Kumandin türkləri

0
527

Rusiyanın ucqarlarında bir vaxtlar türk dünyasının beşiyi olan və dünyaya onu idarə edən onlarla sərkərdə, imperatorlar bəxş edən Altaylarda yaşayan və assimilyasiya nəticəsində məhv olub getməyə məhkum olan türk xalqlarından biri də Kumandin türkləridir.

Tarixçilər tərəfindən daha çox qıpçakların əcdadları kimi tanınan və sarışınsaçlı, mavigözlü olmaları ilə diqqəti cəlb edən Kumandin türklərinin arasından bir vaxtlar Avropaya hökm edən cəsur döyüşçülər çıxıb və onların qəhrəmanlıqları günümüzün özündə belə bu xalqın indiki övladlarının qəlbində, nəğmələrində, folklorunda, ruhunda yaşamaqda davam edir.

Kumandin türklərinin qısa tarixi

Kumandin türklərinin tarixi olduqca qədimdir və onların qədim dövrlərdə məşhur türk sərkərdəsi və imperatoru Mete tərəfindən qurulan Hun imperiyasının siyasi və hərbi həyatında fəal iştirak etdikləri ehtimal edilir. Belə ki, həmin dövrdə sarışınsaçlı və mavigözlü əsgərlərin döyüşlərin önündə getdikləri və düşməni cəsarətləri, döyüşkənlikləri ilə lərzəyə saldıqları barədə hələ o dövrdə xalq arasında çoxsaylı əfsanələr dolaşırdı. Altaylarda yaşayan türk etnosları arasında isə sarışınsaçlı və mavigözlü insanlar ən çox ( demək olar, bütün əhalinin 90-95 faizi) isə kumandinlilər arasındadır.

Kumandinlilər barədə ilk yazılı məlumata 17-ci əsrə aid olan rus tarixi mənbələrində rast gəlinir. Bu məlumatlardan birində deyilir ki, 1628-ci il, fevral ayının 28-də kumandinlilər öz nümayəndələrini Çeban nahiyəsinə göndərərək, dövlət xidmətinə qəbul edilmələrini xahiş ediblər. Amma geri dönəndə onlardan 4-ü Teleut knyazı Abaka tərəfindən öldürülür. Buna səbəb Teleut knyazının kumandinliləri özünün vassalı, vergi verənləri hesab etməsi və onların rusların təbəəliyini qəbul etməsinə qisas almaqla cavab verməsi olub.

Ona görə də kumandinlilər Teleut knyazlarına vergi verir və onlarla birgə hərbi ekspedisiyalarda iştirak edirdilər. Ümumiyyətlə, götürdükdə isə Teleut knyazları kumandinliləri özlərinin vassalları (kıştım) adlandırırdılar. Çox ehtimal ki, kumandinlilər daha əvvəllər monqol tatarlarla birgə hərbi əməliyyatlarda iştirak ediblər. Burada bir məqamı da qeyd etmək yerinə düşər.

Belə ki, “Kumandi” adı inqilaba qədər onlara qonşu xalqlar, tubalar,şorlar, telengitlər və çelkanlılar tərəfindən verilib. Kumandinlilər isə özlərini qədimlərdən tatar kiji ( tatar kişi) adlandırırdılar. Bəzi tədqiqatçıların fikrincə, Kumandin sözü tərcümədə “Qu man” (qu mən), “Qu quşu adamı” (su sonası) mənasını verir. Ola bilsin ki, kumandinlilərin totemləri Qu quşu olub.

Bəzi tədqiqatçılar, o cümlədən L. P. Potapov, O. Pritsaka isə kumandinliləri qıpçakların və poloveslərin-peçeneqlərin, kəncərlilərin əcdadları hesab edirlər ( Satlayev F.: “Kumandintsı” istoriko-etnoqrafiçeskıe oçerki).

Kumandin türklərinin Atilla ilə birlikdə Avropaya yürüşlərdə iştirak etdiyi, ilk türk xaqanatlıqlarının tərkibində olduqları, Çingiz xanın ordusu ilə döyüşlərdə qəhrəmanlıqlar göstərdikləri, sonralar isə Qızıl Orda və digər xanlıqların tabeçiliyində yaşadıqları barədə tarixi mənbələrdə məlumatlar var.

19-cu əsrdə Sibirdə yaşayan türk xalqlarının tarixini tədqiq edən tanınmış tədqiqatçı V.V. Radlova görə, Kumandin türkləri Şimali Altayda yaşayan müstəqil xalqlardandır. V. Verbitski isə Kumandin türklərini Biysk dairəsində yaşayan qara tatarların tərkibində göstərib.

Antropoloji cəhətdən kumandinlilərdə qıpçaklar kimi Avropoiddirlər. Kumandinlilərlə ilk təmasda olan ruslar onlardan sarısaçlı və mavigözlü xalq kimi bəhs edirlər. Qeyd edilir ki, kumandinlilərin ailələrində sarısaçlı və mavigözlü uşaqlar daha çox üstünlük təşkil edir. Ola bilsin ki, onların əcdadlarının kökləri bürünc dövrünün Afanayev və Andronov mədəniyyətlərinə gedib çıxır. Coğrafiyaşünaslardan A. M. Maloletko və diyarşünas alim B. X. Kadikov kumandinlilərin Sibirin ən qədim xalqlarından olan Ketlərdən törədiyini iddia edirlər.V. İ. Verbitski isə (1893) yazır: “Şimal və cənub altaylılarının dilində ördək sözü urtek və su quşu adlanır. Ket sözü olan ur şimal altaylılarının dilində su mənasını verir”.

