Kürd yəhudilər, yoxsa yəhudiləşmiş kürdlər?

677
20-ci yüzillikdə dünyanın siyasi xəritəsində yeni dövlətlərin meydana çıxması və bu müstəvidə əsarət altında olan xalqların milli azadlıq mübarizələri ötən əsrdə tarixin ən önəmli hadisələrindən biri kimi yadda qaldı. Bu müstəvidə də  Suriya, İraq, İran və Türkiyə ərazilərində yaşayan kürdlərin yaşadıqları ölkələrdə milli muxtariyyət əldə etmək üçün apardıqları mübarizə beynəlxalq aləmin diqqətini cəlb etdi. Kürdlərin bununla bağlı İraqda ayağa qalxması və Səddam Hüseyn rejimini onlara bəzi güzəştlərə getməyə məcbur etməsi isə  onların öz dövlətlərini qurmaq istiqamətində atdıqları addımlardan biri hesab edilə bilər. Eyni zamanda Türkiyə ərazisində yaşayan kürdlərin Kürd Fəhlə Partiyası ( PKK) qurması və onun sonralar terrorçu təşkilata çevrilərək, bu yolla müstəqilliyə nail olmaq üçün terror aktlarına baş vurması Türkiyədə 40 min adamın həyatı hesabına başa gəldi.
 Günümüzdə İraqda baş verən hadisələrdən və İraqın ABŞ tərəfindən işğalından sonra bu ölkədə yaşayan kürdlər de fakto müstəqilliklərini əldə ediblər. Bu baxımdan kürdlərin sayları da maraq doğurur.  Qeyd edək ki, kürdlərin sayına dair müxtəlif təxminlər mövcuddur . Ancaq təxmini də olsa bu haqda rəqəmlər irəli sürmək olduqça çətindir, belə ki, XXI əsrin əvvəlində kürdlər dünyaya səpələnmiş şəkildə bir çox ölkələrdə yaşasalar da, onların əksəriyyəti bu ölkələrdə yeni yaranmış diasporlara sahibdirlər və əksərən yaşadıqları ölkələrin vətəndaşları deyillər .

Əminliklə söyləmək mümkündür ki, kürd etnosuna mənsub fərdlərin təxminən 90-95%-ə qədəri Türkiyə, İraq, Suriya və İran dövlətlərinin vətəndaşlarıdır. Xeyli ölçüdə İraq, İran və Suriya vətəndaşı olan kürd əsilli əhali müharibə və digər humanitar fəlakətlərin təsirindən yayınmaq, daha yaxşı həyat şəraiti axtarışı və sairə amillərin təsiri ilə qeyr-qanuni şəkildə Türkiyəyə köçmüş və hazırda vətəndaşlıqları olmadan daimi olaraq bu ölkədə yaşamaqdadırlar. Avropada məskunlaşmış kürd diasporlarına aid olan insanların təxminən 75-80%-isə məskunlaşdıqları ölkələrin vətəndaşları deyil, böyük ölçüdə Türkiyə vətəndaşlarıdır . Yenə də təxmini hesablamalara görə, kürdlərin saylarının Türkiyədə 6,471 milyon, İranda 4,9 milyon, İraqda 6,4 milyon, Suriyada 0,6-3 milyon nəfər olduaları ehtimal edilir. Bu rəqəmin az və ya çox ola bilməsi də istisna edilmir. Bundan əlavə kürdlər Naxçıvan MR-in Sədərək rayonunda rayon mərkəzində (Heydərabad qəsəbəsi), Culfa rayonunun Teyvaz kəndində və Şərur rayonunun Dərəkənd kəndində yaşayırlar. Həmçinin erməni işğalına qədər Laçın (Qarakeçdi, Çıraqlı və Minkənd kəndləri), Kəlbəcər (Soyuqbulaq, Yuxarı Şurtan, Orta Şurtan, Aşağı Şurtan, Zəylik, Xallanlı, Ağcakənd və Oruclu kəndlərində elliklə), Qubadlı (Zilanlı kəndi) rayonlarında da kürdlər yaşayırdılar. İşğaldan sonra bu rayonların əhalisi Azərbaycanın digər şəhər və rayonlarına məcburi köçkün düşmüşlər (Mənbəhttp://az.wikipedia.org/wiki/Kürdlər).

Maraq doğuran bir məsələ də kürdlərin dil baxımdan iki əsas – ana etnoqrafik qrupa  Soran və Kurmanc dillərində danışanlara ayrılmalarıdır. Buna paralel olaraq, kürdlük anlayışının milliyyət anlamında kimlərə məxsus olduğu elmi mühitdə günümüzdə mübahisəli mövzular sırasında dayanmaqdadır. Belə ki kürd hesab edilən xalqlar elmi araşdırmalara əsaslanan dilçilər və əksər etnoqraflar tərəfindən ayrı, fərqli xalq olaraq qəbul edilirlər . Əsas mübahisəyə səbəb olan lək, kəlhur, feyli, mamasani, bəxtiyari, lur, goran və zaza dilində danışan xalqların kürdlərin tərkibinə daxil edilməsidir . Kürdlər özlərini “körd”, dillərini “kurmanci” adlandırırlar (Mənbəhttp://az.wikipedia.org/wiki/Kürdlər).

