“Kriminal verilişlər qayğılı olan insanlarımızı gərginləşdirir”

0
425

Müasir dövrü informasiyasız təsəvvür etmək olmur. Baş verən hadisələr, olaylar informasiyadır. Bu informasiyaların necə çatdırılması və cəmiyyətə təsiri ən vacib məqamlardan biridir. Azərbaycan cəmiyyəti KİV-lərdən müxtəlifməzmunlu informasiyalar alır. İnformasiyaların hər biri cəmiyyəti maraqlandırır və mövzusuna, aktuallığına görə müəyyən fikir formalaşdırır. Məsələn, ötən gün Yasamal rayonunda binanın damına çıxıb özünü yerə atan gənc xanımın intihar anının videosu gündəmi zəbt etdi. Yaşından asılı olmayaraq, əksəriyyət bu videonu ən azı internetdə məhdudiyyətsiz izlədi. Çox təəssüf ki, bu tip videolar çox vaxt telekanallarımızda yayımlanan kriminal xəbərlərdə də efirə verilir. Cəmiyyətimizdə kriminal verilişlərə maraq böyükdür. Lakin bu da bir reallıqdır ki, həmin verilişlər cəmiyyətə təsir edir, müəyyən fikirlər formalaşdırır. Son dövrlər reytinq xatirinə bir çox kriminal verilişlərdə açıq-saçıqlığa yol verilməsi, xəbərlərin daha dəhşətli formada təqdimatı isə birmənalı qarşılanmır. Mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrəndik.
“Uşaqları və yaşlı nəslin nümayəndələrini mütləq nəzərə almaq lazımdır”
Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsinin dossenti Mübariz Əhmədov “Zaman-Azərbaycan”a açıqlamasında dedi: “Əlbəttə, ayrı-ayrılıqda heç kim istəməz ki, onun ovqatını hansısa aldığı xəbər korlasın. Bu baxımdan kriminal verilişlərin cəmiyyətə təsiri, heç şübhəsiz ki, müəyyən mənada mənfidir. Ancaq nə etmək olar, xəbər xəbərdir, jurnalist istənilən xəbəri onun pozitiv və ya neqativliyindən asılı olmayaraq, cəmiyyətə çatdırmalıdır. Çünki biz nəzərə almalıyıq ki, hər kəsin informasiya almaq hüququ var. Kriminal verilişlərin cəmiyyətə mənfi təsirindən, qismən də olsa, qaçmaq üçün bu verilişlərin vaxtının və hədəf auditoriyasının düzgün seçilməsi çox vacibdir. Əgər bu verilişlərin efirə getmə vaxtı düzgün müəyyənləşdirilərsə, məncə, bu, cəmiyyətə psixoloji baxımdan bir o qədər də mənfi təsir etməz. Burada, əsasən, uşaqları və yaşlı nəslin nümayəndələrini mütləq nəzərə almaq lazımdır”.
Əsəbi zəif olan tamaşaçılara “xəbərdarlıq”…
Mübariz Əhmədovun sözlərinə görə, efirdə “mozaika”sız, açıq şəkildə göstərilən qan, açıq yaralar, üzüaçıq olan cəsədlər tamaşaçıların psixikasına çox mənfi təsir edir: “Belə kadrları göstərərkən mütləq əsəbi zəif olan tamaşaçılara “xəbərdarlıq” edilməlidir. Eyni zamanda jurnalist tərəfindən şübhəli şəxs qismində saxlanılan hər hansı bir adama verilən sualların “müstəntiqsayaq” olması da, tamaşaçının heysiyyətinə toxunan amillərdəndir.
