Kübra bacının yadigarı

82

 

Xeyli vaxt idi ki, kəndimizin (Quba rayonunun Alpan kəndi) xəstəxanasının tarixi ilə bağlı müəyyən araşdırmalar da aparırdım. Kəndimizin sakini Əmirsultan Novruzovdan öyrəndim ki, hazırda kənd xəstəxanasının yerləşdiyi ərazi o zamanlar Elçibəyin babası Nəzir kişiyə məxsus olub. Orada xəstəxana müharibədən sonra inşa edilib. Amma o, dəqiq tarix göstərməkdə çətinlik çəkdi.

Kübra Fərəcova
Kübra Fərəcova

Atamın arxiv materialına əsasən qeyd edim ki, 1948-ci ildə kəndimizdə ilk xəstəxana binasının tikintisinə başlanılıb, bir il sonra isə istifadəyə verilib. Deyilənlərə görə, xəstəxana binası istifadəyə veriləndə o, 10 çarpayılıq (sonradan 25-ə çatdırılıb) olub. Yeri gəlmişkən onu da qeyd edim ki, bu faktı o zamanlar Alpan kənd sovetinin sədri vəzifəsində çalışmış Bayaz Şixseyidov da dövrü mətbuatlardan birinə verdiyi açıqlamasında təsdiq edib. Kəndimizin fəal müxbirlərindən biri olan Ömər Əhmədov isə bununla bağlı belə 1950-ci ilin may ayında belə yazırdı: “Kənddə yeni istifadəyə verilmiş xəstəxananın ətrafı hasarlanmış və burada istifadəsiz qalan hektar yarım sahə bellənib qaydaya salınmışdır. İndi həmin yerdə müxtəlif meyvə ağacları əkilmişdir”.

“Tərəqqi” medallı “Əməkdar həkim” Cabir İsrafil oğlu Məmmədov (ortada)
“Tərəqqi” medallı “Əməkdar həkim” Cabir İsrafil oğlu Məmmədov (ortada)

Bu yaxınlarda həmsöhbət olduğum “Tərəqqi” medallı “Əməkdar həkim” Cabir İsrafil oğlu Məmmədov isə bu məsələyə belə aydınlıq gətirdi: “Xəstəxanamız kəndimizdəki seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinə deputat seçilmiş, əslən Qubadan olan, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi, Azərbaycan SSR Səhiyyə naziri kimi mühüm vəzifələrdə çalışmış Kubra Fərəcovanın təşəbbüsü ilə inşa edilib. Elə buna görə də indi kəndimizin yaşlı sakinləri xəstəxana binasını “Kubra bacının yadigarı” adlandırırlar. O həmçinin qeyd etdi ki, bu xəstəxana ilə bağlı Alpan kənd sovetinin deputatı Müsənnif  Məmmədov 1966-cı ildə rayon qəzetində də çıxış edib: “Həmin yazıda müəllif həmçinin xəstəxananın təmirə ehtiyacı olduğunu da (bundan bir il öncə Məhəbbət (Rəsulov-Q.M.) müəllim də “Vəd verirlər, sonra isə…” yazısı da dərc olunmuşdu) bildirmişdi. M. Məmmədovun yazısı belə sona yetirdi: “Bəli, xəstəxanamızın ciddi təmirə ehtiyacı vardır. Bu isə əlaqədar təşkilatları heç də maraqlandırmır. Alpanlılar üzlərini həmin təşkilatların rəhbərlərinə tutub deyirlər:

-Kübra bacının yadigarını niyə dağıdırsınız?”

Səhv etmirəmsə, onda xəstəxananın müdiri, yəni baş həkimi S.Əliyev idi”. Qeyd edək ki, bu xəstəxanada baş həkim kimi çalışan ilk şəxs isə əslən Lənkəran zonasından olan Yusif Səfiyev olub.

Yeri gəlmişkən, tarixçi Zabit Babayevə istinadən bildirək ki, Kübra Fərəcova kəndimizdən Ali Sovetə seçilmiş deputat olub. (Səid Rustəmov, Bülbül, Zərifə Şükürova, Mikayıl Abdullayev, Ragif Xocayev kəndimizdən Ali Sovetə deputat seçiliblər).

Qvami Məhəbbətoğlu (Rəsulov)