 

İudaizmi qəbul edən ilk kürd əyanlar

Kürdlərin etnik tərkibindən danışarkən onların arasında olan yəhudi kürdlər və ya yəhudiləşmiş kürdlər barədə danışmamaq mümkün deyil. Tarixi mənbələrdə kürd yəhudilər İslamı qəbul etdikdən sonra kürd dilini öyrənərək kürd mədəniyyətinə, belə demək mümkünsə, sahib çıxan və onlara qaynayıb-qarışan, İsrail dövləti qurulduqdan sonra bir hissəsi İraqın şimalından İsrailə köç edən yəhudilər nəzərdə tutulur. Yeri gəlmişkən, qeyd edək ki, yəhudilər İraqın şimalına eramızdan əvvəl 720-ci ildə köç ediblər. Həmin dövrdə İraqın şimalı kürd əsilli Medlərin hakimiyyəti altında idi.

Onu da deyək ki, Med kralı yəhudilərin İraqın şimalında yerləşdirilməsinə etiraz etməmişdi. Yəhudilərin İraqın şimalında yerləşdirilməsi isə, öz növbəsində, onların yerli əhali ilə qaynayıb-qarışmasına, onların mədəniyyətini, dillini mənimsəməsinə gətirib çıxardı. Buna paralel olaraq, kürd əyanların bir hissəsi yəhudilərin təsiri altına düşərək iuadizmi qəbul etdilər. Nəticədə eramızdan əvvəl, birinci yüzillikdə Mesopatamiyada yəhudiliyi qəbul edən kürd krallar tərəfindən mərkəzi Ərbil şəhəri olan dövlət quruldu. Bu dövlətin vətəndaşlarının böyük əksəriyyətini kürdlər təşkil edirdi.  Ölkəni idarə edən kürd əsilli kral Monobazes, həyat yoldaşı kraliça Helena və oğlu I.İzates ilə birlikdə yəhudiliyi -iuadizmi qəbul etmişdi (Encyclopaedia Judaica, entries on Kurds and Irbil/Arbil; Jerusalem-1972 . Bib.Louis Ginzberg, The Legends of the Jews, 5th cd. (Philadelphia: The Jewish Publication Society of America, 1968, VI. p. 412. ).

Bununla bağlı tarixçilər arasında əks-fikirlər də mövcuddur. Belə ki, tarixçi  professor Jacob Neusner, Kral Monobazesin yəhudi əsilli on iki qəbiləsindən olduğunu, onların bir müddət siyasi səbəblər üzündən milli kimliklərini gizlətdiklərini və imkan düşən kimi yenidən öz dinlərinə qayıtdıqlarını yazıb ( Jacob Neusner, The Conversion of Adiabene to Judaism’, JBL 83 (1964), p. 60-66.).

İraqın şimalında yaşayan kürd yəhudilər barədə digər bir rəsmi məlumat isə 1160-1173-cü illərdə bölgəyə səfərə çıxan səyyah Haham Benjamin Tudela tərəfindən verilib. Tudela Ərbil, Mosul, Zaqrosda yaşayan kürd yəhudilərin kürdcə, həmçinin arami və ıbrani dillərində danışdıqlarını yazıb. Onun yazdığına görə,  Şimali İraqın Zaqros bölgəsində 50 min kürd yəhudi yaşayır və onların burada 100 sinaqoqu var. Tudela Kürdüstanda anadan olan kürd yəhudisi David Alroyun Səlcuqlu sultanına qarşı üsyan qaldıraraq bütün yəhudiləri yenidən Qüdsə yığmaq  və orada İsrail dövləti qurmaq niyyətində olduğunu da qeyd edib.

 

İslamı qəbul edən

yəhudilər kürd oldularmı?

Səlcuqlu sultanı yəhudilərin üsyana hazırlaşmasından xəbər tutduğuna görə, yəhudilərin hamısı qorxudan islamı qəbul etdi və özlərini kürdlər kimi qələmə verdilər. Amma onlar üzdə özlərini müsəlman kimi aparsalar da, daxildə inanclarını qoruyub saxlamaqda idilər. Bununla bağlı tarixçi alim Erik Brauer yazır ki, qədimlərdən Mesopatamiyada islamı qəbul edən  yəhudilərin olduqları məlumdur ((Erich Brauer, Editor; Raphael Patai, The Jews of Kurdistan, Wayne State University Press, 1993, p. 45).

Bu gün İraqın şimalını idarə edən Bərzanilərin də yəhudi əsilli olduğu iddia edilməkdədir.

Bərzanilər ailəsinin yəhudi əsilli olması ilə bağlı Şimali İraqdan olan kürd yəhudisi, ABŞ-da yaşayan tanınmış professor Yona Sabar araşdırmalar nəticəsində Bərzanilər ailəsinin köklərinin XVI əsrdə yaşayan Haham Samuel Barzaniyə gedib çıxdığını müəyyən edib. O, Bərzanilər ailəsinə məxsus insanların Mosul, Kərkük və Ərbil ətrafında kürdlər arasında böyük təsirə malik olduğunu yazıb. Bununla bağlı

tarixçi alim Erich Brauer yazır: “İslamı qəbul edən yəhudilərdən Mosul bölgəsində yaşayan aşirət rəisi

Şeyx Əhməd Bərzani, haham Natanel Bərzanidən və onun oğlundan islamı qəbul etməsini istədi. Amma Haham Natanel Əhməd Bərzaninin təklifini qəbul etmədi və bundansa ölümü üstün tutduğunu söylədi. Haham Natanel Halevi Bərzaninin qəbri Şimali İraqdakı Bərzan şəhərindədir. Onun qəbri kürd yəhudilər üçün müqəddəs hesab edilir” (Erich Brauer, Editor; Raphael Patai, The Jews of Kurdistan, Wayne State University Press, 1993, p. 296).

Əziz Mustafa