Kürd yəhudilər, yoxsa yəhudiləşmiş kürdlər? (2)

600
O dövrdə Bərzani aşirətinin haham Bərzani ilə bir qan qohumluğu var idimi? Bununla bağlı onu demək olar ki, həmin vaxt Osmanlı arxivlərində İraqın şimalında yalnız bir Bərzani aşirətinin adı çəkilir. Bu isə Bərzanilərin yəhudi olması ehtimalının daha da güclənməsinə gətirib çıxarıb. Adətən yəhudilər yaşadıqları yerlərdə o yerə uyğun ad və soyad götürüblər.
 Amma burada daha çox diqqəti cəlb edən Haham Bərzaninin də kürd adı altında gizlənən yəhudi ola bilməsi ehtimalıdır. Kürd və arami dillərində danışan  Bərzanilər aşirətinin bugünkü Bərzani aşirətindən olduğunu əslən kürd yəhudisi olan və hazırda ABŞ-da yaşayan tarixçi alim, professor Yona Sabar da xüsusi qeyd edir.  Yona Sabar yazır: “ Yəhudi Bərzani ailəsinin qurucusu XVI əsrdə yaşayan Haham Samuel Bərzanidir və onlar sonrakı yüzilliklərdə Mosul, Kərkük və Ərbil ətrafı kürd aşirətləri arasında böyük təsirə malik olmuşlar”.

Amma onun bu açıqlaması ABŞ-dakı bir çox siyasi dairələrə, o cümlədən yəhudi lobbisinin xoşuna gəlmədi. Çünki Bərzanilərin soykökünün üzə çıxarılması bölgədə kürd dövləti qurmaq istəyən və ona rəhbərliyi isə Bərzaninin etməsini arzulayan ABŞ-ın əksər rəsmi dairələrini və yəhudi lobbisini qane etmirdi. Belə bir vəziyyətdə isə hər tərəfdən Yona Sabarın üzərinə hücumlar başladı və o, əsl tarixi saxtalaşdırmaqda günahlandırıldı. Təzyiqlərə və şantajlara davam gətirməyən Yona Sabar dedikllərini təkzib etməyə və Bərzanilərin soykökü haqqında “səhv”, “yanlış” nəticə çıxardığını etiraf etməyə məcbur oldu. Amma artıq iş-işdən keçmişdi və Bərzanilərin yəhudi və ya yəhudiləşmiş kürd olduğu barədə digər iddialar da ortaya atıldı. Yeri gəlmişkən onu da deyək ki, yeni qurulacaq Kürdüstan dövlətini idarə edəcək Bərzanilər aşirəti ilə müqayisədə  digər yəhudiləşmiş kürdlər olduğu ehtimal edilən Bədirxanilərin soykökü barədə hər hansı bir müzakirə getmir. Çünki bu aşirət hakimiyyətə iddialı deyil.

Vaxtı ilə Bərdirxanilər aşirəti Salonikdən olan yəhudilərlə qohum oldular və bu izdivacdan dünyaya gələnlər artıq yəhudi hesab edilirdilər və onlar dədə-babalarının kürd olmasının fərqində belə deyildilər.

Məsələ ilə bağlı bir maraqlı faktı da qeyd etmək yerinə düşər. Belə ki, yəhudilərin müqəddəs dini kitabı olan Tövrata görə, soykökü anadan başlayır və ana yəhudi qadın isə ondan olan övlad da atanın hansı millətdən olmasından asılı olmayaraq yəhudi hesab edilir. Buna paralel olaraq Tövratda yəhudi kişinin yəhudi olmayan qadına evlənməsi də qadağan  edilib. Bu baxımdan yəhudi dinini qəbul edərək yəhudi qadınlarla evlənən kürdlər və aşirət başçıları bununla da özlərindən sonra gələn nəslin yəhudiləşməsinə şərait yaratmış oldular.

