Kukla Teatrı xeyriyyə aksiyası keçirir

571

Daim yeni tamaşalar, maraqlı səhnə nümunələri ilə yanaşı sosial baxımdan vacib mövzulu layihələrə də imza atan A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı bu dəfə də maraqlı aksiyaya start verib.

Belə ki, teatr Qan Donorları Assosiasiyası İctimai Birliyi ilə birgə 5 fevral tarixində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən 8 fevral 2005-ci ildə imzalanmış “Talassemiyasız həyat naminə” layihəsinin 10 illik yubileyi münasibəti ilə eyniadlı xeyriyyə aksiyası keçirəcək.

Mədəniyyət və Turizm, Səhiyyə və Təhsil nazirliklərinin də dəstək verdiyi tədbirdə İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu (ETHTİ), B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutun Mərkəzi Qan Bankı, Azərbaycan Talassemiya Federasiyası, Azərbaycan Qızıl Aypara Cəmiyyəti (Az.QAC),  “Hematologiya İnkişafına Dəstək” İctimai Birliyi də təşkilatçı qurumlar qismində fəal iştirak edəcəklər.

Aksiyanın təşkilində məqsəd irsi qan xəstəlikləri, onların profilaktikası və ümumilikdə cəmiyyətin bu problemə diqqət yönəltməsini təmin etməkdir.

Azərbaycanın mədəniyyət və incəsənət ustalarının da iştirak edəcəyi xeyriyyə aksiyasında teatrın nəzdində fəaliyyət göstərən “Oyuq“ teatr-studiyasının balaca istedadlarının ifasında “Şah və onun xudpəsənd oğlu” adlı tamaşa nümayiş olunacaq, qonaq qismində iştirak edən talassemiyalı uşaqlara xatirə hədiyyələri təqdim olunacaq