Kumandinlilərin Sibirin qədim xalqlarından olan avropoid irqə mənsub olan xalqlar, o cümlədən dinlinlərlə genetik əlaqələri ola bilməsini 20-ci əsrin tanınmış tədqiqatçısı Qrum-Qrjimaylo da isitsna etmir. O yazır: “Cənubi Altayda hökmranlıq edən tatar-monqol tipi Altayın şimalında Biysk meşələrində, Kuznetsk ətrafı ərazilərdə yaşayan əhalinin avropoid irqə çevrilməsi ilə müşahidə olunur.”

Kumandin türklərinin digər xalqlarla qaynayıb-qarılması nəticəsində özlərinin ilkin köklərini və onların əlamətlərini tədricən itirməsi əsrlər boyu davam edib. Qeyd etdiyimiz kimi, kumandinlilər Birinci və İkinci Türk Xaqanatlıqlarının tərkibinə daxil olmuş, qırğızların və uyğurların hakimiyyəti altında yaşamışlar. Sonra onlar monqol əsarəti altına düşmüşlər. Sonrakı dövrlərdə kumandinlilər Ağ Orda və Sibir xanlığının tərkibinə daxil olublar. Rusiyanın Yermakın rəhbərliyi altında Sibiri işğal etməsindnə sonra belə, kumandinlilər yalnız teleutlara vergi vermişlər. Yalnız 1756-cı ildə kumandinlilər işğala nəticəsində Rusiya imperiyasının əsarəti altına düşmüşlər.

Kumandin türklərinin dili

Kumandin dili Altay türk dilləri qrupunun Şimali Altay qrupuna aiddir və onlar kumandin-çelkan dialektində danışırlar.

Yeri gəlmişkən, qeyd edək ki, Altayda yaşayan aborigen xalqları, adətən, iki qrupa (şimal və cənub) ayrılırlar. Şimal altaylarına Tubalar (Tuba kiji), Çelkanlar, Kumandinlər aid edilirlər. Kumandin türkləri əsasən Altay ölkəsindəki Biya çayı ətrafında, Biysk şəhərində, Krasnoqorsk və Solton rayonlarında, Altay Respublikasının Turoçak rayonunda və Kemerovo vilayətində kompakt halda yaşayırlar.

Kumandin türklərinin dili fonetik baxımdan bəzi xüsusiyyətlərinə görə, Şor və Hakas türklərinin dillərinə daha çox yaxındır. Bu dil özünəməxsus olan spesifik əlamətlərini günümüzə qədər qoruyub saxlaya bilib. Kumandin türkləri arasında orta və yaşlı əhali ana dillərində danışırlar, lakin ruslaşdırma və assimilyasiya siyasəti nəticəsində gənclər arasında rus dili daha geniş yayılıb. Altay dili əsasında əlifba hələ 19-cu əsrdə buraya yerli əhalini xristianlaşdırmaq məqsədi ilə gələn pravoslav kilsəsi missionerləri (teleut dialekti əsasında) tərəfindən yaradılıb. 20-ci əsrin 30-cu illərinin əvvəllərində Kumandin türklərinin ana dillərində təhsil alması

üçün cəhdlərə baş vuruldu. Bu məqsədlə 1933-cü ildə “Kumandı-bukvar” (Kumandı əlifbası) çap edildi. Amma iş bununla bitmiş hesab edildi. Ötən əsrin 30-cu illərinin ortalarından başlayaraq, Kumandin türkləri rus dilində təhsil aldılar. Kumandin dili isə arxa plana atıldı, bundan məqsəd isə yerli əhalini qısa müddətdə ruslaşdırmaq və assimilyasiya etmək idi.

Məişətləri və yaşayışları

Kumandin türkləri 20-ci əsrin birinci yarısına kimi qışda yeraltı qazmalarda, yayda isə ağac qabıqları ilə örtülən 4 və ya altıgünclü aullarda yaşayıblar.

Rusiyanın işğalına kimi şamanizmə inanıblar. Su ruhu (suq-ezı, ), od (ene) mistik inanclarında önəmli yer tutub. Şaman Ulgen və Erlik Allahları arasında vasitəçi idi. Onlar 19-cu əsrin ilk onilliklərində pravoslav missionerlər tərəfindən sürətlə xristianlaşdırılıblar. Amma şamanizm inancları bu günə kimi kumandinlilərin adət və ənənələrində qalmaqdadır. Əsas məşğuliyyətləri qışda kütləvi şəkildə ova getmək, heyvandarlıq, əkinçilik, balıqçılıq olub. Arıçılıq da kumandinlilərin məşğuliyyətində xüsusi yer tutub. Əsas geyimləri ağ kətan köynəklər və şalvarlar olub. Onun üstündən isə yun kəmərlə bağlanan uzun xalatlar geyiniblər. Qadınlar da uzun kətan köynək, şalvar və donlardan istifadə ediblər. Yayda ayaqqabı kimi dəridən tikilən çarıqlardan istifadə edilib. Əsas yeməkləri ət və bitki yağlarıdır. Ətdən hazırlanan və çörəyin arasına qoyulan urqe və koco, qızardılmış arpadan hazırlanan talkan kumandin yeməkləri arasında məşhurdur. Çay kimi isə vəhşi bitkilərin yarpaqlarından istifadə ediblər. Bundan əlavə, süddən hazırlanan alkoqollu içikdən, araqdan da kumandinlilər gen-bol istifadə edirlər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here