 

Mübahisələr və həqiqətlər

Bərzanilərin yəhudiliyi qəbul edərək yəhudiləşən kürdlər, yoxsa müsəlmanlığı qəbul edərək kürd adı altında gizlənən yəhudilər olduqları barədə müxtəlif ehtimallar və mübahislər davam etməkdədir. Yenə də Bərzanilər aşirətindən söz açan və 1452-1520-ci illərdə yaşayan İdris Bitlisi bölgə ilə bağlı “Səlim şahnaməsi” adlı araşdırma yazıb. Bu araşdırmanı ingilis dilinə çevirən Mehrdad  R. İzaday əsərlə tanış olduqdan sonra Bərzanilər aşirətinin hələ XIV əsrdə İraqın şimalında yaşadığını yazıb(Mehrdad R. Izady, Sharaf Khan Bidlisi, The Sharafnama, The history of the Kurdish nation 1597, Mazda Publishers, 2005).

Bərzanilər aşirətinin yəhudi əsilli və ya yəhudiləşmiş kürd olması barədə məsələni araşdıran Türkiyənin tanınmış tarixçi alimi Əhməd Uçar Osmanlı arxivlərində Sallum Bərzani adlı bir yəhudinin Mosuldan Salonikə köç etdiyini və oradan da Qüdsə sürgün edildiyini yazıb. (Tarih ve Düşünce Dergisi, “Hahamların Torunları Barzaniler” Aralık 2002, s. 16-24)

“Hürriyet” qəzeti də Osmanlı arxivlərində olan  sənədlərə əsasən İraqın şimalında yalnız Bərzanilərin  yaşadığını və hazırda kürdləri idarə edənlərin yəhudi əsilli olduğunu yazıb. (18 Şubat 2003,  Hürriyet: Barzani Ailesinin Yahudi olduğu ortaya çıktı.)

Öz növbəsində yəhudi tarixçi Mordexay Zaken ( “Mordechai Zaken) “Jewish Subjects and their tribal Chieftains in Kurdistan” kitabında kürd yəhudilərlə Molla Mustafa Bərzani arasında özəl bir yaxınlıq olduğunu yazıb. Mordexay Zaken yazır: “ XX əsrdə Bərzani aşirəti və Nəqşbəndi şeyxləri ilə kürd yəhudilər arasında çox yaxın əlaqələr vardı.  Bərzanilər kürd yəhudilərini öz himayələri altına almışdılar və onlarla Akradakı kürd yəhudilər arasında sıx ticari əlaqələr vardı (Mordechai Zaken, Jewish Subjects and their tribal Chieftains in Kurdistan, Netherland-Brill, 2007, p. 73, 369) .

Bərzanilərlə bağlı məsələnin əslində son illərdə  əsas müzakirə hədəflərindən biri olması təsadüfi deyil. Belə ki, qeyd etdiyimiz kimi İsrail Bərzanilərin rəhbəri olduğu Kürdüstan dövləti qurmaq niyyətindədir və bu planlarını addım-addım həyata keçirməkdədir. Bu gün İsrailin Şimali İraqda olan kürd idarəedənlərlə əlaqələri də kürd yəhudilər vasitəsi ilə qurulub. Bərzanilərin İsrail xüsusi xidmət orqanları ilə sıx əlaqədə olduğu da faktlarla  sübuta yetirilməkdədir. Belə ki, Molla Mustafa Bərzani 1960-70-ci illərdə MOSSAD-ın rəhbərlərindən biri olan David Khajava Khinno və Haim Levakov ilə tez -tez görüşürdü (Salom Nakdimon, İsraeli-Kurdish Connetion 1963-1975, Telaviv-1996, p. 23).

 

Bərzanilər və MOSSAD

İraqın şimalındakı kürdlər MOSSAD-dan ilk yardımı israilli hərbi mütəxəssislər kürd partizanlara və ya daha dəqiq desək kürd terrorçularına təlim keçərkən aldı. İsrailin Baş naziri Levi Eshkol Bərzani tərəfdarları üçün xüsusi bir xəstəxana inşa etdirmişdi. 1966-cı ilə kimi isə Molla Mustafa Bərzani İsrail xarici işlər naziri Abba Ebanın Levi Eshkolun adından göndərdiyi diplomatlarla görüşürdü.(Ian Black & Benny Morris, İsrael’s Secret Wars: A History of Israel’s Intelligence Services (İsrailin Gizli Savaşları : İsrail Gizli Servisinin Tarihi), Grove Press, Newyork-1992, p. 184-85).

