən alınacaq. Halbuki bu günə qədər mən 30 min manat pul ödəmişəm. Həmin 30 min manatın aqibəti necə olacaq? Mənim kimi minlərlə, 10 minlərlə insan var ki, banklarla bu problemi yaşayırlar. Banka dollarla kredit ödəyən nə qədər insan var? Onların aqibəti necə olacaq? Bu gün 10 minlərlə insan bu problemlə üz-üzədir, amma onlar bu məsələni dilə gətirməyə, ictimailəşdirməyə çəkinirlər. Mənim “Zaman-Azərbaycan”a gəlib, bu problemimi danışmağımda məqsədim, özüm də daxil, həmin insanların problemini ictimailəşdirməkdir. Qoy dövlətimiz görsün ki, həqiqətən, vəziyyətimiz acınacaqlıdır, bizə güzəşt edilsin. Xahiş edirik, əhalinin banklara dollarla olan borcunu dövlət əvvəlki məzənnə ilə hesablasın”.

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Qeyd edək ki, bu məsələ ilə əlaqədar suallarımıza cavab almaq məqsədi ilə Mərkəzi Banka sorğu ünvanlayacağıq. Bankdan rəsmi cavab gəldikdən sonra həmin cavabı da təqdim edəcəyik.

Bəli, minlərlə, 10 minlərlə Kərim Novruzov kimi insan gözlənilməz bir problemlə qarşılaşıb və onlar bu məsələdə dövlətdən güzəşt gözləyirlər.

Xatırladaq ki, vətəndaşların banklardan dollarla götürdükləri kreditin ödənilməsi ilə bağlı cəmiyyətdə fikir ayrılığı yaranıb. Bir müddət öncə Ali Məhkəmənin mülki işlər üzrə məhkəmə kollegiyasının hakimi Əsəd Mirzəliyev “Publika.az”a bildirmişdi ki, Mülki Məcəllənin 439.7-ci maddəsi bu problemi birbaşa həll edir: “Belə ki, həmin maddədə qeyd olunur ki, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, kredit müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclu ödənişi öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Öhdəliyin əmələ gəldiyi vaxt müqavilənin bağlandığı, kreditin götürüldüyü vaxt hesab olunur. Yəni tərəflər arasında bağlanan müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, aylıq kredit borcu dolların o zamankı məzənnəsi ilə ödənilməlidir. Bu, qanunda birbaşa göstərilir. Kredit borcunun hazırkı məzənnə ilə ödənilməsini tələb etmək qeyri-qanunidir. Fərz edək ki, dolların məzənnəsi aşağı düşüb. Bu zaman banklar kredit borcunu həmin məzənnə ilə qəbul edəcəkdimi?” Ali Məhkəmənin hakimi deyib ki, dollarla götürülən kreditlərin aylıq kredit borcu öhdəliyin əmələ gəldiyi vaxt olan məzənnə ilə ödənilməlidir. Onun sözlərinə görə, bu zaman bank tərəflə razılaşmazsa, məhkəməyə müraciət etməlidir.

Mərkəzi Bank isə həmin ərəfədə açıqlama vermişdi ki, bu məsələ ilə bağlı Mülki Məcəllədə boşluq var. Vətəndaşlar kredit borclarını dolların manata qarşı hazırkı məzənnəsinə görə qaytarmalıdırlar. Həmçinin Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin məlum maddəsi ilə bağlı şərh verməsinin vacibliyi də vurğulanmışdı.

Konstitusiya Məhkəməsindən isə jurnalistlərə bildirilib ki, bu məsələ ilə bağlı məhkəmələrdən müraciət daxil olmayıb: “Konstitusiya Məhkəməsinin bu məsələyə baxması üçün məhkəmələrdən müraciət olmalıdır. Konstitusiya Məhkəməsi bu məsələyə öz təşəbbüsü ilə baxa bilməz”.

Belə… “Ümid ən sonda ölür” deyirlər. Ümid edək ki, Mərkəzi Bank bu məsələ ilə bağlı vətəndaşları çıxılmaz durumdan çıxaracaq bir qərar verəcək.

Nicat İntiqam