“Müasir dövrü informasiyasız yaşamaq və ya təsəvvür etmək mümkün deyil. İnformasiyadan məhrum olmaq – bu, insanların fəzada, boşluqda qalmasına bənzər bir şey olar. Kriminal verilişlərdə də yetərincə informasiya olduğu üçün cəmiyyətin bu verilişlərə baxmaq istəyi və ya ehtiyacı olur. Çünki tamaşaçı belə verilişlərə baxarkən, informasiya aldığı kimi, həm də maariflənir”,-deyə qeyd edən müsahibimizin sözlərinə görə, ağıllı tamaşaçı kriminal hadisə törədən şəxsləri qınayır və onların son aqibətlərinin nəticəsindən özü üçün ibrət götürür: “O, kriminalı pisləyir və ondan uzaqda dayanmağa çalışır. Bu mənada KİV-in borcu birmənalı olaraq öz auditoriyasına xidmət etməkdir. Ancaq jurnalist belə verilişləri hazırlayarkən, şübhəsiz ki, heç kimə psixoloji zədə vurmamalı, mənfi təsir etməməli, jurnalist etikasında nəzərdə tutulan müəyyən qaydalara tam əməl etməlidir”.
“Verilişlərin formatına dəyişiklik etsələr”…
Həmsöhbətimiz dedi ki, cəmiyyətin bu verilişlərdən düzgün nəticə çıxarması üçün televiziyalar kriminal verilişlərin formatlarında müəyyən dəyişikliklər etməlidirlər: “Bu gün həm internet, həm də ənənəvi telekanallarımızda yetərincə kriminal verilişlər və bunların da müəyyən bir tamaşaçı kütləsi vardır. Əlbəttə, birdən-birə bu verilişlərə “cəmiyyətə mənfi təsir edir” deyə qadağalar qoyulması və ya hər hansısa bir səbəbdən bu verilişlərin dayandırılması real deyil. Ona görə də telekanallarımız bu boşluğun yaranmaması, eyni zamanda cəmiyyətin bu verilişlərdən düzgün nəticə çıxarması üçün verilişlərin formatına dəyişiklik etsələr, ən əsası isə jurnalistikanın etik norma və prinsiplərinə ciddi şəkildə riayət olunsa, bu daha yaxşı olar”.
“Hər kəsin diqqətini cəlb edir”
Kriminal verilişlərin psixoloji məqamları haqqında fikirlərini bizimlə bölüşən Qafqaz Universitetinin psixoloqu Hüseyn Xəlilovun isə məsələyə münasibəti belə oldu: “Kriminal verilişlər ümumi cəmiyyətə ünvanlanır və cəmiyyətdə bir qrup insanlar var ki, bu verilişlərdən örnək götürürlər. Özlərini cinayətkar, zərərçəkmiş yerində təsəvvür edirlər. Bu kimi halların pis sonluğu ola bilər. Cinayətlər, qəzalar təqdim edilən zaman həssas insanlar nəzərə alınmalıdır. Burada bir məqama da diqqət yetirmək lazımdır – kriminal verilişlər nə təqdim edir? Yeni nəsil formalaşır. Fikirləşmək lazımdır ki, formalaşmaqda olan nəslin psixikası necə yetkinləşəcək?
“Bu verilişlər necə təqdim olunmalıdır?” sualımıza psixoloq belə cavab verdi: “Günümüzdə bu tipli xəbərləri çox hay-küylü təqdim edirlər. Hər kəsin diqqətini cəlb edir, kriminal verilişlərin formatında dəyişikliklər edilməlidir. Yaradıcı heyət psixoloji tərəfləri fikirləşərək verilişləri hazırlayıb efirə çıxarmalı, maarifləndirici formatda təqdim etməlidir. Rezonans yaradacaq şəkildə verilməməlidir, çünki cəmiyyətimizin insanları qayğılıdır. İnsanlar maddi, mənəvi problemlərlə yetərincə psixoloji gərginlik keçirirlər. Gənclərin də bu tipli proqramların daimi tamaşaçısı olduğunu nəzərə alsaq, hadisələr qınanılacaq şəkildə təqdim edilməlidir. Kriminal xəbərlərin axşam saatlarında, bayram və istirahət günlərində hər kəsin istirahət vaxtında efirə verilməsi doğru deyil. Günorta saatlarında efirə verilməsi psixoloji baxımdan daha məqsədəuyğundur. İnsan iş prosesində olduğundan baş vermiş hadisələri iş prosesi zamanı unudur. Vaxtın düzgün seçilməsi, təqdimatın qaydalara uyğun olması bu kimi verilişlərin cəmiyyətə mənfi təsirini azaldar”.

Kənan Qədirli, Nərmin Haqverdiyeva