MOSSAD-ın Bərzanilərlə sıx əlaqədə olduğu Londonda  və Sidneydə yayınlanan “Israel’s Secret Wars – A History of Israel’s Intelligence Services” (İsrailin Gizli Savaşları-İsrail Kəşfiyyat Servislərinin Tarixi) adlı kitabda da qeyd edilib. Bu kitabın müəllifləri isə  1984-cü ildən İngiltərənin “Qardian” (”The Guardian”) qəzetinin Təl-Əvivdəki müxbiri vəzifəsində çalışan  İan Black və  Vaşinqtondakı Bruklin İnsititutunda işləyən Benni Morrisdir. Kitabda MOSSAD-la Bərzani arasında sıx əlaqələrin olması, İsrail xarici işlər naziri ilə MOSSAD arasındakı yazışmalar əsasında sübut edilib.

Kitabda faktlara əsasən qeyd edilib ki, Molla Mustafa Bərzani ilk dəfə  İsrailə 1966-cı ildə gedib. Onu İsraildə müdafiə naziri Moşe Dayan qəbul edib. Görüşdə Molla Mustafa Bərzani Dayana kürd xəncəri və Kərkük neftayırma zavodlarının çertyojunu təqdim etmişdi. Nəticədə Bərzaninin təhriki ilə İsrail 1969-cu ildə Kərkük neftayırma zavodlarına bomba zərbələri endirərək onun altını üstünə çevirdi. Yenə də burada məsələ ilə bağlı digər bir maraqlı məqama diqqəti cəlb etmək istəyirik. Bu da Bərzani ilə MOSSAD arasında sıx əlaqələr qurulmasında vasitəçi rolunu o vaxt İsrailin Tehrandakı səfirliyində hərbi attaşe vəzifəsini həyata keçirən Yaakov Nimrodinin olmasıdır. Kürd yəhudisi olan Nimrodi həm də SSRİ silahları ilə Bərzani güclərinin silahlandırılmasında önəmli rol oynayıb(Ian Black & Benny Morris, İsrael’s Secret Wars: A History of Israel’s Intelligence Services Grove Press, Newyork-1992, p. 327-29).

Ümumiyyətlə, MOSSAD-ın  İraqın şimalındakı kürdlərə ilk dəstəyi 1958-ci ildə baş verdi. O vaxt MOSSAD İraqın şimalındakı kürdlərlə sıx əlaqə quraraq onlara hərtərəfli yardımlar etməyi vəd etdi. 1963-cü ildə isə  İsrail kürdlərə silahla yardım etməyə başladı. 1965-ci ilin avqust ayında isə İsraildə kürdər üçün hərbi təlim düşərgələri quruldu. Burada sonralar PKK terror təşkilatının əsasını təşkil edəcək onlarla kürd hərbi təlim almağa başladı. 1966-cı ildə qeyd etdiyimiz kimi, Molla Mustafa Bərzani İsrail Baş Naziri Levi Eshkol ilə görüşdü. 1967-ci ildə isə İsrail tərəfindən kürdlərə böyük həcmdə silah yardımı  edildi. Buna paralel olaraq ,İraqın şimalındakı kürd aşirətlərini əldə saxlamaq və İsrail tərəfdarı olan qüvvələrə yardım üçün hər ay İsrail onlara 500 min dollar ( indiki pulla 30-40 milyon dollar) yardım etməyə başladı. Bərzani 1967-ci  və 1973-cü illərdə bir daha İsraili ziyarət etdi. Bu səfərlər zamanı o, müdafiə naziri Moşe Dayan və digər yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşdü (Benjamin Beit-Hallahmi, The Israeli Connection, I.B.Tauris. Co Ltd., London 1988, p. 19).